Vaxtilə hər qəpiyin qədrini bilən “Arsenal” Mikel Artetanın dövründə imicini dəyişib. İspaniyalı baş məşqçinin vaxtında “topçular” transferlərə 700 milyon avro xərcləyib.
"Football-plus.az" xəbər verir ki, göstərilən zaman kəsiyində transfer xərclərinə görə yalnız “Çelsi” onları qabaqlayır.
Rays, Haverts, Timber
Ötən yaydan sonra belə görünürdü ki, İngiltərənin transfer bazarını partladan əsas klubu “Çelsi”di. Onun yaxınlığında “Mançester Siti” dayanmışdı, bir qədər aralıda “Mançester Yunayted”. Bir sözlə, hər şey əvvəlki kimi idi, yeni heç nə yox idi. Ancaq bu yay pəncərəsində hər şey fərqlidi. Artıq bazarda əsas oyunçu “Arsenal”dı. İlk baxışdan uğursuz zarafat kimi görünür. Ancaq “topçular” bu yay yenilərə 200 milyon avrodan (rahatlıq üçün bu valyutadan yararlanacağıq) artıq xərcləyib. Siyahı ilə tanış olun:
• 24 yaşlı yarımmüdafiəçi Deklan Raysa görə “Vest Hem”ə 116 milyon (burda və hər yerdə “transfermarkt”ın rəqəmi göstərilib);
• 24 yaşlı yarımmüdafiəçi Kay Havertsə görə “Çelsi”yə 75 milyon avro;
• 22 yaşlı müdafiəçi Yurryen Timberə görə “Ayaks”a 40 milyon avro.
Nəticədə 231 milyon avro. Və burda bonuslar, agentlərə verilən komissiya xərci və oyunçuların özünə ödənilən imzahaqqı nəzərə alınmayıb (bir keçidi xatırlayaq – David Alaba ötən yay “Bavariya”dan “Real”ə formal şəkildə havayı keçsə də, sonradan “Marca” xəbər verdi ki, avstriyalı universal imzahaqqı kimi 10 milyon alıb, madridlilər futbolçunun agenti olan atasına komissiya xərci kimi əlavə 7 milyon da ödəyib). İyulun 18-nə olan duruma görə, “Arsenal” bu yay Avropada yeni futbolçulara hamıdan çox pul xərcləyən klubdu. Aydındı ki, qitədə “transfer pəncərəsi”nin sonuna hələ ayyarım qalır, hər şey dəyişə bilər. Özü də belə görünür ki, “topçular” bazarla bağlı vəzifələrin öhdəsindən gəlib, bundan sonra hansısa böyük sövdələşmələrin olacağı ilə bağlı informasiya yoxdu.
Ancaq 231 milyon avro hətta müasir meyarlarla götürəndə belə çoxdu. Müqayisə üçün deyək ki, “Çelsi” ötən yay 282 milyon, MY isə 240 milyon (95 milyonunu Antoniyə, 70 milyonunu Kazemiroya) xərcləmişdi. Qalan klublar 200 milyon həddinə çatmamışdı.
2023-ün yayının alıcılarının ilk “5-liy”i
klub məbləğ
1. Arsenal 231,6 milyon*
2. PSJ 155,5 milyon
3. Tottenhem 136,3 milyon
4. Real 128,5 milyon
5. Əl-Hilal 120 milyon
* - bütün məbləğlər avro ilə göstərilib.
Dövlət klublarından irəlidə
Ancaq bir “transfer pəncərəsi” meyar ola bilməz. Elə yuxarıda adı çəkilən “Real” Cud Bellingemə görə 100 milyonundan keçib, buna qədər isə bir neçə il ciddi xərcsiz keçinmişdi. Odu ki, proseslərin dinamikasına baxmaq daha maraqlıdı. Mikel Artetanın “Arsenal”ın “sükanı arxasına” keçdiyi 2019-un dekabrından bəri “topçular” yenilərə 685 milyon avro xərcləyib. Rekord olmasa da, çoxdu. İlk “pəncərə”də - 2020-nin yanvarında – klub təkcə elə müdafiəçi Pablo Marinin icarəsinə görə 8 milyondan keçmişdi.
Hesablamanı Artetanın bütün proseslərə rəhbərlik etdiyi 2020-nin yayından aparsaq, belə çıxır ki, “Arsenal” bu müddətdə yenilər üçün xərclədiyi pula görə dünya ikincisidi. “Topçular” dövlət klubları adlandırılan MS və PSJ-dən, İspaniya nəhəngləri “Real”la “Barselona”dan, MY ilə “Bavariya”dan da irəlidədi. Bu müddətdə yalnız “Çelsi” bazarda daha çox pul xərcləyib.
