“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
AFFA-nın təşkil etdiyi AFFA U-17 Qızlar Liqasının 2022/23-cü illər mövsümünə yekun vuruldu. Mövsümün final oyununda Bakının “Gömrükçü” və Xaçmazın “İnter” komandaları qarşılaşdı. Xaçmazdan olan rəqibini 5:0 hesabıyla məğlub edən “Gömrükcü” Qızlar Liqasının qalibi oldu. Diqqətçəkən məqam odu ki, paytaxt təmsilçisi bütün görüşləri qələbə ilə başa vurub. 15 görüşün hamısında meydanı qələbə ilə tərk edən “Gömrükçü” rəqib qapılarına 135 top vurub, bunun qarşılığında öz qapısında cəmi 5 qol görüb. Bu göstəricilər çempion komandanın başqalarından nə dərəcədə üstün olduğunu göstərir. Biz də bu uğurun memarı, “Gömrükçü”nün baş məşqçisi Kəmalə İbadullayevə ilə söhbətləşib, bir çox maraqlı məqama toxunduq.
- Kəmalə xanım, ilk sualımız futbola gəlişinizlə bağlıdı. Necə oldu ki, futbola gəldiz? Bəs məşqçiliyə harda başlamısız?- Futbola gəlişimə öz marağım səbəb oldu. İlk addımlarımı da “Bakılı” qadın futbol klubunda atmışam, məşq etməyə orda başlamışam. 2002-ci ildən isə “Gömrükçü”də çıxış etməyə başladım, orda karyeram xeyli uğurlu alındı. Bir növ futbolçu kimi özümü tapdım, inamlı çıxış etməyə başladım. Əla kollektivimiz var idi, yaxşı çıxış edirdik. Elə bunun da nəticəsi kimi 2006-cı ildə “Gömrükçü” ilə UEFA kubokunun 1/4 finalına kimi yüksəldik. Təəssüf ki, zədə səbəbindən karyeramı davam etdirə bilmədim. Ayağımdan aldığım zədəyə görə futbolçu karyeramı bitirməli oldum. Elə dərhal da “Gömrükçü”də məşqci fəaliyyətinə başladım. 2010-11-ci illərdə Azərbaycanın əsas milli komandasında da məşqçi kimi fəaliyyət göstərmişəm. 2017-ci ildə “Gömrükçü”nün U-13 komandasına baş məşqci təyin olundum. Həmin komanda ilə böyük bir yol keçdik, addım-addım irəlilədik. Təsadüfi deyil ki, ötən mövsüm bu komanda ilə Azərbaycan çempionatının gümüş medallarını qazandıq. Builki nəticəmiz isə daha yaxşı oldu. Bu yaxınlarda başa çatan U-17 liqasının ən güclüsü kimi qızıl medallara layiq görüldük, rəqiblərimizin hamısını qabaqladıq. “Gömrükçü”nün bu uğuru illər ərzində gördüyümüz işin məntiqi nəticəsidi.

- Kəmalə xanım, elə biz də sizi və komandanızı U-17 liqasında çempion olmanız münasibətiylə təbrik edirik. İstərdim ki, çempionatı dəyərləndirəsiz. Mövsüm necə keçdi? Rəqabətin səviyyəsi ürəyinizcə oldumu?- Təbrikə görə çox sağ olun, sizə minnətdaram. Qeyd etmək istərdim ki, son mövsümdə “Gömrükçü”nün U-17 komandası rekord nəticələrə imza atdı. Paytaxt zonasında keçirdiyimiz 15 oyunun hamısında qələbə qazandıq, heç bir oyunda xal itirmədik. Vurulan qoların sayı da ürəkaçandı. Rəqib qapılarına 135 dəfə yol tapmışıq, öz qapımızdan isə cəmi beş qol buraxmışıq. Bu da qızlarımızın əzmkarlığının göstəricidi. Sonda da 45 xalla turnir cədvəlini birinci pillədə bitirdik. Bundan sonra yarımfinala vəsiqə qazandıq. Bu mərhələdə Balakənin “Dinamo” komandasına hər iki oyunda qalib gəldik - bir görüşdə 14:0, digərində isə 4:0. Finalda isə rəqibimizin Xaçmazın “İnter” komandası idi. Finalı da yüksək səviyyədə keçirdik, rəqibimizə heç bir şans vermədik. Final görüşündə 5:0 hesablı qələbəni bayram etdik. Bu da onun göstəricisidi ki, qızlarımız bir an da arxayınlaşmadılar, sona qədər mübarizə apardılar. Mövsümün yüksək səviyyədə keçdiyini deməliyəm, rəqabət də yaxşı idi. Dediyim kimi, nəticələrimiz qızların yüksək əzmkarlığının, apardığımız düzgün işin nəticəsidi.

