Yadınızdadısa, “Liverpul”la “Real” arasındakı ilk oyunda da operatiorlar gülən Kloppu “yaxalamışdı”. Oyunun həmin anında İngiltərə klubu artıq 2:5 uduzurdu. Onlarla belə nümunə göstərə bilərik.
2022-nin avqustu. “Liverpul” “Fulhem”ə uduzur, ancaq Kloppun simasından nikbinlik yağır. Onda oyun 2:2 hesabıyla bitdi.
2019-un oktyabrı. İndicə Takumi Minamino “Zaltsburq”un “Liverpul”dan geriliyini bir qola endirib. Vəziyyət gərgindi, ancaq almaniyalı baş məşqçi yaponiyalının qolunu gülüşlə qarşılayır.
2019-un mayı. “Liverpul” “Nou Kamp”da “Barselona”ya 0:3 uduzur, Yürgen isə yalnız gülümsəyir. Sonradan nələrin olduğunu xatırlayırsızmı?
2018-in noyabrı. “Srvena Zvezda” 7 dəqiqə ərzində vurduğu iki qolla “Liverpul”u şoka salır. Klopp da şokdadı, ancaq yenə də gülür. Mersisaydlılar həmin oyunu xilas edə bilmədi.
Klopp hətta 2018-də Çempionlar Liqasının finalında “Real”a uduzandan sonra da qəm dəryasında batmadı – səhər saat 6-ua qədər dostlarıyla birgə mahnı oxudu. Təbii ki, məğlubiyyətdən sonra da üzündə təbəssüm görünməsinin səbəbini ondan soruşanlar var. Almaniyalı hələ 2019-da “The Players’ Tribune” üçün yazdığı sütun yazısında bu məqama aydınlıq gətirib. Bu gülüşün arxasında bütöv bir fəlsəfə yatır:
“Adamlar bəzən soruşurlar ki, niyə həmişə gülümsəyirsən? Bəzən hətta uduzduğumuz oyunlardan sonra da jurnalistlərin suallarına təbəssümlə cavab verirəm. Mənim cavabım belədi: çünki oğlum dünyaya gələndə dərk etdim ki, futbol ölüm-qalım məsələsindən uzaqdı. Biz başqalarının həyatını xilas etmirik. Futbol heç bir formada nifrətin və qəzəbin daşıyıcısı olmamalıdı. Futbol ruhlanma mənbəyi, ümid və sevinc olmalıdı. Xüsusilə də uşaqlar üçün. Düşünürəm ki, futbolda uğurun 98 faizi uğursuzluqların öhdəsindən gəlməyi öyrənmək, gülməyi bacarmaq və məğlubiyyətin ertəsi oyundan həzz almaqdı”.



