“Xəzər Lənkəran”ın sabiq oyunçularından Zaur Ramazanovla Alim Qurbanovun, eləcə də Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin Türkiyədə “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovla görüşündən xəbərdarsız.
Bəllidi ki, Mübariz bəy “Xəzər Lənkəran”ın fəaliyyətini bərpa etmək niyyətindədi. Sadəcə, bunun üçün Zaur bəy AFFA-nın binasına yollanmalı, bu məsələni rəhbər şəxslərlə müzakirə etməlidi.
Veteran futbolçu iyunun 12-də saytımıza verdiyi açıqlamada görüşün hələ baş tutmadığını bildirmişdi. Son durumla bağlı bilgi almaq məqsədilə yenə Zaur bəylə əlaqə saxladıq. O, “Football-plus.az”a açıqlamasında şəxsi işlərin çoxluğu üzündən hələ də AFFA-nın binasına yollana bilmədiyini dedi.
Hər halda, bizə görüşün tezliklə baş tutacağına ümid etmək qalır. Vaxt daralır, tələsmək lazımdı. Mübariz bəy AFFA-dan xəbər, Zaur Ramazanovdan isə xərclər smetasını hazırlamağı gözləyir. Yoxsa bu da qeyri-ciddi məsələdi?
KƏNAN BAHADIR