Nə acı tale, nə hüznlü gün, nə bəd yaşam – gürcülərin Xviça Kvaratsxeliyası İtaliyada “Kvaradona” ləqəbini qazanır, biz isə Zaqreb “Dinamo”sunun hər yeni məşqçisinə xilaskar İsa gözü ilə baxır, gecə yatanda dua edirik ki, Allah o adamın qəlbinə mehr sal, bizim Mahirə də özünü göstərmək şansı versin...
Sağlığına qismət, Mahir ötən şənbə keçirilən “Hayduk”la oyunda meydana çıxmasa da, Xorvatiya Superkubokunu qazandı. Baxmayaraq ki, həmyerlimiz “Konyaspor”dan – icarədən qayıdandan sonra heyətdə yer alacağı ilə bağlı çox ümidli idi, Ante Çaiçi əvəz edən İqor Bisçana özünü göstərmək üçün dəridən-qabıqdan çıxırdı.
Gördüyüm, oxuduğum qədəri ilə yoldaşlıq oyunlarında da müntəzəm şans qazanırdı. Amma olmayanda olmur. Bisçan ya nəticənin “sürüşkənliyindən” (1:0), ya da oyunun derbi xarakteri daşımasından qorxdu. Hər nə isə, Mahir meydana çıxmadan şəxsi işinə növbəti titulun adını yazdı. Bu məqamın karyeranın irəliləyən bölümlərində, heç şübhəsiz, faydası dəyəcək. Amma o özü məmnunluq duydumu – bax, bu artıq başqa məsələdi.
Mənə elə gəlir ki, fərdin-inividin dünyagörüşünə, futbol baxışlarına bağlıdı.
Ona qalsa, illər öncə Vaqif Cavadov da “Tvente”nin heyətində meydana çıxmadan Niderland Superkubokunu qazanmışdı. Bir az əvvələ - 2001-ci ilə dönüb Emin Quliyevin “Liteks”lə oynamadan Bolqarıstan kubokunu qazanmasını da xatırlada bilərəm. Necə deyərlər, bacarana baş qurban! Amma öz aramızdı, bəs bizdə niyə Xviça yoxdu?!
ORXAN