Yay “transfer pəncərəsi” dövründə daha bir böyük keçid reallaşıb. Deklan Raysın “Arsenal”a gözlənilən transferi rəsmiləşib. O, İngiltərədə transfer rekordunu yeniləyib.
Qrilişi qabaqlayıb yeni rekordçu oldu
“Vest Hem” ingiltərəli yarımmüdafiəçini Londonun digər klubuna yerli oyunçular üçün rekord məbləğə satıb. Transfer “Arsenal”a 105 milyon funt sterlinqə başa gəlib. Bu, avro ilə 122 milyona bərabərdi. Deməli, keçid məbləği bundan əvvəl qeydə alınan rekord satışdan çoxdu. Xatırladaq ki, 2021-ci ilin yayında Cek Qriliş “Aston Villa”dan “Mançester Siti”yə 117,5 milyon avroya keçib ki, bu da İngiltərədə rekord transfer sayılırdı. Yerli mənbələr “Arsenal”ın mümkün bonuslar da daxil olmaqla Rays üçün “Vest Hem”ə 120 milyon funt sterlinq ödəyəcəyini də xəbər verib.
Qeyd edək ki, 2013-cü ildən paytaxt klubunda olan və 2015-ci ildən “Vest Hem”in əsas komandasında oynayan Deklan son mövsümdə Konfrans Liqasının qalibi olub. İngiltərə millisinin üzvü turnirin ən yaxşı oyunçusu seçilib.
Rays özü getmək istəyib
O, yetirməsi olduğu “çəkicdöyənlər”lə təsiredici şəkildə vidalaşıb. 24 yaşlı dayaq yarımmüdafiəçisi sosial şəbəkə hesabında bu cümlələri yazıb: “İnanılmaz on ilin sona çatmasına inana bilmirəm. “Vest Hem” həm meydanda, həm də ondan kənarda həyatımın böyük hissəsi idi. Vidalaşma heç vaxt asan olmur. Bu komandada inanılmaz emosiyalar yaşamışam. Mən oyunçu, kapitan və bir adam kimi burda yetişmişəm. Konfrans Liqasında qələbə mənim üçün tortun üzərinə qoyulan albalı oldu. “Vest Hem”in mənim üçün necə xüsusi olduğu hamıya bəllidi. Xoş xatirələrə və həyatımdakı ən yaxşı anlara görə sağ olun. Hamınızı sevirəm”.
Klubun sahibi Devid Sallivan futbolçunu satmaq istəmədiklərini, Raysın özünün getmək arzusunda olduğunu deyib: “Deklanın sıralarımızı tərk etdiyini təəssüflə bildirirəm. Azarkeşlərimiz bunu bilməlidilər: biz futbolçunu satmaq istəmirdik. Biz komandanı onun ətrafında qurmaq niyyətindəydik. Bunun üçün Deklana daha yaxşı şərtlərlə uzunmüddətli müqavilə təklif etmişdik. Lakin futbolçu daha da irəli getmək və karyerasında yeni çağırışlar axtarmaq istədiyini bildirdi. Klub isə onun yolu qarşısında maneəyə çevrilməyin doğru olmayacağı qənaətinə gəldi”.
“Arsenal” favorit idi, amma nüanslar vardı
“Arsenal” gənc futbolçu uğrunda mübarizədə favorit sayılırdı, amma nüanslar da vardı. İndi maraqlı məqamlara göz gəzdirək.
* “Topçular”ın Deklanı hədəfə alması ilə bağlı xəbərlər qış aylarından başlayaraq yayılmışdı. Artıq ötən mövsümün gedişində onun “Arsenal”ın yay transfer əməliyyatlarında əsas hədəfi olacağı məlum idi. Futbolçu da paytaxtın digər klubuna yollanmağa meyilli idi. Əsas istəyi Mikel Artetanın rəhbərliyi altında oynamaq idi.
* İyunda Deklan uğrunda mübarizəyə “Bavariya” ilə “Mançester Siti” də qoşuldu. Amma Almaniya nəhəngi ötən ayın ortalarında transferdən vaz keçdi. MS isə əksinə, “Vest Hem”ə konkret təklif irəli sürdü: İngiltərə çempionu iyunun sonunda Rays üçün 80 milyon təzminatı və 10 milyon funt sterlinq bonusları nəzərdə tutan şərtlərini paytaxt klubuna təklif etdi.
* “Siti”nin qarşı tərəflə danışıqlara başlaması “Arsenal”ı transfer məsələsində tələsməyə vadar etdi. Sten Kronkenin sahibi olduğu klub iyunun sonunda 3-cü (“topçular”ın ilk iki təklifi geri çevrilmişdi) təkliflə çıxış etdi və bu dəfə “çəkicdöyənlər”dən müsbət cavab gəldi.
* Keçidin bir qədər gec rəsmiləşməsi səbəbsiz deyil. Paytaxt klubları iki həftədən çox müddətdə əvvəlcə bir sıra detallarla (əsas məqam keçid haqqının neçə mərhələdə ödəniləcəyi ilə bağlı idi) bağlı razılığa gəlməyə çalışdılar, iyulun əvvəlində isə Rays yeni klubu üçün tibbi müayinədən keçdi. Amma “Arsenal”ın hüquqşünaslarının sənədləri uzun müddət yoxlaması keçidin rəsmiləşməsini bir neçə gün də geri saldı. “Sky Sport” yoxlama prosesinin uzun çəkməsinin “Vest Hem”in narazılığına səbəb olduğunu qeyd edir.
Nəhayət, iyulun 15-də transfer rəsmən açıqlandı. Klubların məlumatında Raysın yeni mövsümün hazırlıq prosesində iştirak etmək üçün “Arsenal”la birlikdə ABŞ turnesinə yollanacağı da bildirildi.
Bellingem ilə Abrahamın fərqi
Qeyd etdiyimiz kimi, Rays artıq ən bahalı ingilis futbolçu sayılır. “Transfermarkt” portalının bu planda siyahısının ilk “10-luğ”unu nəzərinizə çatdırırıq. Son on ildə siyahıda bir çox dəyişikliklər baş verib. “İlk 20-lik”də Endi Kerrol da var, İngiltərəni daha baha qiymətə tərk edən futbolçu isə Temmi Abrahamdı. Bir sıra maraqlı məqamlara göz gəzdirək.
* Bu yay ilk “10-luğ”a birdən-birə üç oyunçu – Rays, Cud Bellingem və Meyson Maunt daxil olub. Yoxsa hazırkı sıralamada Aaron Uan-Bissaka (55 milyon), Kayl Uoker (52,7 milyon) və Ben Çiluell (50,2 milyon) də görünərdilər. İndi bu oyunçularla birlikdə ilk “13-lüy”ə daxil olanların hər biri yeni klubuna azı 50 milyon avroya başa gəlib. Növbəti – 14-cü Kelvin Fillipsdi. MS ona görə vaxtilə 49 milyon avro xərcə düşüb.
* Yeri gəlmişkən, 2021-ci ildə də ilk “10-luğ”a üç futbolçu – Qriliş, Ceydon Sanço və Ben Uayt daxil olub. Həmin ilə qədər “top-10”da yerlər belə bölüşdürülmüşdü: Harri Maquayr, Rahim Sterlinq, Con Stounz, Uan-Bissaka, Uoker, Çiluell, Rio Ferdinand, Kerroll, Aleks Oksleyd-Çemberlen, Daniel Drinkuoter.
* Ən bahalı ingilis futbolçuların siyahısında bir qədər uzaq keçmişdə top qovanlardan Ferdinand diqqəti cəlb edir. MY 2002-ci ildə sabiq müdafiəçiyə görə “Lids”ə 46 milyon avro ödəmişdi. Rionun rekordu 13 il qüvvədə qalıb. Onun göstəricisini isə Sterlinq geridə qoyub.
* Rahimin adına ilk “10-luq”da iki dəfə rast gəlirik. O, “Liverpul”un formasında premyer-liqanın iki mövsümündə “qol+ötürmə” sistemi üzrə 32 xal toplayandan sonra – 2015-ci ildə 20 yaşında “Mançester Siti”yə keçdi. “Şəhərlilər” Sterlinqə görə 63,7 milyon avro ödədilər. Rahim yeni klubunda 2017/18 mövsümündə məlum sistem üzrə “18+15” xallıq göstərici ilə tərf qazandı. Doğrudu, növbəti mövsümü də çox yaxşı keçirdi – “17+13”.
Lakin 2022-ci ildə onun MS macərası sona çatdı. Rahim paytaxta yollanmalı oldu. “Çelsi” indi 28 yaşında olan vingerə görə 56,2 milyon avro xərcə düşdü.
* İndi ən baha ingilis oyunçuların ilk “20-liy”ində sonuncudan əvvəlki yeri Kerroll tutur. “Liverpul” onu 2011-ci ildə Fernando Torresin yerinə gətirmək üçün “Nyukasl”a 41 milyon avro ödəmişdi. Premyer-liqada qırmızı formada keçirdiyi ilk 44 oyunda yalnız 6 qol vura bildi. Artıq 2012/13 mövsümünün gedişində “Vest Hem”ə icarəyə verildi. 6 il bu komandada çıxış edəndən sonra “Nyukasl”a qayıtdı. 34 yaşlı hücumçu hazırda yeni mövsümə 3-cü divizionda başlayacaq “Ridinq”in sıralarındadı...
* İngiltərədən olmayan kluba ən baha qiymətə satılan ingilis futbolçu Bellingemdi. Bu yay “Borussiya”dan “Real”a 103 milyon avroya keçən Cud mövcud siyahının 30-cu pilləsində də görünür. Dortmund klubu üç il əvvəl ona görə “Birmingem”ə 30,15 milyon avro ödəmişdi.
* İngiltərəni ən baha qiymətə tərk edən futbolçu isə Abrahamdı. Temmi 2021-ci ildə “Çelsi”dən “Roma”ya 41 milyon avroya satılıb. 25 yaşlı hücumçu artıq son iki mövsümdə Konfrans Liqasının qalibi olub və Avropa Liqasının da finalında oynayıb.
* Bəs Ferdinand ilə birgə uzun müddət ən bahalı “3-lüy”ə daxil olmuş İngiltərə futbolunun ulduzları hardadılar? Artıq 3-cu onluqdadılar. Devid Bekhem 2003-cü ildə MY-dən “Real”a 37,5 milyon avroya keçib, bir ildən sonra Ueyn Runi 37 milyon avro əvəzində “Everton”u MY-yə dəyişib. Uzun illər sonra Drinkuoter “Çelsi”yə 37,9 milyon avroya başa gəlib. Amma bu qədər təzminatın əvəzində londonluların formasını premyer-liqada yalnız 12 oyunda geymək şansı qazanıb...
10 ən bahalı ingilis futbolçu
oyunçu il hardan hara qiymət
1. Deklan Rays 2023 Vest Hem Arsenal 122
2. Cek Qriliş 2021 Aston Villa Mançester Siti 117,5
3. Cud Bellingem 2023 Borussiya D Real 103
4. Harri Maquayr 2019 Lester Mançester Yunayted 87
5. Ceydon Sanço 2021 Borussiya D Mançester Yunayted 85
6. Meyson Maunt 2023 Çelsi Mançester Yunayted 64,2
7. Rahim Sterlinq 2015 Liverpul Mançester Siti 63,7
8. Ben Uayt 2021 Brayton Arsenal 58,5
9. Rahim Sterlinq 2022 Mançester Siti Çelsi 56,2
10. Con Stounz 2016 Everton Mançester Siti 55,6
Qeyd: keçid məbləği milyon avro ilə göstərilib.
Reaksiyalar
Devid Moyes, “Vest Hem”in baş məşqçisi: “Deklana “Vest Hem” üçün etdiyi hər şeyə görə təşəkkür etmək istəyirəm. Bizimlə uzun müddət birlikdə olan oyunçuya “görüşənədək” demək məyusedicidi. Amma gərək yola davam edəsən. “Vest Hem” böyük klubdu və tarix göstərir ki, klubdan üstün oyunçu yoxdu. Biz ötən mövsüm təməlini qoyduğumuz uğuru davam etdirməyə köklənmişik. Digər hədəfimiz istedadlı gənclərin inkişafına nail olmaqdı”.
Deklan Rays, “Arsenal”ın yarımmüdafiəçisi: “Mikel Arteta və onun işə yanaşma tərzi, bu gənc heyət – hər şey “Arsenal”ın zirvəyə qaytarılmasına hesablanıb. Arteta mənim indi bu klubda olmağımın əsas səbəbkarıdı. Onun daha da inkişaf etməyimdə rol oynayacağını bilirəm”.