Kərim Benzema İspaniya çempionatının son turunda karyerasının önəmli hissəsini həsr etdiyi “Real”da son oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, fransalı forvard bundan sonra Səudiyyə Ərəbistanında çıxış edəcək.
Xəbər axını
“Real” azarkeşləri bazar günü Benzemanı sonuncu dəfə rəsmi oyunda bu klubun formasında gördü. 38-ci turun “Atletik”lə oyunu yalnız 2-ci yeri qorumaq baxımından (“Atletiko” 1 xal geri qalırdı) önəmli idi. Ancaq başqa mənada tarixi oldu. “Santyaqo Bernabeu” klub tarixindəki ən usta hücumçulardan biri ilə vidalaşdı. Benzemanın Kriştiano Ronaldonun arxasınca Səudiyyə Ərəbistanına gedə biləcəyi ilə bağlı ilk ehtiyatlı şayiələr hələ bir ay əvvəl yayılmışdı. Ancaq son bir neçə gündə mümkün transferin detalları xəbər lentlərinə yağış kimi yağmağa başladı. Mayın 29-da “Relevo” yazdı ki, Benzemanın əlində Səudiyyə Ərəbistanından ikiillik, dəyəri 200 milyon avro olan müqavilə təklifi var. Ertəsi “As” qəzeti də bu xəbəri təsdiqlədi və dəqiqləşdirdi – Kərim həm də Səudiyyə Ərəbistanı, Yunanıstan və Misirin DÇ-2030 ilə bağlı ərizəsinin səfiri olmalıdı. Mayın son günündə daha geniş təfərrüat üzə çıxdı. Kərim Yaxın Şərqdə həyatı Ronaldo ilə müzakirə edib. Forvard məşqə 3,5 saat qalmış “Real”ın bazasına baş çəkərək klub prezidenti Florentino Pereslə görüşüb. Tezliklə onun keçəcəyi klubun adı da açıqlandı. Söhbət başa çatan mövsümdə çempionluğu qazanan “Əl-İttihad”dan gedir. Elə həmin gün başqa kiçik təfsilatlar da üzə çıxdı: “Real” azarkeşləri “Atletik”lə oyunda Benzema ilə vida mərasiminə hazırlaşmağa, Madrid nəhənginin mətbuat xidməti isə Kərimin gedişi halında sosial şəbəkələrdə yayılacaq kontent üzərində çalışmağa başladı. Ardından vəziyyət qarışdı. Qəfil “Marca” yazdı ki, Benzema Madriddə qalmağa və müqavilə müddətinin sonuna qədər çalışmağa qərar verib. Kərim özü də bildirdi ki, internetdəki şayiələr və reallıq fərqli şeylərdi, Ançelotti bir qədər də irəli gedib hücumçunun daha bir mövsüm qalacağına əminliyini ifadə etdi. Ancaq belə məlum olur ki, şübhələr ötəriymiş. “Real” Benzemanın gedişini rəsmi şəkildə elan etdi.
Qarşılıqlı fayda
Bütün bu sövdələşmədən qazanclı çıxan ən azı iki tərəf var. Benzema klub səviyyəsində mümkün olan hər şeyi qazanıb və 35 yaşında artıq şeyx həyatı yaşamağı, yarımgüclə oynayıb dəbdəbəli malikanəsinin arxa qapısında maşın dolu pulu gözləməyi haqq edir. “Real”ın fanat səhifələrinə baxsaq, şərhlərin mütləq əksəriyyətinin məzmunu belədi: “Hər şeyə görə sağ ol, Kərim, ən yüksək təqaüdü haqq etmisən”. Bu fikirlə mübahisə etmək çətindi. Səudiyyə Ərəbistanı isə bu transferlə çempionatının dəyərini daha da artırır və planetin idman bazarını fəth etməkdədu. Benzemanın keçidi ilə hətta “Əl-İttihad” da yox, hansı ulduzun hansı kluba yollanacağını müəyyənləşdirən Səudiyyə Ərəbistanı hökuməti məşğul olur. Odu ki, hər şeyi ciddiyə almaq lazımdı. Elə bu yay Messi də adı çəkilən ölkəyə yollansa, nə deyəcəyik? Odu ki, hadisələri qabaqlamayaq.
“Kral klubu”
Yalnız “Real” üçün bu transfer bir qədər mübahisəli görünür. “Onda Cero” bir müddət əvvəl yazırdı ki, Peres Benzemanın istənilən qərarını qəbul edəcək, ancaq bu ilk növbədə hücumçunun statusu və klub qarşısındakı xidmətləri ilə şərtlənir. Baxmayaraq ki, Kərimin gedişi ilə “Real”da ciddi problem yaranacaq. Bəli, o, son mövsümü əvvəlkindən pis keçirdi – 14 qol az vurdu və cəmi 6 məhsuldar ötürmə (ötən mövsüm 15 idi) verdi. Bəli, ondan tərəqqi gözləməyə dəyməz. Ancaq Kərimi kimlə əvəz etmək olar? Yəqin ki, “Real” yayda “Espanyol”dan öz yetirməsi Xoselunu qaytaracaq, ancaq bu daha çox rotasiya üçün olan futbolçudu. “Foot Mercato” yazır ki, Benzemanın gedişi ilə klubun yayla bağlı bütün transfer planları pozulacaq. Kərimin 2024-ün yayına qədər oynayacağı, ardından “Real”ın Mbappenin və ya Holannın transferinə köklənəcəyi planlaşdırılırdı. Bu yay isə adı çəkilən ulduzlardan hansınısa transfer etmək qeyri-adi dərəcədə çətindi. “Tottenhem”in 100 milyon avro müqabilində buraxmağa hazır olduğu Keyn variantı da var, ancaq şayiələrə inansaq, forvard ilk növbədə İngiltərədən olan təkliflərə baxır ki, Alan Şirerin premyer-liqada qol sayına görə rekordunu (hazırda fərq 47 topa bərabərdi) qırsın. Daxili ehtiyatlara bel bağlamaq variantı da var. Ancaq nə Rodriqo, nə də gənc Alvaro Rodriges Benzemanın son illərdə göstərtidiyi sabitliyin təkrarlanacağına təminat vermir.
Beləliklə, “Real”ın veteranlardan tədricən qurtulmaqla bağlı planı hücumçu mövqeyində iflasa uğraya bilər. Peres komandanın yeni tsiklə Mbappe və ya Holann kimi gənc superulduzla başlamasını çoxdan arzulayırdı. İndi isə ya yayda 30 yaşını tamalayacaq Keynə görə 100 milyon ödəmək lazım gələcək, ya da mövsümü Benzemanın əvəzediciləri ilə yola verməli olacaqlar. Digər tərəfdən, “Real” Kriştiano Ronaldo ilə Kazemironun gedişini də sakit qarşıladı, bu klubda daxili ehtiyatlarla çalışmağı yaxşı bacarırlar. Bəlkə elə həmin Rodriqo Kriştianonun yoxluğunda əl-qol açan Benzema kimi azadlıq hiss edib daha yüksək səviyyəyə qalxacaq? Bu məsələdə hər şey Madriddə daha bir mövsüm ləngiyəcək Karlo Ançelottidən asılıdı. Kərimin özünə isə ancaq qibtə etmək olar. O, “Qızıl top”un son qalibi statusu ilə kral təqaüdünə çıxır. Kərimin həm də barmağını əməliyyat etdirməyə vaxt tapmadığı yorucu mövsümlərdən qurtulmaq, çoxlu pul qazanmaq, hətta bəlkə hansısa turnir intriqası yaşamaq (Ronaldo ilə rəqabəti maraqla gözlənilir) imkanı var. Benzemanın karyerası uzun illər ərzində birmənalı görünməsə də, indi hamıya bir gerçək aydındı ki, Avropa futbolunu daha bir əsl əfsanə tərk edir...
Niyə məhz 25 nömrəli forma?
“Real”da keçirdiyi 14 ildə əfsanəyə çevrilən Benzema vidalaşma mərasimində Florentino Persə üzərində “mənim prezidentimə, KB9” yazılan 25 nömrəli formasını bağışladı. Niyə məhz 25? Axı Kərim “Real”da 11 və 9 nömrəli formaları geyib. Bu sualın sadə cavabı var! Kərim “Real”dakı karyerası boyunca 25 titul qazanıb, bu göstəricidə rekordu Marselo ilə bölüşür. O, başqa titullarla yanaşı, 5 dəfə Çempionlar Liqasını qazanıb, 4 dəfə ölkə çempionu olub.
Kapitan sarğısı kimə veriləcək?
“Real” ardıcıl 3-cü il kapitanını itirir: 2021-də Ramos, 2022-də Marselo, bu il isə Benzema gedib. Çox güman, bir ildən sonra Modriç də gedəcək. Odu ki, komanda sarğını daşımağa layiq olan adamları müəyyənləşdirməlidi. Gələn mövsüm Naçonun xorvatla sarğını bölüşəcəyi bildirilir. Gedəcəyi və “İnter”in maraq göstərməsi ilə bağlı şayiələrə baxmayaraq, ispaniyalı futbolçunun klubda qalacağı gözlənilir. Dani Karvaxalla Toni Kroos da 2-ci və 3-cü vitse-kapitan olacaq.