“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama

24.06.2026 15:20 57
Ölkə futbolu / Aktual
Mövsüm bitəndən sonra baş məşqçisiz qalan premyer-liqa klublarının sayı azalmağa davam edir. Ona görə ki, artıq “Araz-Naxçıvan”ı Cavid Hüseynovun, “Kəpəz”i Azər Məmmədovun çalışdıracağı bəllidi. Düzdü, “İmişli”nin də Jorj Kaşkilya ilə yolları ayıracağı gözlənilir. Ancaq klub hələ bununla bağlı rəsmi məlumat yaymayıb. “Sumqayıt”a gəlincə, burdan ayrılan Saşa İliç özünə yeni iş yeri tapsa da (hazırda Serbiya “Partizan”ını çalışdırır – red.), “kimyaçılar” hələ yeni mütəxəssislə anlaşa bilməyib.

Bunun səbəbini və təyinatın nə vaxt ictimaiyyətə açıqlanacağını öyrənmək üçün “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Hazırda həm baş məşqçi, həm yay təlim-məşq toplanışı, həm də yoxlama oyunundakı rəqiblərlə bağlı hansısa yenilik yoxdu. Klub rəhbərliyi bu məsələlərin həlli yönündə çalışmaları davam etdirir. Dəqiq məlum olacağı təqdirdə ictimaiyyətə elan olunacaq”.

KƏNAN BAHADIR