Yeni futbol mövsümü hələ başlamasa da, hansı komandaların daha iddialı olacağı, mükafatlar uğrunda mübarizə aparacağı bəllidi. Bunlar hazırda avrokuboklarda çıxış edən 4 komanda, eləcə də “Turan Tovuz”du. Hər biri müəyyən transferlər də həyata keçirib.
Bəs hansı komandanın bu rəqabətdə bir addım öndə olduğunu demək olar? Bu suala cavab tapmaq üçün menecer Emil Şükürovun fikrini öyrəndik:
“Hansısa kluba tam üstünlük vermək düzgün olmaz. “Sabah”ın “qızıl dubl”u Avropadakı uğuru ilə davam edir. Eynilə də “Qarabağ”. Hər iki klub avrokuboklarda qruplara qalsa, üç turnirdə mübarizə aparacaq. Bu da bizə ötən mövsüm bu klublar arasında gedən mübarizənin bir növ davamını izləməyə imkam verəcək. “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər. Ötən mövsüm avrokubokun qapısından geri qayıtmağa məcbur oldular. İnanıram ki, bu neqativ hal onları ruhdan salmayacaq, əksinə, “bir daha bunu edə bilərik” düşüncəsi ilə yanaşıb, adlarına layiq çıxış edəcəklər. “Zirə” ilə “Neftçi”ni isə eyni gücdə görürəm. “Qartallar” zirvəni hədəfləyirsə, mütləq büdcəsini artırmalı və “Sabah”, “Qarabağ” kimi klublarla artıq ayaqlaşmalıdı. “Neftçi”yə isə sabitlik və uğur arzulayıram. Görünən odu ki, komanda bu ilin qışına kimi istənilən qrafiklə çıxış etməsə, yayda köklü dəyişikliklər qaçılmazdı”.
İSRAYIL XEYRULLAYEV