''Qalatasaray''ın gündəmində yer alan Camal Musialanın ''Bavariya''dakı gələcək taleyi müzakirə mövzusu olmaqda davam edir.
Ötən il Klublararası DÇ-də ayağı qırılan və 174 gün futboldan kənar qalan istedadlı futbolçu yalnız dekabrda sıraya dönmüşdü. Mövsümün qalan hissəsində 24 oyunda çıxaraq 5 qol, 4 məhsuldar ötürməlik performans sərgiləyən 23 yaşlı yarımmüdafiəçi Almaniya yığması DÇ-2026-da çıxışını başa vurduqdan 3 gün sonra yenidən əməliyyat olundu. Onun yalnız avqustun sonlarında formaya düşəcəyi güman edilir.
Bu arada Almaniya futbolunun əfsanəsi Lotar Matteus Musiala ilə bağlı diqqətçəkən ifadələr işlədib. Onun fikrincə, bu futbolçu qarşıdakı mövsümdə tez-tez ehtiyatda qalacaq:
''Musialanın zədələnməsindən bir il ötüb. Zədəni və onun yaratdığı psixoloji sarsıntını artıq geridə qoymalıdı. Bunu birdəfəlik unudub karyerasının bundan sonrakı dönəminə köklənməlidi. Bu, önəmli məqamdı. Əks təqdirdə ''Bavariya''dakı ciddi rəqabəti nəzərə alsaq, böyük ehtimalla bir çox oyunda ehtiyatda qalmalı olacaq. Qnabri ilə Keyn birlikdə oynadıqda ötən mövsüm ''Bavariya''nın hücum xətti çox qorxulu görsənirdi. Bir-birilərini əla anlayırdılar. Bundan başqa ''10 nömrə'' mövqeyində Olise ilə Karl da oynaya bilir. Zənnimcə Kompani ideal heyət baxımından yenə düzgün bir çıxış yolu tapacaq. Düzdü, Musiala ötən mövsümün sonluğunu pis keçirmədi. Yeni mövsüm üçün ümid verdi. Amma bu dəfə onun heç bir bəhanəsi olmayacaq''.