“Sabah” “Liv Bona Dea Arena”nı alandan sonra ev oyunlarını həmin stadionda keçirən “Araz-Naxçıvan” taleyi sual altında idi. Ötən günlərdə klubun yeni stadion axtarışında olduğunu, əsasən bölgə variantlarının daha uyğun göründüyünü xəbər vermişdik. Sonradan “Qəbələ” Muxtar Respublika təmsilçisinə meydançadan istifadə ilə bağlı razılıq verdi.
Bəs Qəbələdə oynamaq komanda üçün çətinliklər yaratmayacaqmı?
“Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusubov “Football-plus.az”a bu haqda danışdı:
"Bakıda, Sumqayıt və digər bölgələrdə yerləşən bir neçə stadionun rəhbərliyi ilə danışıqlar apardıq. Təəssüf ki, müsbət cavab ala bilmədik. Onlar da öz növbəsində əsaslı səbəblər göstərdilər. Bundan sonra Qəbələ stadionunda oynamaq imkanını araşdırdıq. “Qəbələ” rəhbərliyi müraciətimizə müsbət yanaşdı və razılıq verdi. Beləliklə, bu mövsüm ev oyunlarımızı Qəbələdə keçirəcəyik. Bu stadion bizim üçün yeni deyil. “Qəbələ” artıq neçə ildi ev oyunlarını orda keçirir və biz də dəfələrlə orda çıxış etmişik. Stadion yetərincə yaxşı infrastruktura və şəraitə malikdi. İnanırıq ki, bu məkan bizim üçün uğurlu olacaq.
Eyni zamanda, stadion əməkdaşlarının təşkilati məsələlər üzrə yaxşı təcrübəsi var və oyunların keçirilməsində bizə dəstək olacaqlar. Bu baxımdan heç bir problem görmürük.
Azarkeşlərlə bağlı isə reallıqlara uyğun şəkildə iş aparacağıq. Klub olaraq, imkanlarımız çərçivəsində azarkeşlərin Qəbələyə səfərlərinə kömək etməyi planlaşdırırıq. Bununla bağlı müəyyən ideyalar var, hazırda müzakirələr davam edir və yaxın vaxtlarda konkret qərarlar veriləcək”.
İSRAYIL XEYRULLAYEV