Qeyd edək ki, Türkiyənin 1-ci liqa təmsilçisi iyulun 9-da keçirilən ilk matçda “Batman Petrolspor”la qarşılaşmış, 1:1 hesablı “sülh”ə razılaşmışdı. Toral həmin görüşün 2-ci hissəsində şans qazanmışdı.
Həmyerlimiz bu dəfə start heyətində yer alıb. Futbolçu “Pendikspor”a qarşı görüşün ilk hissəsində tər töküb. Amma sol cinah müdafiəçisi kobud səhvə yol verib. O, 23-cü dəqiqədə rəqibin penalti qazanmasına, nəticədə qol vurmasına səbəb olub. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Görüşdən sonra Toral və komanda yoldaşı Ərtoğrul Ərsoy tənqidlərə məruz qalıb. Ərsoyun mövzuyla bağlı açıqlaması:
“Bursaspor”da oynayırsansa, yoxlama oyunları belə çətin keçir. Rəqiblər bizə çox ciddi yanaşır. Söz verirəm ki, kuboku Bursaya gətirəcəyik”.
Maraq üçün qeyd edək ki, bursalıların təlim-məşq toplanışının daha bir mərhələsi bitib.
20 komandanın mübarizə aparacağı 1-ci liqada yeni mövsüm avqustun 9-da başlayacaq. İlk turun bütün matçları eyni gündə olacaq. “Timsahlar” yeni “futbol ili”nə “Bodrum” səfəri ilə start verəcək.
KƏNAN BAHADIR