- Ümumilikdə Azərbaycanda qadın futbolunun səviyyəsini necə qiymətləndirirsiz? Hansı problemlərimiz var və onları aradan qaldırmaq üçün nələr etməliyik?- İndiki vaxtda Azərbaycanda qadın futbolunun səviyyəsini çox yaxşı qiymətlədirirəm. Əvvəl Azərbaycanda qadınları futbola cəlb eləmək çox çətin idi. Azərbaycanda klubların sayı çox az idi, cəmi üç-dörd klub fəaliyyət göstərirdi. İndi isə bütün regionlar üzrə klublarımız var, hər yaş qrupu üzrə milli komandalar yaradılıb. Hazırda hər bir yaş kateqoriyası üzrə cox yüksək səviyyədə liqalar keçirilir. Mən çox sevinirəm ki, indi qadın futbolu ölkəmizdə bu dərəcədə inkişaf edib və bu inkişaf davam edir. Problemlər hər sahədə olur, onları da aradan qaldırmaq mümkündü. Hər şeyə rəğmən indi bizdə qadın futbolunun inkişaf sürəti yüksək səviyyədədi.
- Hamımız bilirik ki, Azərbaycanda özünəməxsus mental qaydalar var, bu da qadınların idmanla məşğul olması ilə bağlı müəyyən qadağalarda özünü göstərir. Siz belə çətinliklərlə qarşılaşmısızmı? Ümumiyyətlə, bu qadağalar bizim qadın futboluna necə təsir göstərir?- Az əvvəl də dedim, bir daha qeyd etmək istərdim ki, əvvəllər belə problemlər olurdu. İndi bu problemlər aradan qalxıb. Region komandaları indiki kimi böyük sayda liqalarda istirak edirsə, deməli, bizim ölkədə qadın futboluna baxış dəyişib. Əvvəl qızları futbola cəlb etməkdə çox çətinlik çəkirdim. Bəzən valideynlərlə də problemlər olurdu. İndi isə valideynlər özləri gətirib qızlarını futbola yazdırırlar. Bütün bunlar bizi çox sevindirir.
- Son vaxtlar qadınlara futbol sahəsində etimad artır. Premyer-liqa oyunlarında da qadın hakimləri görmək mümkündü. Sizcə, bu etimad gələcəkdə qadınların futbola marağının artmasına təkan verə bilərmi?- Əlbəttə, bütün bunlar müsbət dinamikanın göstərir və gələcəkdə inkişafa təkan verəcək. Qadın hakimlərimiz futbolda nə qədər çox olsa, qızlarımızın da özünə inamı artar, başqalarına yaxşı nümunə olar. Mən bu sayın artmasını arzulayıram. Şükürlər olsun ki, bu yöndə də çətinliyimiz yoxdu. Bu gün müxtəlif liqalarda yetərincə qadın hakimlər var, artıq onlara premyer-liqa oyunlarında da etimad göstərilir. Fürsətdən istifadə edib, sizə də minnətdarlığımı bildirirəm ki, qadın futboluna diqqət ayırırsiz, bu idman növünü daim işıqlandırırsız.
İLKİN SULTANLIYazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.