Futzal üzrə dünya çempionatının elit mərhələsinin püşkü atılıb.
"Football-plus.az" xəbər verir ki, 20 ölkə təmsilçisi 5 qrupda gücünü sınayacaq.
A qrupu: Qazaxıstan, Rumıniya, AZƏRBAYCAN, Niderland
B qrupu: Ukrayna, Polşa, Serbiya, Belçika
C qrupu: Xorvatiya, Slovakiya, Fransa, Almaniya
D qrupu: İspaniya, İtaliya, Sloveniya, Çexiya
E qrupu: Portuqaliya, Gürcüstan, Ermənistan, Finlandiya
Oyunlar sentyabrın 11-20-də, oktyabrın 2-11-də və dekabrın 11-20-də keçiriləcək. Millimizin qeyd olunan tarixlərə əsasən oyun cədvəli də açıqlanıb. Yığma sentyabrda səfərdə Rumıniya, Bakıda Niderland, oktyabrda öncə səfərdə, sonra evdə Qazaxıstan, dekabrda isə evdə Rumıniya, səfərdə Niderland ilə üz-üzə gələcək.
Beləliklə, elit mərhələyə səfər oyunu ilə başlayacaq komanda son nöqtəni də rəqib zalında qoyacaq. Qrup iştirakçılarına oyunların keçiriləcəyi günləri razılaşdırmaları üçün iyunun 16-dək vaxt verilib. Razılıq əldə olunmasa, UEFA oyun tarixlərini püşklə müəyyənləşdirəcək.
Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” pley-off oyunlarında iştirak edəcək və qalib gələn iki milli də final mərhələsində gücünü sınayacaq.
Hazırda maraqlı məqam futzal millimizin baş məşqçisiz qalmasıdı. Çünki federasiya Joze Alesio da Silva ilə müddəti başa çatan müqaviləni yeniləməyib. Yaxın günlərdə keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında bu məsələyə də aydınlıq gətiriləcəyi gözlənilir. “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Vitali Borisovun bu posta gətirələcəyi kuluarlarda gəzən söz-söhbət arasındadı.
Görəsən, yığmanı qrup oyunlarında nə gözləyir? Rəqiblər necə dəyərləndirilir? Yığmanın məşqçisi Hacıbala Abdullazadə suallarımızı belə cavabladı:
“Əvvəlcə “Futbol+”in dəyərli nümayəndələrinə salamlarımı çatdırıram. Sizə böyük hörmətim var. Millimizdən gözləntilərə gəlincə, çox şey ilk matçdan asılıdı.
Səfər oyununda qarşılaşacağımız Rumıniya dünyada sözünü demiş futbol və futzal ölkəsidi. Bu rəqiblə heç vaxt rəsmi oyunlarda qarşılaşmamışıq. Hədəfimiz birinci oyunda xal itirməməkdi. Uğur qazanmaq üçün futzalçıların psixoloji və fiziki hazırlığı yüksək olmalıdı.
İkinci rəqibimiz Qazaxıstan dünya reytinqində 10-cu pillədə yer alıb. Avropa meydanlarında da özünü sübut etməyi bacarıb. Bu komanda ilə yoldaşlıq görüşlərində və başqa turnirlərdə üz-üzə gəlmişik. Strategiyalarını yaxşı bilirik. Nəhayət, Niderlandla həm dünya çempionatı, həm turnirlər, həm də yoldaşlıq oyunlarında dəfələrlə qarşılaşmışıq. Hiss olunur ki, səviyyəsini qoruyub-saxlayan yığmalardandı. Heyətindəki futzalçılar da dünya miqyasında sayılıb-seçilənlərdəndi.
Ümumiyyətlə, rəqibin kimliyindən asılı olmayaraq, bütün matçlara ciddi yanaşmalıyıq. Hər üç komandanın xarakterinə bələdəm, oyunlarını müntəzəm izləyirəm. Hamısında ciddi irəliləyiş var.
Buna baxmayaraq, rəqiblərdən çəkinmək nə məşqçilər korpusuna, nə də yığmaya yaraşar. Xüsusilə məşqçilər bu prosesə məsuliyyətlə yanaşmalı, heyəti qələbə uğrunda “döyüşlər”ə ruhlandırmalıdı.
Bu dəfə yükümüz ağırdı. 2016-cı ildən sonra ilk dəfə dünya çempionatında iştirak edirik. Şansımızdan layiqincə istifadə etməliyik. Bu həm Futzal Federasiyasının, həm də AFFA-nın istəyidi. Azərbaycan bayrağını dalğalandırmaq və himnimizi səsləndirmək niyyətindəyik.
Əsasən yerli futzalçılara güvənirəm. Həm də “Araz-Naxçıvan”ın heyətində çıxış edənlərdən gözləntim böyükdü. Bununla yanaşı, hazırda Qazaxıstan “Atırau”sunda çıxış edən Rövşən Hüseynlini də həmin oyunlarda görmək istəyirik. İnanıram ki, onun qapıçı təcrübəsi komandaya faydalı olacaq. Hələ ki komanda istirahətdədi. Baş məşqçi təyin olunandan sonra hazırlığa start veriləcək.
Oyunlardan öncə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub. Lakin detallar bəlli deyil. İstəyirik ki, həm dövlətimizi, həm də millətimizi yaxşı nəticələrlə sevindirək. Bu gücü özümüz də hiss edirik. İndidən millimizin bütün üzvlərinə və məşqçilər korpusuna uğurlar arzulayıram. Çalışacağıq ki, ümidləri doğruldaq və dünya çempionatının final mərhələsinə vəsiqə qazanaq”.
Həm millinin, həm də “Araz-Naxçıvan”ın aparıcı üzvlərindən olan Xətai Bağırov isə belə düşünür:
“Açığı, eyni qrupda olmağı arzuladığım rəqiblərdi. Qaaxıstan millisi güclülər sırasındadı. Legionerləri nəhəng klublarda çıxış edir. Nəticələri yüksəkdi. Dəfələrlə qarşılaşdığımıza görə oyun üslublarına bələdik. Rumıniyanı da tanıyırıq. Məğlub edilməyəcək rəqib deyil. Çox şey hazırlıq mərhələsinin necə keçəcəyindən asılıdı. Hər şey qaydasında olsa, inanıram ki, üstün tərəf biz olacağıq. Niderlandla da qarşılaşmışıq. Şansımıza belə rəqiblərin çıxması yaxşı xəbərdi. Məncə, qrupda yer alan yığmalar arasında ən güclüsü bizik. Qrupdan çıxmaq ehtimalımız yüksəkdi. Əlimizdən gələn hər şeyi edəcəyik ki, pley-offda iştirak edək”.
KƏNAN BAHADIR