“Kəpəz”in yeni baş məşqçisinin Azər Məmmədov olduğunu xəbər vermişik. Gəncə təmsilçisi əvvəllər də burda çalışan mütəxəssislə birillik müqaviləyə qol çəkib. Amma əksər azarkeşlər bu təyinatı xoş qarşılamayıb.
“Football-plus.az” xəbər verir ki, klubun sosial şəbəkə hesablarında bununla bağlı edilən paylaşım tərəfdarları qəzəbləndirib. Bir çoxu təyinatı lağa qoyub. Paylaşıma qəzəb və gülüş işarələri atıblar.
Azarkeşlərin fikrincə, daha əvvəl uğursuz olan baş məşqçinin təyinatı komandaya fayda verməyəcək. Mütəxəssisin gəncəli olması isə məhz yerli publikaya xoş gəlmək üçün atılan addımdı. Burda hansısa təcrübədən, uğurdan söhbət getmir. Onlar Azər Məmmədovun uğurlu olmayacağını, qısa müddətdə istefaya göndəriləcəyini dilə gətirib.
Təyinata görə klub rəhbərliyi də qınanılıb. Daha təcrübəli məşqçilərin idarəetmədə yol verilən qüsurlar üzündən klubda çalışmaqdan boyun qaçırdığı bildirilib. Təbii ki, burda nəzərdə tutulan Mahmud Qurbanovla Arif Əsədovdu. Çünki azarkeşlərin əksəriyyəti məhz Mahmud bəyin təyinatını arzulayırdı. Arif bəylə isə böyük ölçüdə razılıq əldə olunmuşdu. Sadəcə, əməkdaşlıq baş tutmadı.
Xatırladaq ki, Azər Məmmədov 2023-cü ildə də “Kəpəz”də çalışıb və 12 tur ərzində cəmi 6 xal topladığına görə istefa verib.
KƏNAN BAHADIR