Mahir Emreli – 26: təbrik əvəzinə ...tənqid - YAZI

1.07.2023 22:06
Manşet / Yazarlar
Yüzdəyüz əminəm ki, mənim bu qeydlərimin bu gün 26 yaşını tamamlayan Mahir Emreliyə zərrəcə isti-soyuğu yoxdu.

Xoş təsadüf üzündən bu yazının sorağı qulağına gedib çatsa belə, vecinə də olmayacaq. Mahir artıq özünü futbolda sözünü deyib bitirən bir şəxs sayır, bildiyim, gördüyüm qədəri ilə Azərbaycan idman mətbuatı da onun üçün bitib. Bəs Mahir özü necə, futbol üçün bitibmi?

Mənə qalsa, indi – 26 yaşının tamamında yox, 2021-in dekabrında – “Visla” ilə oyundan qayıdan “Legiya”nın avtobusuna hücum zamanı bitib. Kim olsaydı, “Legiya”da yox, bir başqa klubda, amma Polşada karyerasını davam etdirər və özünü, gücünü yerli publikaya “yedirərdi”. Amma Varşava klubunda vurduğu 3-5 qolun kölgəsinə sığındı və hansısa sehirli əlin yardımı ilə daha məşhur klubun – Xorvatiyanın əbədiyaşar çempionu “Dinamo”nun formasını geyə bildi.

Düşünmək olardı ki, “əskisi tüstülü” azərbaycanlı gənc Zaqrebdə özünü daha ölçülü-bilçili aparacaq, talenin ona verdiyi fürsətdən lazımi şəkildə yararlanaraq hər birimizin arzuladığı daha güclü çempionata adlayacaq. Amma yox, adamın iddiası da, tövrü də başqa imiş. Mahirin cəmi bir ay əvvəl Xorvatiya saytlarından birinə verdiyi müsahibədən kiçik hissəni xatırlatmaq istəyirəm: “O (“Dinamo”nun sabiq baş məşqçisi Ante Çaçiçi nəzərdə tutur – O.) isə mənə dedi:

“Dinamo"dan daha yaxşı klubda harda oynayacaqsan? Mən sənə "Stamford Bric"də "Çelsi"yə qarşı oynamaq şansı verdim, daha nə istəyirsən?". Ona dedim ki, 5 il əvvəl “Qarabağ”la Londonda “Çelsi”yə qarşı oynamışam, indi xoşbəxtlikdən göyün yeddinci qatında olmalıyam?”

Sən Allah, klubda yerini möhkəmlətməyə çalışan, Avropanın yenicə tanımağa başladığı, bütün Azərbaycanın, xüsusən də yığmanın ümid yeri kimi baxdığı gənc futbolçu Xorvatiyanın 3-5 tanınan məşqçisindən biri ilə belə danışmalıdı? Çaçiç sənin karyeranın “Qarabağ” dönəmini izləməyə borclu idi?

İndi artıq “Dinamo”da Çaçiç yoxdu, baş məşqçi postunda İqor Bişçan əyləşib. Mahir isə ordadı və özünü ona sübut etməyə çalışır. Hərçənd son günlər müəyyən məbləğ qarşılığında “Konyaspor”a satılması da gündəmdədi. Təki xeyirlisi olsun, Azərbaycan futbolu Mahirdən umduğunu alsın. Adam, nəhayət, yalnız futbol oynamalı olduğunu anlasın.

Anlayacaqmı? Deyilənə görə, hər yeni yaş adama müdriklik gətirir. Gözləyirik...

ORXAN