''Barselona''dan sonra ''Qalatasaray''a yollanan bu istedadlı futbolçunun Türkiyə karyerası əvvəldən sona qədər uğursuz keçdi. Çempionluqlar qazanmasına rəğmən o, İstanbul nəhənginə məxsus olduğu 4 il ərzində heç cür əsas heyət oyunçusuna çevrilə bilmədi.
Tez-tez zədələrdən əziyyət çəkən və bu ilin fevralında Türkiyədən ayrılaraq doğma klubu ''Rapid''ə qayıdan türkəsilli avstriyalı futbolçu ''Qalatasaray''da oynadığı dönəmə, eləcə də klubun özü haqda diqqətçəkən ifadələr işlədib. ''Rapid Podkast''ın qonağı olan Yusufun sözündən belə başa düşmək olar ki, o, 2022-də Avstriyanın U21 yığmasının heyətində zədə aldığı üçün İstanbula zədəli halda gəlib. Ayağı şişən gənc oyunçu ''Adana Dəmirspor''la matçdan öncə nəinki oynamaq, heç normal yerimək iqtidarında da olmayıb. Qalanını özündən eşidək:
''Qalatasaray'' dönəmim mənim üçün çox çətin keçdi. Zədələndikdən sonra topuğum o qədər şişmişdi ki, heç butslarımı geymək və normal gəzmək iqtidarında deyildim. Buna rəğmən mənə iynə vurmağı təklif etdilər və komanda ilə birlikdə səfərə yollanmağımı istədilər. Amma əlbəttə ki, bundan imtina etdim. Çünki iynənin içində nə olduğunu bilmirdim. Ümumiyyətlə tibbi və sağlamlığımla bağlı məsələlərdə orda çox ciddi problemlər yaşadım. Onlardan bəziləri hətta məni şoka saldı. ''Qalatasaray'' bütün dünyada 40 milyondan artıq fanatı olan bir klubdu. Amma klubun daxilində elə şeylər yaşanır ki, bunu çox az insan görmək, eşitmək istəyər''.




