Qadınlardan ibarət milli komandamızın baş məşqçisi Siyasət Əsgərov Türkiyədə titul qazanıb.
36 yaşlı mütəxəssisin idman direktoru olduğu "Fomget" qadınlar arasında superliqanın qalibi olub. Paytaxt təmsilçisi finalda "Fənərbaxça"nı 4:2 hesabı ilə məğlub edib.
Siyasət Əsgərovla əlaqə saxlayıb geridə qalan mövsümün necə keçdiyini, titul qazandıqdan sonrakı təəssüratlarını öyrəndik. Onun "Football-plus.az"a söylədikləri belə oldu:
"Ötən ilin avqustunda "Fomget" akademiyasında idman direktoru vəzifəsinə təyinat aldım. Bakıdakından fərqli olaraq burda funskiyalarım başqadı. Əsas işim çempion olan komandanın bu ərsəyə gəlməsi üçün çalışmaq idi. Şükür Allaha, bunu bacardım. Vəzifəmə uyğun olaraq digər yaş qruplarının məsuliyyətini də daşıyıram.
Türkiyədə bu sahəyə yatırımlar, böyük azarkeş kütləsinin marağı daha yüksək uğurlar qazanmaq üçün adamı ruhlandırır.
Mövsümü xoş təəssüratlarla başa vurduq. İki qrup üzrə aparılan mübarizədə A qrupunda yer almışdıq. Yaxşı nəticələr qazandıq.
Oynadığımız 12 ev oyununun heç birində məğlub olmadıq. Ümumilikdə 16 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətimiz oldu. Qrupu ikinci yerdə başa vurduğumuza görə pley-offda "Hakkarigücü" ilə qarşılaşdıq (5:0). Vacib qələbədən sonra "Fatih Vatan" (4:0) və "ALG Spor"u da məğlub edib (3:1) finala çıxdıq. Sonuncu rəqibimiz "Fənərbaxça" idi. Onları çox diqqətli təhlil etmişdik. Hazırlığımız yüksək səviyyədə idi. Oyun başlayandan dərhal sonra qapımızda penaltidən qol görsək də, özümüzü itirmədik. İrəliləyən dəqiqələrdə qazandığımız penaltini qola çevirib əsas vaxtı heç-heçə bitirdik. Əlavə vaxtda isə rəqib 1, biz isə 3 qol vurduq. Sonda 4:2 hesabı ilə çempionluğumuzu rəsmiləşdirdik. İnşallah, çempionlar liqasında çıxış edəcəyik.
Türkiyədə nəinki özümü, həm də doğma Azərbaycanı təmsil edirəm. Məsuliyyətim böyükdü. Qarşıma qoyulan vəzifələri başıuca yerinə yetirdiyimə görə çox xoşbəxtəm. İnanıram ki, uğurlarımın davamı gələcək. Ortaya daha yaxşı nəticələr qoymaq arzusundayam".
KƏNAN BAHADIR