Hədəf avrokuboklara vəsiqə qazanmaq olsa da, mövsümü 6-cı yerdə bitirən “Araz-Naxçıvan” yeni mövsümə hazırlığı davam etdirir.
Məlum olduğu kimi, “qırmızı-ağlar” yerli futbolçulardan Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə və Coşqun Diniyevlə, legionerlərdən isə Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriges, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə vidalaşmışdı. Düzdü, komanda indiyə qədər Slavik Alxasov, Ömər Buludov, Tərlan Əhmədli, Ülvi İsgəndərov və İbrahim Piriyevlə müqavilənin müddətini uzadıb və 1 yerli, 3 əcnəbi futbolçu transfer eib. Lakin çalışmaların bununla məhdudlaşmayacağı dəqiqdi.
İş ondadı ki, uzun müddətdi “Araz-Naxçıvan”ın ciddi maliyyə böhranıyla üz-üzə qaldığı iddia olunur. Özü də bu məsələnin ciddi əsasları olduğu haqda xeyli xəbər var.
Bəs, ümumi mənzərə komandanın komplektləşdirilməsinə nə dərəcədə təsir göstərir?
“Football-plus.az”ın məlumatına görə, klub yay fasiləsində iddialı və bahalı futbolçularla yollarını ayırdı. Numünə üçün bildirək ki, Santos 1,4 milyon, Simakala 900, Avram 700, Nuno 550 min avro bazar dəyərindədi. Ortabab futbolçulardan Keyta 275, Kohen 225, Maçado isə 100 min avrodu. Yeni gələnlərin qiymətlərinə gəlincə, Alberto Qarsiya Fernandes 375, Luka Dumançiç 200 min avro dəyərindədi.
Göründüyü kimi, böyük ehtimalla, “Araz-Naxçıvan”ın yeni mövsüm üçün heyəti ortabab oyunçulardan ibarət olacaq. Yəqin ki, belədə komanda yalnız premyer-liqada qalmaq üçün mübarizə aparacaq. İddialı futbolçular alınmırsa, daha təcrübəli baş məşqçi gətirilmirsə, hansısa böyük hədəfdən danışmaq olmaz!
KƏNAN BAHADIR