“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Azərbaycandan kənarda çalışan hər bir mütəxəssis daim diqqət mərkəzində olur, belə həmyerlilərimizin uğuruna sevinirik. Belə məşqçilərimizin sayının az olması isə təəssüfləndirici məqamdı. Bu yaxınlarda həmin o azsaylı məşqçilərdən birinin uğuruna ürəkdən sevindik. Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə titul qazandı. Siyasət bəyin idman direktoru olduğu “Fomget” qadınlar arasında Türkiyə Superliqasının qalibi adını qazandı. Həmyerlimizin çalışdığı paytaxt təmsilçisi finalda “Fənərbaxça”nı 4:2 hesabı ilə məğlub etdi. Bu yerdə onu da xatırladaq ki, Siyasət Əsgərov ötən ilin avqustunda “Fomget” klubunda idman direktoru vəzifəsinə təyinat alıb. Biz də növbəti müsahib kimi Əsgərovu seçdik, onunla söhbətləşdik.

- Siyasət bəy, bir daha sizi çempionluq münasibətiylə təbrik edirəm. İlk sualım Türkiyədəki işinizlə bağlıdı. Ora necə yollandız? Hazırkı işiniz, klubunuz barədə fikirləriniz bizə maraqlıdı...
- Təbriklərinizə və diqqətinizə görə minnətdaram. Bilirsiz ki, bizim qadınlardan ibarət yığmanın bir çox üzvü Türkiyədə çıxış edir. Bu da AFFA-nın həyata keçirdiyi layihənin bir parçasıdı. Biz milli komandanı formalaşdırdıq, amma qadın futbolumuz yeni inkişaf mərhələsinə qədəm qoyub. Qızlar liqası da yeni-yeni sürət götürməyə başlayıb. Ona görə də milli üzvlərinin qonşu Rusiya, Qazaxıstan və Türkiyə klublarına göndərilməsi planı həyata keçirilir. Əsasən bu ölkələrlə danışıqlar aparırdıq. Türkiyədəki danışıqları da mən aparırdım, ordakı mütəxəssisləri tanıyırdım. Hazırda çalışdığım “Fomget” klubunda millimizin üzvü Aysun Əliyeva, indiki soyadıyla desəm Sevdiyeva çıxış edirdi. Aysun o kluba keçərkən danışıqlarda iştirak etmişdik. Bu keçiddən sonra pandemiya başladı, liqalar dayandırıldı. Komandalar da çıxış yolu kimi Antalyaya toplaşmağı seçdilər. Həmin vaxt da AFFA məni birhəftəlik Antalyaya ezam etdi. Çünki qızlarımızın əksəriyyəti Türkiyə klublarında forma geyirdi, onları iş başında görə biləcəkdim. Orda hazırkı klubumun idarəçiləri, direktoru Doğan Kara ilə tanış oldum. Əlaqələrimizi davam etdirdik, Vüsalə və Nərgiz Hacıyevaları da “Fomget”ə transfer etdilər. Komanda səviyyəsini xeyli yüksəltdi, iddiası artdı. Mənə də təklif etdilər ki, millidəki işimə mane olmadan klubdan idman direktoru postunu tutum. Təklifləri mənə çox cəlbedici gəldi. Klubun akademiyası var, orda 200-ə yaxın qız futbolla məşğul olur. Mənə həm akademiyanın işinə nəzarət, həm də Superliqada mübarizə aparan komandaya kömək göstərməyi təklif etdilər. Ölkə xaricində çalışmaq mənim üçün də xeyli cəlbedici oldu. Təkcə məşqçi kimi yox, fərqli bir iş prinsipində çalışmaq də mənə maraqlı gəldi. AFFA sağ olsun ki, mənə Türkiyədə çalışmağa şərait yaratdı. Beləcə qardaş ölkədə işləməyə başladım.

- Türkiyədə çempionluq qazanmaq çətin olmadımı? Siz uğurun sirrini nədə görürsüz?
- Həqiqətən də ildən-ilə Türkiyədə qadın futbolunun səviyyəsi artır. İstanbul nəhəngləri “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça”, eləcə də “Trabzonspor” qadın futboluna böyük əhəmiyyət verir. Superliqadakı nəhəng klublar qadın komandalarını himayəyə götürdü, bununla da liqanın səviyyəsi artdı. Xeyli sayda legioner çıxış edir və onlar da səviyyənin artmasına töhfə verir. Qızlar liqası A və B qruplarında keçirilirdi. A qrupunda 10 komanda vardı, B qrupunda 9 komanda. Bizim çalışdığımız “Fomget” 10 komandanın yer aldığı qrupda mübarizə aparırdı. Qrup birinciləri birbaşa 1/4 finala vəsiqə qazanırdı. Daha aşağı yer tutanlar isə öz aralarında pley-off oyunları oynamaqla bu mərhələyə yüksəlirdilər. Qrupda 16 qələbə qazandıq, bir görüşdə heç-heçə etdik, cəmi bir oyunda isə məğlubiyyətlə üzləşdik. Yekunda 2-ci yeri tutduq. Pley-off üçün Hakkariyə getdik, orda da qələbə qazandıq. Ötən il komandamızın yolunu kəsən “Fatih Vatan”ı da məğlub etdik, yarımfinala vəsiqəni təmin etdik. İki oyunun nəticəsinə görə finala çıxdıq və “Fənərbaxça”ya rəqib olduq. Rəqibi yaxşı təhlil etmişdik. İlk dəqiqələrdən penalti qolu ilə geriyə düşdük. Əsas vaxta əlavə olunan 6-cı dəqiqədə biz penalti qazandıq və ondan dəqiq istifadə etdik. Əlavə vaxtda isə daha üç qol vuraraq həm qələbə, həm də çempionluq qazandıq. Uğurun sirrinə gəlincə, komandanın heyətinin keyfiyyətli olması vacib məqamdı. Türkiyədə 6 legionerin meydanda, ikisinin isə ehtiyatda olmasına icazə verilir. Bizim əksər futbolçularımız yerlilərdi və onlar milli komandanın üzvləridi. Klubun idarəetməsində də ötən il dəyişiklik oldu, yeni şəxslər cəlb edildi. Sistemli iş görüldü, planla hərəkət etdik. Bütün bu məqamlar da nəticəsini qazandığımız uğurda göstərdi.

