"Football-plus.az" xəbər verir ki, bu sözləri KuPS-un baş məşqçisi Miika Nuutinen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Sabah”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis “Sabah”ın hesabı açmasından sonra oyunun dəyişdiyini vurğulayıb:
“Rəqibin ilk qolunun qarşısını daha yaxşı ala bilərdik. Bundan sonra oyuna əvvəlki kimi nəzarət edə bilmədik və enerjimiz azaldı. Evdə 0:2 hesabı ilə uduzduğumuz üçün çox məyusuq. Amma Bakıda keçirdiyimiz ilk oyundan fərqli olaraq, bu dəfə olmaq istədiyimiz KuPS-a daha çox bənzəyirdik”.
O, “Sabah"ı komanda kimi yüksək qiymətləndirib:
“Biz çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq. “Sabah”ı təbrik edirəm”.
Xatırladaq ki, ilk matçda da qalib gələn (1:0) “Sabah” Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib.