2020-nin yayından bəri transferə ən çox pul xərcləyənlərin ilk “10-luğ”u
klub məbləğ
1. Çelsi 1,09 milyard
2. Arsenal 677,36 milyon
3. MY 533,28 milyon
4. Tottenhem 520,6 milyon
5. MS 491,9 milyon
6. Yuventus 479,56 milyon
7. PSJ 456 milyon
8. Nyukasl 426,85 milyon
9. Liverpul 420,35 milyon
10. Aston Villa 364,29 milyon
Klopp kimi
Kimin bu müddətdə nəyə nail olmasıyla bağlı danışmayacağıq. Ən azı ona görə ki, cədvəldə bu yayın transferləri nəzərə alınır və hazırda “Leyptsiq”lə müdafiəçi Yoşko Qvardiolun 100 milyonluq transferi ilə bağlı danışıq aparan elə həmin “Siti”, yəqin ki, reytinqdə qalxacaq və “pəncərə”nin yekununda “Arsenal”dan azca geri qalacaq (hətta bəlkə də ötəcək). Üstəlik yenə də konteksti nəzərə almaq lazımdı.
Arteta “Arsenal”ı praktiki cəhətdən sıfırdan yığır. Vaxtilə Yürgen Klopp də “Liverpul”da eyni şəraitdə olub. Almaniyalı 2015-in oktyabrında “Enfild”də “lövbər saldı” və “qırmızılar” ilk illərdə heyətin gücləndirilməsinə ciddi məbləğ xərclədi. Sadio Maneyə görə 41 milyon, Vircil van Diykə görə 85 milyon, Məhəmməd Salaha görə 42 milyon, Aleks Oksleyd-Çemberlenə görə 38 milyon, Alissona görə 62,5 milyon, Nabi Keytaya görə 60 milyon, Fabinyoya görə 45 milyon. Kloppun ilk üç ilində “Liverpul” yeni futbolçuların alınması üçün 440 milyon avrosundan keçdi. MS, MY və “Çelsi”nin həmin dövrdə xərclədiyindən daha az olsa da, yenə də yetərincə böyük məbləğdi. Və Klopp pazlın bütün hissələrini toplayandan sonra komanda Çempionlar Liqasını qazandı (+ 2022-nin finalı), çempion oldu, iki dəfə bu ad uğrunda “Siti” ilə amansız mübarizə apardı.
Söhbət ondan getmir ki, Artetalı “Arsenal” tezliklə mütləq bu nəticələrə nail olacaq. Tam mümkündü ki, heç nə qazana bilməsin. Sadəcə, yetərincə oxşar vəziyyətlərdi.
Venger
Ən azı bir məqam dəqiqdi ki, ispaniyalı mütəxəssisin dönəmində “Arsenal” konseptual baxımdan dəyişib. Hamımız son 15-20 ildə “topçular”ın “transfer silahlanmasında” iştirak etməməsinə öyrəşmişdik. Arsen Vengerin əsas prinsiplərindən biri də bu idi. Fransalı mütəxəssis deyirdi: “Biz superulduzları almırıq, onları yaradırıq”. Sözsüz, hansısa məqamda bu, məcburi addım idi: “Arsenal” 2000-ci illərin ilk yarısında yeni stadionun tikintisinə ciddi yatırım etdi, müəyyən dövr ərzində gəlirlərinin böyük hissəsini “Emireyts”in ucaldılmasına yönəltdi. Ancaq kreditlər ödənəndən sonra da klubun dünyagörüşü dəyişmədi. Hansısa zaman kəsiyində, 2000-ci illərlə 2010-cu illərin kəsişməsində “Arsenal” azarkeşləri hətta belə bir konsepsiya ilə “silahlanmışdı”: qoy başqaları milyonlar səpələyib titullar qazansın, əvəzində premyer-liqada ən gözəl və dəbli futbolu biz oynayırıq. Həqiqətən də belə idi: demək olar ki, “topçular”ın hər oyunu tamaşa vəd edirdi. Ancaq belə yanaşma həm də “Arsenal”ın klub-fermaya çevilməsi (Sesk Fabreqas, Samir Nəsri, Bakari Sanya, Robin van Persi, Aleksandr Qleb...) ilə bağlı deyilənlər qarşısında psixoloji müdafiə idi. Aydın məsələdi ki, “Arsenal” təkcə öz yetirmələrinin hesabına oynamırdı. “Emireyts”ə Məsut Özil və Aleksis Sançes kimi ustalar da gəlirdi. Ancaq 2006-cı ildən (“Emireyts”in açılış ili) 2018-ci ilə qədər (Vengerin klubdan getdiyi il) “topçular” yenilərə 703 milyon avro xərcləmişdi. Bu, dünyada 14-cü göstəricidi. Və demək olar ki, “Arsenal”ın Arteta dönəmində xərclədiyi pula bərabərdi. Bəli, futbol inflyasiyasını nəzərə almaq lazımdı, bununla belə, 12 il hara, 3 il hara... Düzdü, indiki yatırımlar zəruri idi, ancaq ispaniyalı növbəti mövsümün sonunda heç nə qazanmasa, ona mütləq bu milyonları xatırladacaqlar.
“Arsenal”ın Arteta dönəmində ən baha transferləri
oyunçu mövsüm hardan məbləğ
1. Deklan Rays 2023/24 Vest Hem 116 milyon
2. Kay Haverts 2023/24 Çelsi 75 milyon
3. Ben Uayt 2021/22 Brayton 58,5 milyon
4. Qabriel Jezus 2022/23 Mançester Siti 52,2 milyon
5. Tomas Partey 2020/21 Atletiko 50 milyon
Arsen Vengerin Raysın transferinə münasibəti: