Yığmanın yeni baş məşqçisi Fernando Santuşun təqdimat mərasimi zamanı tərcüməçi vəzifəsini Elvar Quliyev yerinə yetirdi.
Hazırda “Qarabağ”da çalışan Quliyev bundan öncə “Xəzər Lənkəran”da da tərcüməçilik edib. O, uzun illər ərzində bir çox əcnəbi çalışdırıcının tərcüməçisi olub. Görəsən, Santuş bir insan kimi Elvar bəyə necə təsir bağışladı? Eyni zamanda portuqaliyalı mütəxəssis tərcüməçidən nə dərəcə razı qaldı? Quliyev “Football-plus.az”ın suallarına belə cavab verdi:
“Doğrusu, elə cəmi bircə dəfə onun ictimaiyyətə qədim olunduğu mətbuat konfransı zamanı görüşmüşük. Nə ondan əvvəl, nə də sonra heç bir söhbətimiz olmayıb. Bir görüşə əsasən kiminsə haqda fikir bildirnək çətindi. Ancaq ilk görüşə görə sadə insan təsiri bağışladı. Dil biliyimə gəlincə, bu barədə hər hansı bir söhbətimiz olmadı. Elə bir şey olsaydı, mənə bildirərdi. Fikir verdizsə, tərcümə etdiyim sualları elə ilk dəfədə anlayırdı. Yəni heç bir anlaşılmazlıq olmadı. Ümid edirəm ki, razı qalıb. Razı qalmasaydı, ən azı bunu hiss edərdim. İlk görüş barədə yalnız bunları deyə bilərəm”.
KAMAL SƏFƏR