- İki ölkənin qadın futbolu arasında hansı paralelləri aparmaq olar? Futbolçuların səviyyəsi, infrastrukturda hansı oxşar və ya fərqli cəhətlər var?
- Türkiyədə qadın futbolu sürətli inkişaf yoluna qədəm qoyub. Bunun da səbəbi nəhəng klubların qadın komandalarını öz himəyəsinə götürüb, yatırım etməsidi. Bizdə hələ bu təcrübə tam tətbiq olunmur. “Qəbələ” və “Neftçi”də qadın komandaları var, “Sumqayıt” da çempion oldu, onları təbrik etmək istəyirəm. Digər klublar da dəstək versələr, qadın komandaları onların adından liqalara qatılsa, müsbət dəyişikliklər olar. Keyfiyyətli legionerlərin gəlişi də əhəmiyyətlidi. Hər komandada səviyyəli legionerlər olsa, qadın futbolunun inkişafına dəstək olar. İnfrastruktur da vacibdi. Məni Türkiyədə cəlb edən tərəflərdən də biri budu. “Osmanlıspor” komandasının bazasını bizə veriblər, 20 min yerlik stadion var. Təbii örtüklü meydançamız, məşq meydanları qızların sərəncamındadı. Akademiyada hər bir futbolçunun özünə aid otaq var, futbolçular rahatlıqla yaşayır. Bizdə də bu cür şərait yaradılsa, nəticəsini görəcəyik.
- Hazırda hansı azərbaycanlı futbolçular Türkiyədə çıxış edir? Onların sayının gələcəkdə artması mümkündümü?
- Az əvvəl də bu mövzuya toxundum. Bizim qızlar üçün Türkiyədə oynamaq çox rahatdı. Çünki dil və uyğunlaşma problemi yoxdu, qızlarımız özünü evdəki kimi hiss edir. Ona görə də A milliyə dəvət alan qızlarımızın hardasa 70 faizə qədər Türkiyədə oynayır. Qalanları da Rusiya və Qazaxıstanda çıxış edir. Hazırda U-19 yığmamızda forma geyənlərin də Türkiyənin 1-ci liqasına dəvət olunmasına çalışırıq. Qızlarımız yüksək səviyyəli çempionatlarda oynadıqca daha çox inkişaf edəcəklər. Ona görə də onların səviyyəli klublarda oynaması, rəqabətdən qalib çıxması bizim üçün vacib məsələdi. Bu istiqamətdə iş gedir. Tələbat olduqca digər qızlarımızın da Türkiyədə oynaması reallaşacaq.
- Son vaxtlar Azərbaycanın qadın futbolunda inkişaf hiss olunurmu? Qadın futbolunun gələcəyini necə görürsüz? Ümumilikdə hansı problemlərlə qarşılaşırıq və onların aradan qaldırılması üçün nələr etməliyik?
- Biz bu işləri görməyə 2010-cu ildən başlamışıq. Ondan əvvəl qadın klublarımız, millilərimiz olub. Amma inkişaf dönəmi o vaxtdan başladı. Çünki 2012-ci ildə bizdə dünya çempionatı keçirildi. Klublar yox idi, futbolçu tapa bilmirdik. Bizim üçün çox çətin idi. Digər idman növlərindən həvəsi olan qızları futbola dəvət edirdik. Bütün regionları əhatə edən 10 komandalı çempionat keçirməyə başladıq. Valideynlər də müdaxilə edirdi, qızlarını futbola göndərmək istəmirdilər. Ailələrlə də problem yaşayırdıq. İndi sevindirici haldı ki, valideynlər özləri AFFA-nın qadın futbol departamentinə zəng vururlar. Deyirlər ki, qızlarımızı futbola yazdırmaq istəyirik, hara müraciət edə bilərik? Bunda elə 2012-ci ildə Azərbaycanda keçirilən dünya çempionatının da rolu oldu. Medianın da bu işdə böyük payı var. İnsanlarda qadın futboluna münasibət dəyişib. Hazırda Azərbaycanda qadınların üç liqası var. Aşağı yaş liqalarında kütləvilik var, region komandaları da çoxdu. Qızlar bəlli bir yaşa gələndən sonra futbolu buraxırlar. Bu da ona görədi ki, məvacib ala bilmirlər, maddi çətinliklər yaşayırlar. Klublar bu işdə AFFA-ya dəstək olmalıdı. Hər şeyi AFFA-nın üzərinə atmaq olmaz. Klublar bu işdə kömək göstərsə, qadın futbolu Azərbaycanda daha yaxşı yerlərə gələ bilər.
İLKİN SULTANLIYazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.