3-cü oyun gününə Belqradda və Rotterdamda start verildi.
Tarixində ilk dəfə ÇL-ə ölkə çempionu statusunda qatılan “Bayer-04” ilk turda həqiqətən də çempiona yaraşan futbol sərgilədi. Doğma meydanda oynayan “Feyenoord” nə baş verdiyini anlamağa çalışana qədər 4 top buraxdı! Leverkuzenlilər liderləri – Virts, Qrimaldo və hesabına iki məhsuldar ötürmə yazan Frimponqun mükəmməl oyunu sayəsində intriqanı artıq ilk yarıda öldürdü. Amma bir qələbəyə görə “aspirinlər”i göylərə qaldırmağa dəyməz. Komandanın qrupda çətin oyunları hələ irəlidədi. Mövsümə uğursuz başlayan “Benfika” isə Bruno Lajenin baş məşqçi postuna gətirilməsindən və Kərəm Aktürkoğlunun transferindən sonra fərqli simaya büründü. Ötən həftəsonu yeni klubunda debüt oyununda qol vuran Kərəm ardıcıl 2-ci rəsmi matçda da fərqlənməyi bacardı. Elə Orkun Kökçü də Türkiyə yığmasındakı komanda yoldaşından geri qalmadığını göstərərək çox keçmədən cərimə zərbəsindən mükəmməl qol vurdu. Məhz bu qollar sayəsində “Benfika” çətin Belqrad səfərindən zəfərlə dönərək qrupa 3 xalla başladı. “Srvena”nın gücü yalnız təsəlli qolunu vurmağa çatdı.
Günün əsas sürprizi “II Lui” stadionunda qeydə alındı. La Liqada rəqib tanımayan və mövsümə ardıcıl 5 qələbə ilə başlayan “Barselona” ilk ciddi sınaqdaca büdrədi. “Monako” ilə səfər oyunu elə ilk dəqiqələrdən Kataloniya nəhəngi üçün uğursuz alındı. 10-cu dəqiqə tamamlanmamış Ter Ştegen ilə Erik Qarsiya arasında anlaşmazlıq komandaya baha başa gəldi. Qarsiya Ter Ştegendən ötürməni qəbul etmək istəyərkən araya girən Minaminonu yerə sərdiyi üçün birbaşa qırmızı vərəqə aldı. Bu azmış kimi, cəmi 6 dəqiqə sonra “knyazlar” hesabda önə keçdilər. Düzdü, “Barsa”nın parlayan ulduzu Yamal hələ fasiləyə qədər hesabı bərabərləşdirdi. Amma Flikin komandası 2-ci hissədə heç bərabərliyi də qoruya bilmədi. Gənc İlenihena “Monako”ya qələbə qazandırdı. Fransanın digər təmsilçisi “Brest” üçün də ilk tur uğurlu alındı. Ötən mövsümü Liqa-1-də 3-cü pillədə bitirməklə tarixində ilk dəfə ÇL-də oynamaq haqqı qazanan Erik Ruanın komandası fanatlarını sevindirdi. Baxmayaraq ki, komanda daxili çempionatda mövsümə çox uğursuz başlayaraq ilk 4 turun 3-də məğlub olub. Hesabda geri düşən “Şturm” fasilə ərəfəsində bərabərliyi təmin etsə də, 2-ci hissədə buraxdığı qolla məğlubiyyətlə barışmalı oldu.
Dieqo Simeonenin “Atletiko”su yenə döyüşkən xarakterini nümayiş etdirdi. “Leyptsiq”i qəbul edən Madrid təmsilçisi artıq 4-cü dəqiqədə hesabda geri düşməsinə baxmayaraq, təslim olmadı. Son vaxtlar məhsuldarlığı aşağı düşdüyünə görə sərt tənqid olunan Qrizmann hissənin ortalarında işlək olmayan sağ ayağı ilə baxımlı qol vurdu. “Hindular”ın fasilədən sonra aramsız hücumları və bitmək bilməyən təzyiqi, nəhayət, 90-cı dəqiqədə bəhrəsini verdi. Qrizmann bu dəfə assistent rolunda çıxış etdi və onun asmasını Ximenes başla qola çevirdi. Gözlənildiyi kimi, “Arsenal” üçün Berqamo səfəri heç də asan keçmədi. Düzdü, oyunun əvvəllərində London nəhəngi daha inamlı və istəkli görünürdü. Karnesekki bir-iki dəfə ciddi şəkildə oyuna qoşulmalı oldu. Amma hissənin ortalarından etibarən “Arsenal” geri çəkilərək nəticəyə oynamağa başladı. Belə futbol komandaya baha başa gələ bilərdi. İkinci hissənin əvvəllərində Partinin Edersona qarşı kobudluğundan sonra hakim qonaqların qapısına penalti təyin etdi. Rayyanın özünü göstərməsi üçün bundan gözəl fürsət ola bilməzdi və o, “çərçivə”də xarüqələr yaratdı. İspaniyalı qapıçı Reteginin zərbəsi zamanı istiqaməti düzgün müəyyənləşdirərək topun qarşısını kəsdi. Amma qayıdan top bir qədər yüksəyə qalxaraq yenə Argentina əsilli italiyalı forvardın önünə düşdü. Bu dəfə isə düşünmək olardı ki, “Arsenal”ı qoldan artıq heç kim və heç nə xilas edə bilməyəcək. Çünki qapının böyük hissəsi boş qalmışdı. Amma Rayya cəld ayağa qalxaraq başla vurulan ikinci zərbəni də xəttin üstündən qaytardı. Bu inanılmaz epizod matçın və hətta ilk turun bəzəyinə çevrildi. Oyundan sonra Arteta da bu epizodu həyatında gördüyü ən mükəmməl seyvlərdən biri adlandırdı. İşin ən qəribə tərəfi odu ki, UEFA Rayyanı yox, “Atalanta”lı Edersonu matçın ən yaxşı oyunçusu seçdi. Qalan müddətdə də hesab açılmayınca “Arsenal” qazandığı 1 xala şükür etməli oldu.
Feyenoord – Bayer-04 0:4 (0:4)
Feyenoord (Rotterdam, Niderland): Vellenroyter, Lotomba (Hac Mussa, 61), Trauner (Mitçell, 71), Beelen, Hantsko, Hvan İn Bom, Zerruki (Smal, 46), K.Timber, Milambo (Nadce, 71), Payşao (Ueda, 61), Ximenes.
Bayer-04: Qradetski, Frimponq, Tapsoba, Ta, İnkapye, Qrimaldo (Belosyan, 80), Andrix, Caka (Palasios, 80), Terrye (Adli, 71), Virts (A.Qarsiya, 71), Bonifeys (Şik, 62).
Qollar: Virts, 5 (0:1). Qrimaldo, 30 (0:2). Virts, 36 (0:3). Vellenroyter, 45-öz qapısına (0:4).
Vərəqə: Trauner, 44 – sarı.
Hakim: Davide Massa (İtaliya).
19 sentyabr. Rotterdam. 42297 tamaşaçı.
Srvena Zvezda – Benfika 1:2 (0:2)
Srvena Zvezda (Belqrad, Serbiya): Qlazer, Mimoviç (Qomes, 26), Ciqa, Spayiç, Seol Yun Vo, Kruniç (İliç, 82), Elsnik, Silas, İvaniç, Olayinka (Milson, 71), Duarte (Ndiaye, 71).
Benfika (Lissabon, Portuqaliya): Trubin, Bah (Kabore, 37), Silva, Otamendi, Fernandes, Luiş, Orkun Kökçü (Barreyro, 88), Di Mariya (Beste, 88), Rollhayzer (Orsnes, 56), Kərəm Aktürkoğlu, Pavlidis (Amduni, 88).
Qollar: K.Aktürkoğlu, 9 (0:1). Orkun Kökçü, 29 (0:2). Milson, 86 (1:2).
Vərəqələr: Silas, 25. Fernandes, 52. Kabore, 64. Orsnes, 77. Seol Vun Yo, 90+4 – sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
19 sentyabr. Belqrad. 44238 tamaşaçı.
Atletiko – Leyptsiq 2:1 (1:1)
Atletiko (Madrid, İspaniya): Oblak, Lyorente, Le Norman, Ximenes, Reynildo, Rikelme (Lino, 63), Koke, De Paul (Qallaxer, 63), Qrizmann (Vitsel, 90), Korrea (Molina, 66), Alvares (Sörlot, 63).
Leyptsiq (Almaniya): Qulaçi, Henrixs (Qeertruyda, 69), Orban, Lukeba, Raum, A.Aydara, Vermeeren (Zayvald, 60), Nusa (Baumqartner, 46), Simons (Elmas, 83), Şeşko (Poulsen, 69), Openda.
Qollar: Şeşko, 4 (0:1). Qrizmann, 28 (1:1). Ximenes, 90 (2:1).
Vərəqələr: Le Norman, 10. Lukeba, 39. Baumqartner, 49. De Paul, 60. Ximenes, 60. Henrixs, 64. Openda, 90+4 – sarı.
Hakim: İvan Krujlyak (Slovakiya).
19 sentyabr. Madrid. 57856 tamaşaçı.
Monako – Barselona 2:1 (1:1)
Monako (Fransa): Kön, Vanderson (Mavissa, 88), Kerer, Salisu, Sinqo, Zəkəriyə, L.Kamara (Qolovin, 46), Akliuş, Minamino (Enriko, 69), Ben Seqir (Baloqun, 69), Embolo (İlenihena, 59).
Barselona: (İspaniya): Ter Ştegen, Kunde, Kubarsi (Dominges, 80), Martines, Balde (Fati, 88), Kasadi, E.Qarsiya, Yamal (Torres, 80), Pedri (Torre, 83), Rafinya, Levandovski (Martin, 80).
Qollar: Akliuş, 16 (1:0). Yamal, 28 (1:1). İlenihena, 71 (2:1).
Vərəqələr: Ben Saqir, 30. Kamara, 36. Martines, 75. Balde, 85. Kasado, 85. Zəkəriyə, 90+2. Baloqun, 90+6 – sarı. E.Qarsiya, 10 – qırmızı.
