Məhz bu oyun Arif Əsədovun qalmasının zəruriliyi yönündə hansısa ümid vermişdimi? Bu sualı təcrübəli mütəxəssis Əfqan Talıbova ünvanladıq:
“Fernando Santuşun milli komandamıza təyinatı gözlənilməz oldu. Uzun müddət vaxt verildi və araşdırıldı. Yəqin ki, nəyisə daha dəqiq təhlil ediblər. Rəhbərlik Arif Əsədova şans verildiyini açıqlamamışdı. Arif Əsədov baş məşqçinin səlahiyyətlərini yerinə yetirdi. Məşqçilər korpusu ilə bərabər ona verilən müddətdə sakit tərzdə və nizam-intizamlı şəkildə komandamızı oyunlara çıxardı. Artıq-əksik heç nə görmədik. Həmişə çatışmazlıqlar olur. Onun üzərində çalışmaq lazımdı. Bugünkü təyinatla bağlı çox çətin məqam odu ki, payızda Millətlər Liqası başlayacaq. Bilinmir ki, baş məşqçinin heyətlə tanışlığı nə qədər çəkəcək. Üstün amillərdən biri də odu ki, baş məşqçi avrokuboklarda mübarizə aparan “Qarabağ”, “Zirə”, “Sabah” və “Sumqayıt”ın oyununu izləyəcək, formada olan oyunçulara baxacaq, ölkədən kənarda legioner həyatı yaşayan futbolçuları izləyəcək. Millətlər Liqası üçün komandanı formalaşdırmaq çətindi. Bundan sonra necə olacağını Fernando Santuş müəyyənləşdirəcək. Futbola cavabdeh olan rəhbər işçilər və federasiya nümayəndələri var. Biz ancaq təhlil edirik və millimizi yüksək səviyyədə görmək istəyirik. Arif Əsədov da üzərinə düşən məsuliyyəti məşqçilər korpusu ilə bərabər yerinə yetirdi. Bundan sonra Fernando Santuş planları açıqlayacaq”.
ƏSƏD SEYİDOV




