İlk turun ən erkən başlayan iki oyunundan birində “Yuventus” PSV-ni qəbul etdi. Qonaqlar ilk dəqiqələrdə daha inamlı təsir bağışladı, topa nəzarət etdi və qil vəziyyətləri yaratdı. Ledesmanın cərimə meydançasının mərkəzinə ötürməsindən sonra Til qapıya zərbə vursa da, “çərçivə”yə düşmədi. Yəqin hadisələrin belə axarı Mottanın planının bir hissəsiymiş – turinlilər rəqibi özünə çəkib, qısa müddət ərzində iki qol vurdu. 21-ci dəqiqədə Kənan Yıldız topu qapının uzaq yuxarı küncünə göndərdi. Makkenni 27-ci dəqiqədə fərqi artırdı. 2-ci hissənin əvvəlində isə Vlahoviçin ötürməsindən yararlanan Qonsales 3-cü qolu vurdu. PSV yalnız uzatma dəqiqələrində təsəlli qoluna sevindi.
“Aston Villa” azarkeşləri 4 onillik ərzində bu komandanın qitənin əsas turnirinə dönüşünü gözlədi. Və Emerinin komandası ilk turda səfərdə “Yanq Boyz”u darmadağın etməklə onları sevindirdi. Birmingemlilər rəqibə heç bir şans vermədi, hərçənd ilk yarıya baxanda oyunun qonaqların böyükhesablı qələbəsi ilə bitəcəyini güman etmək çətin idi. Meydan sahibləri arabir yaxşı kombinasiyalar qurur, ancaq imkanlardan yararla bilmirdi. Əvəzində “Aston Villa” fasiləyə qədər iki qol vurdu. 27-ci dəqiqədə Tilemans, 38-ci dəqiqədə isə Remzi fərqləndi. Fasilədən sonra oyun “Aston Villa”nın tam diqtəsi altında keçdi. Sona 4 dəqiqə qalmış Onana uzaq məsafədən qarşısıalınmaz zərbə vurdu. Belə görünür ki, Emerinin komandası top-24-ə düşməyə iddialıdı. “Yanq Boyz”un ÇL perspektivi isə dumanlıdı.
“Milan” – “Liverpul” oyunu bəlli tarixi ənənəyə görə maraqla gözlənilirdi. Təsadüfi erkən qol olmasaydı, oyun çox sönük keçəcəkdi. Artıq 3-cü dəqiqədə hesabı açan Pulişiç oyuna intriqa qatdı. Sadəcə, “Milan” təşəbbüsü çox tez əldən verdi, “Liverpul”un artan təzyiqi isə cavab qolunun zaman məsələsi olduğunu göstərirdi. Qonaqların hissənin ortalarında və sonunda iki oxşar qol vurması tam məntiqli idi. 2-ci hissədə “Milan”ın cavab reaksiyasını gözləməyə dəyərdi. Ancaq meydan sahibləri fasilədən sonra da irəlidə fəallaşmadı. Onlar hissənin ortalarında 3-cü qolu da buraxdı. Əslində hesab arasındakı fərq daha böyük olmalıydı. Sadəcə, qonaqlar sanki rəqibi “bağışladı”. Bu oyun “Milan”ın tam iflası idi.
Hesab “Real”ın inamlı qələbəsindən xəbər versə də, “Ştutqart” da çox yaxşı təsir bağışladı. Xüsusən də oyunun əvvəlində Kurtua dəfələrlə komandasını xilas etdi, Miyo hətta təkbətəkdən də yararlana bilmədi. “Real” tədricən özünə gəlməyə başladı. Komandalar fasiləyə qolsuz yollandı, yeri gəlmişkən, VAR qonaqların qapısına təyin olunan penaltini də ləğv etdi. Amma 2-ci hissə başlayan kimi madridlilər hesabı açdı. Çuameni Rodriqoya uzun diaqonal ötürmə verdi, o isə Mbappeni zərbə mövqeyinə çıxardı. Ardından “Real” daha yaxşı oynasa da, hissənin ortalarında Levelinqin künc zərbəsindən asmasından sonra Undav hesabı bərabərləşdirdi. Sonda yenə səviyyə fərqi və ehtiyatda qalan oyunçuların bacarığı özünü göstərdi. Sonradan meydana çıxan Modriç künc zərbəsini ustlıqla yerinə yetirdi və Rüdiger komandasını irəli çıxardı. Hərçənd bu epizodda ilk növbədə Nübelin topa çıxarkən inamsız oynamasını vurğulamaq lazımdı. Uzatma dəqiqələrində isə sonradan meydana çıxan daha bir futbolçu – Endrik sürətli əks-hücum zamanı artıq ləngərləyən Nübeli növbəti dəfə cəzalandırdı. “Real” inamlı qələbə qazansa da, bu komandanın oyunu ilə bağlı müəyyən suallar var – həm hücumda, həm də müdafiədə. “Ştutqart” isə top-klubla oyunda yaxşı dərs aldı. Hər nə qədər yaxşı oyun göstərsən də, əsas tablodakı hesabdı!
“Qarabağ”ın ÇL-in əsas mərhələsinə yolunu bağlayan “Dinamo”nun “Bavariya” ilə səfər oyununda necə təsir bağışlayacağı maraq doğururdu. Kompaninin yenilənmiş komandası artıq ilk yarıda üç cavabsız qol vuranda hər kəs, təbii ki, oyunun taleyinin həll olunduğunu düşündü. Ancaq münhenlilər fasilədən sonra iki dəqiqə ərzində iki top buraxdı. Sadəcə, bundan sonra əməlli-başlı “kötəkləmə” başladı. “Bavariya” bir-birinin ardınca 6 qol vurdu. Azərbaycanlı azarkeşlər zaqreblilərin belə acınacaqlı durumuna görə yəqin bir qədər sevindilər... Yeri gəlmişkən, “Dinamo”nun baş məşqçisi Sergey Yakiroviç oyundan sonra istefaya göndərildi.
Çərşənbə axşamının daha bir qalibi “Sportinq”di. Portuqaliya çempionu “Lill”i 2:0 hesabıyla məğlub etdi. “Şimallı itlər” ilk yarıda bəzi bölümlərdə meydan sahiblərindən daha yaxşı göründü. Yalnız ilk yarının sonunda meydan sahibləri “Lill”in müdafiəsində zəif yerlər tapmağa başladı. Dyökereşin hesabı açmasının ardından Qomesin məhz ona qarşı kobudluğa görə meydandan qovulması “Lill”i hədsiz çətin duruma saldı. Təbii ki, belədə “Sportinq”in 2-ci qolu vurması çətin olmadı. Bu komanda bütün turnirlərdə ardıcıl 6-cı qələbəsini qazandısa, “Lill” ardıcıl 4-cü oyunda uduzdu. Bu gedişlə Bruno Jenezionun baş məşqçi postunu qoruması çətin olacaq.
Yuventus – PSV 3:1 (2:0)
Yuventus (Turin, İtaliya): Di Qreqorio, Kalulu, Qatti (Danilo, 57), Bremer, Kambyaso, Lokatelli (Türam, 57), Makkenni (Luis, 75), Qonsales (Vea, 69), Koopmeyners, Yıldız (Facoli, 69), Vlahoviç.
PSV (Eyndhoven, Niderland): Drommel, Ledesma (Naqalo, 86), Flaminqo, Boskalyi, Dams (Junior, 76), Shauten, Verman (Saybari, 62), Til (Lanq, 62), Bakayoko, L.de Yonq (Pepi, 76), Tillman.
Qollar: Yıldız, 21 (1:0). Makkenni, 27 (2:0). Qonsales, 52 (3:0). Saybari, 90+3 (3:1).
Vərəqə: yoxdu.
Hakim: Alexandro Ernandes (İspaniya).
17 sentyabr. Turin. 40417 tamaşaçı.
Yanq Boyz – Aston Villa 0:3 (0:2)
Yanq Boyz (Bern, İsveçrə): Fon Ballmoos, Atekame, Kamara, Zukru, Acam (Konte, 63), Nyasse (Elia, 46), Lauper, Monteyro (Mal, 83), Uqriniç, Kolli (Virjinyus, 63), Qanvula (İtten, 83).
Aston Villa (Birmingem, İngiltərə): Martines, Boqard (Karlos, 46), Konsa, Torres, Din (Barkli, 87), Onana, Tilemans (Maatsen, 87), Makqinn, Rocers, Remzi (Buendia, 87), Uotkins (Duran, 60).
Qollar: Tilemans, 27 (0:1). Remzi, 38 (0:2). Onana, 86 (0:3).
Vərəqələr: Nyasse, 33. Lauper, 46. Elia, 53. Monteyro, 79. Duran, 79 – sarı.
Hakim: Georgi Kabakov (Bolqarıstan).
17 sentyabr. Bern. 31500 tamaşaçı.
Milan – Liverpul 1:3 (1:2)
Milan (İtaliya): Menyan (Torriani, 51), Kalabriya (Emerson, 69), Tomori (Qabbya, 84), Pavloviç, T.Ernandes, Fofana, Loftus-Çik (Abraham, 69), Pulişiç, Reyncers, Leao, Morata (Okafor, 84).
Liverpul (İngiltərə): Alisson, Aleksander-Arnold (Qomes, 79), Konate, Van Diyk, Simikas, Qravenberx, Makallister (Endo, 90+2), Salah (Kyeza, 90+2), Soboslai, Qakpo (Dias, 68), Jota (Nunyes, 68).
Qollar: Pulişiç, 3 (1:0). Konate, 23 (1:1). Van Diyk, 41 (1:2). Soboslai, 67 (1:3).
Vərəqələr: Kalabriya, 22. Fofana, 31. Makallister, 53. Konate, 80 – sarı.
Hakim: Espen Eskos (Norveç).
17 sentyabr. Milan. 59826 tamaşaçı.
Real – Ştutqart 3:1 (0:0)
Real (Madrid, İspaniya): Kurtua, Vaskes (Militao, 46), Karvaxal, Rüdiger, Mendi (F.Qarsiya, 75), Çuameni (Modriç, 70), Valverde, Bellingem (Endrik, 80), Rodriqo (Arda, 75), Mbappe, Vinisius.
Ştutqart (Almaniya): Nübel, Vaqnoman (Çeyz, 63), Ruo (Zaqadu, 89), Şabo, Mittelştadt, Miyo (Dəmiroviç, 75), Ştiller, Karazor, Levelinq, Undav (Ture, 75), Fürix (Rider, 63).
Qollar: Mbappe, 46 (1:0). Undav, 68 (1:1). Rüdiger, 83 (2:1). Endrik, 90+5 (3:1).
Vərəqələr: Vaskes, 23. Mittelştadt, 30. Valverde, 78. Militao, 80. Modriç, 90+5 – sarı.
Hakim: Xəlil Umut Mələr (Türkiyə).
17 sentyabr. Madrid. 71288 tamaşaçı.
Bavariya – Dinamo 9:2 (3:0)
Bavariya (Münhen, Almaniya): Noyer (Ulrayx, 46), Kimmix, Upamekano, Kim Min Ce (Dayer, 68), Devis, Pavloviç, Gerreyro (Qoretska, 81), Olise (Sane, 68), Musiala (Müller, 68), Qnabri, Keyn.
Dinamo (Zaqreb, Xorvatiya): Nevistiç, Pyer-Qabriel (Şpikiç, 73), Ristovski, Teofil-Katrin, Mmae, Oqivara (Hoca, 73), Roq (Stoykoviç, 46), Mişiç, Baturina (Ademi, 78), Pyatsa (Kulenoviç, 62), Petkoviç.
Qollar: Keyn, 19-p. (1:0). Gerreyro, 33 (2:0). Olise, 38 (3:0). Petkoviç, 49 (3:1). Oqivara, 50 (3:2). Keyn, 57 (4:2). Olise, 61 (5:2). Keyn, 73-p. (6:2). Keyn, 78-p. (7:2). Sane, 85 (8:2). Qoretska, 90+2 (9:2).
Vərəqə: Ristovski, 77 – sarı.
Hakim: Xuan Martines (İspaniya).
17 sentyabr. Münhen. 75000 tamaşaçı.
Sportinq – Lill 2:0 (1:0)
Sportinq (Lissabon, Portuqaliya): İsrael, Debast, Diomande, İnasio (Reys, 13), Kenda (Arauxo, 73), Yulmann, Morita (Braqansa, 46), Katamo, Trinkan (Harder, 88), Qonsalveş, Dyökereş.
Lill (Fransa): Şevalye, Menye (Santuş, 64), Diakite, Mandi (Buaddi, 64), Aleksandro, Bakker (Qudmundsson, 82), Jeqrova, Andrade, Qomes, Sahraui (Kabella, 71), Devid (Fernandes-Pardo, 64).
Qollar: Dyökereş, 38 (1:0). Debast, 65 (2:0).
Vərəqələr: Qomes, 21. Devid, 40. Morita, 45+1. Andre, 56. Buaddi, 72. Debast, 86 – sarı. Qomes, 40 – qırmızı (ikinci sarı).
Hakim: Donatas Rumşas (Litva).
17 sentyabr. Lissabon. 40024 tamaşaçı.
Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Belə stadionda doğum günündə qələbə qazanmaq əla nəticədi. Oyunun 5-ci dəqiqəsində mən belə deməzdim, ancaq sonda hər şey yaxşı oldu. Topa necə yaxşı nəzarət etdiyimizi göstərdik. Təkcə aqressiv pressinqi yox, meydanın dərinliklərindən hücum etməyi də xoşlayırıq”.
Paulu Fonseka, “Milan”ın baş məşqçisi:
“Oyuna yaxşı başlasaq da, standart vəziyyətdən buraxdığımız iki qol hər şeyi dəyişdi. Belə oyunlarda bu qədər çox səhvə yol vermək olmaz”.
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:
“Yaxşı oyun oldu. Komandam məmnunluq duydu, azarkeşlər də oyundan ləzzət aldı. Xüsusi gecə idi. Uşaqlara görə sevinirəm. Görmək istədiyimi gördüm”.
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Komanda hələ optimal forma yığmayıb. Düşünürəm ki, biz hələ özümüzü axtarırıq. Hazırda hər şey yaxşı gedir. Ancaq oyuna yaxşı başlamadıq. Rəqib pressinq etdi, dəfələrlə təkbətək mübarizələri qazandı. Ancaq enində-sonunda vacib qələbə qazandıq”.
Sebastyan Höness, “Ştutqart”ın baş məşqçisi:
“Əlbəttə, nəticəyə görə məyusuq, ancaq qürur duymalı olduğumuz məqamlar da var. Oyunun nəzarətimiz altında olduğuna ciddi şəkildə inanmağa başladığımız anda bizə qol vurduqlar. Topa yaxşı nəzarət etsək də, “Real” qol vurdu. Hər iki qapının önündə çoxlu qol vəziyyətinin olduğu cəlbedici oyun alındı”.
Tyaqo Motta, “Yuventus”un baş məşqçisi:
“Turnirə qələbə ilə başlamaq xoşdu, ancaq oyunumuzda hələ çox şeyi yaxşılaşdırmalıyıq. PSV bu gün bizə çoxlu problem yaratdı. Topla daha yaxşı oynaya biləcəyimizə əminəm. Hər halda, nəticədən razıyam, vacib qələbə qazandıq”.
Faktlar
* “Bavariya” “Dinamo”nun qapısından 9 top keçirdi. Bu, bir komandanın ÇL oyununda ən çox qol vurması (1992-ci ildən bəri, təsnifat mərhələləri nəzərə alınmadan) ilə bağlı rekorddu. Münhen nəhəngi 1972-ci ildə Çempionlar Kubokunda “Omoniya”nı da eyni şəkildə cəzalandırmışdı (9:0). “Bavariya” ilə “Dinamo”nun ÇL-in ümumi məhsuldarlıq rekordunu təkrarlaması üçün cəmi 1 qol çatmadı. ÇL-in 2016/17 mövsümündə Dortmund “Borussiya”sı “Legiya”nı darmadağın etmişdi (8:4). ÇL-də daha bir dəfə 11 qol vurulub. 2003-cü ilin noyabrında “Monako” “Deportivo”dan üstün olub (8:3).
* “Bavariya”nın ingiltərəli hücumçusu Keyn bu oyunda poker etməklə 1991-ci ildə eyni uğura nail olan “Arsenal”ın forvardı Alan Smitin nəticəsini təkrarladı. O vaxt bəri ingilis futbolçulardan heç biri poker edə bilmirdi. Keyn həmçinin bu ölkədən olan futbolçuların ÇL-də qol sayına görə rekordunu yenilədi. Ueyn Runi 30 qol vurubsa, Keyn artıq qol sayını 33-ə çatdırdı. Bu göstəricidə 3-cü yerdə 27 qol vuran Rahim Sterlinq qərarlaşıb. Keyn ÇL tarixinə həmçinin bir oyunda penaltidən üç qol vuran ilk futbolçu kimi düşdü.
* Olise Tyerri Anridən (1997) sonra ÇL-də debütündə dubl edən ilk fransalı futbolçu oldu.
* Müller ÇL-də bir komandanın heyətində keçirilən oyun sayına görə rekordu oldu. 35 yaşlı yarımmüdafiəçi bu turnirdə 152-ci dəfə “Bavariya”nın formasını geydi. Tomas “Barselona” ilə ÇL-də 151 oyuna çıxan Xavinin rekordunu yenilədi.
* “Ştutqart”ın qapısından 3-cü qolu keçirən Endrik “Real” üçün ÇL-də yeni rekord müəyyənləşdirdi. Braziliyalı 18 yaş 53 günlüyündə fərqlənməklə Raulun 1995-ci ildə “Ferentsvaroş”la oyunda müəyyənləşdirdiyi rekordu (18 yaş 113 gün) yenilədi.
* “Real” məğlubiyyətsiz oyunlar seriyasını 33-ə çatdırdı. Madridlilər sonuncu dəfə yanvarda kubok oyununda “Atletiko”ya uduzub (2:4).
* Kənan Yıldız “Yuventus”un tarixinə ÇL-də qol vuran ən gənc futbolçu (19 yaş 136 gün) düşdü. Türkiyəli yarımmüdafiəçi 1995-ci ildə 20 yaş 308 günlüyündə fərqlənən Alessandro Del Pyeronun rekordunu yenilədi.