Hakim: Allard Lindhaut (Niderland).
19 sentyabr. Monako. 13296 tamaşaçı.
Brest – Şturm 2:1 (1:1)
Brest (Fransa): Bizot, Lala, Şardonne, Kulibali, Amavi (M.Aydara, 84), M.Kamara (Martin, 71), Fernandeş (Dumbiya, 71), Manyetti, Fevr (Del Kastilyo, 62), Sima (Pereyra Laqe, 84), Ajork.
Şturm (Qrats, Avstriya): Sherpen, Qazibeqoviç, Ayvu, Vütrix (Conston, 10), Lavale, Horvat (Yalkuye, 46), Qorents Stankoviç, Kiteişvili (A.Kamara, 78), Bevinq, Yatta (Zvonarek, 60), Biret (Ərəncan Yardımcı, 78).
Qollar: Manyetti, 23 (1:0). Fernandeş, 45+1-öz qapısına (1:1). Sima, 56 (2:1).
Vərəqələr: Horvat, 21. Conston, 22. Sima, 36. Lavale, 40. Qorents Stankoviç, 59. M.Kamara, 64. Qazibeqoviç, 83. Ajork, 85 – sarı. Lavale, 89 – qırmızı (ikinci sarı).
Hakim: Nikolas Uolş (Şotlandiya).
19 sentyabr. Genqam. 14518 tamaşaçı.
Atalanta – Arsenal 0:0
Atalanta (Berqamo, İtaliya): Karnesekki, Zappakosta (Bellanova, 70), Cimşiti, Hin, Kolaşinats, Rucceri (Paşaliç, 89), De Roon, Ederson, De Ketelare (Kuadrado, 60), Lukman (Samardziç, 89), Retegi (Zanyolo, 70).
Arsenal (London, İngiltərə): Rayya, Uayt, Saliba, Qabriel, Y.Timber (Kalafyori, 73), Rays, Parti (Jorjinyo, 58), Haverts, Saka (Sterlinq, 73), Martinelli, Jezus (Trossar, 58).
Retegi 51-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqə: Ederson, 12 – sarı.
Hakim: Kleman Türpen (Fransa).
19 sentyabr. Berqamo. 22858 tamaşaçı.
Bombardir: Keyn (Bavariya) – 4.
Faktlar
* “Bayer-04” ÇL-də ilk dəfə səfər oyununda 4 top vurdu.
* “Bayer-04”ün Niderland klublarına qarşı məğlubiyyətsiz seriyası 7 oyuna yüksəldi (4 qələbə, 3 heç-heçə).
* Virts ÇL-də debüt oyununda dubl edən ilk almaniyalı futbolçu oldu.
* 10-cu dəqiqədə qırmızı vərəqə alan Erik Qarsiya “Barselona”nın heyətində ÇL-də meydandan ən erkən qovulan futbolçudu.
* “Barselona” ÇL-də keçirdiyi son 26-cı oyunda 12-ci məğlubiyyətlə üzləşdi. Halbuki komanda bu dönəmdən öncə keçirdiyi 79 oyunun yalnız 13-də uduzmuşdu!
* 17 yaş 68 günlüyündə fərqlənən Yamal ÇL tarixində Ansu Fatidən (17 yaş 40 gün) sonra qol vuran ən gənc futbolçuya çevrildi.
* Yamal “Barsa”nın heyətində ÇL-də 21 yaşdan aşağı qol vuran ümumilikdə 13-cü futbolçudu. “Barsa” bu göstəricidə yalnız “Ayaks”dan (14) geri qalır.
* Rayya oyunsonrası penaltilər də daxil olmaqla “Arsenal”ın heyətində son 8 penaltidən 4-nü dəf etməyi bacarıb.
* Di Mariya ÇL-də 107-ci oyunda hesabına 36-cı məhsuldar ötürməni yazdı və Devid Bekhemə çatdı. İndi Di Mariya bu turnirdə məhsuldar ötürmələr baxımından yalnız Lionel Messi (39), Kriştiano Ronaldo (40) və Rayan Giqqzdan (41) geri qalır.
* “Atletiko” tarixində ilk dəfə ÇL-də evdə 6 oyunluq qələbə seriyası yaxaladı.
* Kərəm Aktürkoğlu - Orkun Kökçü cütlüyü adını tarixə yazdırdı. Belə ki, indiyə qədər ÇL-də yad ölkənin klubunun heyətində bir oyunda iki türkiyəli futbolçunun qol vurmasına rast gəlinməmişdi!
* “Brest” XXI əsrdə ÇL-də debüt oyununda qalb gələn ilk Fransa təmsilçisi oldu. Buna qədər bu turnirdəki debütündə “Lill” 2001-də və “Monpelye” 2012-də uduzmuşdusa, “Renn” 2020-də bərabərliklə kifayətlənmişdi.
* 18 yaş 34 günlüyündə fərqlənəın Corc İlenihena Kilian Mbappeyə məxsus rekordu (18 yaş 63 gün) yeniləyərək “Monako” tarixində ÇL-də qol vuran ən gənc futbolçu oldu.
Oyundan sonra
Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi: