“Mançester Siti”nin Çempionlar Liqasının finalına yüksəlməsində qeyri-adi bir şey yoxdusa, digər finalçının “İnter” olmasını gözlənilməzlik saymaq mümkündü.
Düzdü, “İnter”in püşkdə bəxti gətirdi” kimi artıq heç bir əhəmiyyət daşımayan mövzu ətrafında saatlarla diskussiya aparmaq olar.
Amma fakt budu ki, iyunun 10-da İstanbulda meydana məhz milanlılar çıxacaq. Təbii ki, cəmi iki il öncə çempion olmuş komandanı “mövsümün kəşfi” adlandırmaq olmaz. “İnter”in potensialının yüksək olduğu əvvəlcədən də bəlli idi. Sadəcə, son dönəmlərdə bu kollektivin maliyyə və başqa problemlər yaşadığını nəzərə alsaq, ÇL-in finalına yüksəlmək kiçik bir möcüzədi.
İlk addımlar
Adətən, belə nəticələrə görə bütün xoş sözlər məşqçilər korpusuna və ya futbolçulara ünvanlanır. Amma indiki “İnter”in kölgədə qalan gizli qəhrəmanı var. Bu yazıda məhz onun və gördüyü inanılmaz işlər haqda danışacağıq. Söhbət baş menecer Cuzeppe Marottadan gedir. Artıq əminliklə söyləmək olar ki, 66 yaşlı funksioner İtaliyanın XXI əsrdəki ən güclü meneceridi! Bu “İnter”in araya-ərsəyə gəlməsində məhz onun əməyi danılmazdı.
Futbolçu olmadığı üçün Marottanın uşaqlıq illərinin detallarına toxunmağa dəyməz. Qısaca qeyd edək ki, o, 1957-ci ildə İtaliyanın ən şimalında yerləşən Vareze şəhərində doğulub. Cəmi 80 min əhalisi olan bu şəhər İsveçrə ilə sərhəddə yerləşir. Çoxlarının fikrincə, Marotta xaraktercə məhz isveçrəlilərə bənzəyir. O, əksər italiyalılardan fərqli emosional, temperamentli deyil. Sakitliyi, təmizliyi, soyuqqanlı olmağı sevir. Əvvəlcə onun birbaşa “İnter”də gördüyü işlərdən danışaq. Marotta bu vəzifəyə “neradzurra”nın çətin dönəmlərindən birində - 2018-in dekabrında gəldi. 2013-də klubun tarixinin ilk əcnəbi sahibinə çevrilən indoneziyalı biznesmen Erik Tohir problemləri həll edə bilmədi. Onun dönəmində borclar azalmaq əvəzinə durmadan artırdı. 2018-in oktyabrında o, “İnter”i 31 yaşlı çinli Stiven Çjanqa satdı. Klub tarixinin ən gənc sahibinə çevrilən Çjanq o vaxt 8 il işlədiyi “Yuventus”dan yenicə ayrılan Marotta ilə dərhal əlaqə saxlayaraq onu “İnter”ə dəvət etdi. O illərdə Milan klubunun maksimum qazana biləcəyi uğur A seriyasında ilk “4-lüy”ə düşərək ÇL-də oynamaq idi. 2011-dən bəri klubun muzeyinə, ümumiyyətlə heç bit titul daxil olmamışdı! “Yuve”də qazandığı əvəzsiz təcrübə sayəsində “İnter”də həyata keçirmək istədiyi planı qısa müddətdə müəyyənləşdirən Marotta 2019-un yayından etibarən “qollarını çırmalayıb” fəaliyyətə başladı. Onun ilk işi Luçano Spalletti ilə yolları ayırmaq oldu. “Beppe” çox düşünmədən bu posta “köhnə dostu” Antonio Konteni gətirdi. Yaxşı məhsuldarlıq sərgiləməsinə baxmayaraq, Vanda Nara ilə birləşib “İnter”in “qanını sormağa” çalışan Mauro İkardi ilə yollar soyuqqanlı şəkildə ayrıldı. Argentinalı forvard PSJ-yə icarəyə göndərildi. Bu dəyişikliklər paltardəyişmə otağında da neqativ ab-havanın itməsinə səbəb oldu. Çinli investorların pulları sayəsində böyük yenidənqurma mərhələsinə start verildi. “İnter” 2019/20-də 200 milyon avroya yaxın pul xərcləyərək Romelu Lukaku, Kristian Eriksen və Nikolo Barella kimi oyunçuları heyətinə qatdı. Düzdü, mövsüm yenə titulsuz başa vuruldu. Amma irərliləyiş göz önündə idi. “İnter” A seriyasında 2-ci pilləni tutdusa, AL-də finala qədər irəliləyərək orda bu turnirin şahı sayılan “Sevilya”ya uduzdu.
Pillə-pillə qurulan komanda və ÇL-in finalı
Növbəti mövsüm yenidənqurma işləri davam etdirildi. “İnter” nə az, nə çox – düz 21 futbolçu ilə yolları ayırdı. Bu siyahıya 50 milyon avro qarşılığında PSJ-yə satılan İkardi də daxildi. Əvəzində Əşrəf Hakimi, Stefano Sensi, Andrea Pinamonti, eləcə də ucuz və ya havayı başa gələn veteranlar (Kolarov, Vidal, Aleksis Sançes) heyətə cəlb olundu. 2020/21-də “İnter”, nəhayət, “Yuventus”un 9 illik hegemoniyasına son qoyaraq A seriyasının qalibi oldu! Komanda 11 illik çempionluq və 10 illik titul həsrətinə son qoydu. Qəribədi ki, məhz çempionluqdan sonra problemlər baş qaldırdı. Çünki pandemiya klubun səhmdarlarının maddi durumuna ciddi zərbə vurmuşdu. Vəziyyət qəliz idi. 3 il ərzində klubda oyunçuların, məşqçilərin və yönəticilərin maaş büdcəsi 120 milyon avrodan 250 milyon avroya qalxmışdı. Lukaku, Hakimi və Eriksen kimi oyunçuların satılması gündəmə gəldi. Nəticədə Konte çempionluqdan cəmi 25 gün sonra istefa verdi! Marotta bəlkə də böyük futbolda çalışdığı dönəmdə ilk dəfə belə vəziyyətə düşdü. Yerli mətbuat Konteni “satqın” adlandırırdı. “Beppe” isə buna belə reaksiya verdi: “Futbolun məğzi də məhz bundan ibarətdi. Bəzən gözləmədiyimiz şeylər baş verə bilir. Kontenin “İnter”ə çox fayda verdiyiniu və yeni səviyyəyə qaldırdığını etiraf etməliyik. Amma bu artıq keçmişdə qalıb. Bundan sonra nə edə biləcəyimizə köklənməliyik”.
Bu sözlərdən də göründüyü kimi, Marotta çətinlik qarşısında özünü itirmədi və təşvişə düşmədi. O, yenidən planlaşdırma etməli olaraq “qollarını çırmaladı”. İlk növbədə funksioner 3-5-2 sisteminin “neradzurra” üçün əla variant olması qənaətinə gələrək bu sistemlə oynayan məşqçi axtarmağa başladı. Gözə batan ilk isim Simone İnzaqi oldu. Bu mütəxəssis artıq “Latsio” səviyyəsini aşmışdı və yeni çağırışa ehtiyac duyurdu. O, həm taktiki baxışları, həm emosionallığı, həm ehtiyat zonada özünü aparması ilə Konteyə bənzəyirdi. Yəni Kontedən sonra Marotta İnzaqidən ideal namizəd tapa bilməzdi. Zaman göstərdi ki, bu ayrılıqdan uduzan Antonio oldu. Çünki onun “Tottenhem” macərası uğursuz və qalmaqallı şəkildə yekunlaşdı. Lukaku, Hakimi və Politanonun satışından 202 milyon avro əldə edən Marotta heyətə ucuz, amma faydalı oyunçular cəlb etməyə başladı. “Çelsi”yə 115 milyon avroya satılan Lukakunun yerinə 2,8 milyon avroya Edin Dzeko, 67 milyon avroya PSJ-yə satılan Hakiminin yerinə 14,3 milyon avroya Denzel Dyumfris, məlum səbəblər üzündən klubu tərk etməli olan Eriksenin yerinə tam pulsuz (!) Hakan Çalhanoğlu gətirildi. Düzdü, bu heyət çempion statusunu qoruya bilmədi və bu dəfə skudetto əzəli rəqib “Milan”a qismət oldu. “İnter” ölkə kuboku ilə kifayətlənməli oldu. Ötən yay Marotta yenə sehirli işlər gördü. Xoakin Korrea daimi əsasda transfer edildi. Eləcə də bəzi oyunçular icarəyə götürüldü. Onların arasında İngiltərəyə heç cür uyğunlaşa bilməyən Lukaku da var idi! Ən əsas Marotta qapıçı Andre Onana ilə Henrix Mxitaryanı tam pulsuz “İnter”ə qazandırdı. Bir neçə gündən sonra ÇL-in finalında meydana çıxacaq komandanın əsası məhz bu cür qoyuldu. Komanda o qədər mükəmməl komplektləşib ki, hətta Milan Şkrinyar kimi aparıcı müdafiəçinin yoxluğu da nəzərə çarpmır. Düzdü, bu mövsüm A seriyasını qazanmaq yenə mümkün olmadı. Fenomenal “Napoli” hamını kölgədə qoydu. Amma milanlılar artıq iki titul – ölkə superkuboku ilə kubokunu qazanıblar. ÇL də qazanılsa, A seriyası heç kimin yadına da düşməyəcək.
“Beppe” ÇL-i qazanmağa layiqdi
Ümumiyyətlə, “Beppe”nin karyerası sanki uğurlu layihələr toplusudu. Özü də İtaliyanın bir çox yerində. Hətta uzun illər ölkə futbolunda hegemonluq edən həmin “Yuventus” da onun əməyinin nəticəsidi! Marotta ilk dəfə baş menecer vəzifəsini 22 yaşında icra etməyə başladı. Həmin vaxt ona doğma şəhərinin klubunu, yəni “Vareze”ni etibar etdilər. Hətta belə gənc yaşda da o, nəticə verməyi bacarmışdı. Bu cür kasıb klub ardıcıl 5 il B seriyasında çıxış etməklə çoxlarını təəccübləndirmişdi. Marottanın sonrakı iş yeri “Montsa” oldu və klub B seriyasına yüksələrək orda iki mövsüm keçirdi. 1995-də “Venetsiya” məhz onun gəlişindən sonra 30 illik fasilənin ardından elitaya yüksəldi. 1999-da onun ikiillik “Atalanta” macərası başladı. Marottadan əvvəl və sonra heç ortabab da sayılmayan berqamolular bu 2 il ərzində əvvəlcə 7-ci, sonra 9-cu pilləni tutdular. Bütün İtaliya onun haqqında 2000-ci illərin əvvəllərində “Sampdoriya”da çalışarkən danışmağa başladı. Məşhur Genuya təmsilçisi “Beppe”yə qədər B seriyasında 11-ci yeri tutmuşdu. Amma daha öncə “Venetsiya”da birlikdə işlədiyi Valter Novellinonu baş məşqçi postuna gətirən və bir sıra diqqətçəkən transferlər həyata keçirən qəhrəmanımız “Sampa”nı ilk mövsümdəcə A seriyasına qaytardı. Genuyalılar elitada əvvəlcə 8-ci, sonra 5-ci pilləni tutaraq ÇL-ə vəsiqənin biraddımlığına qədər gəldilər. Marotta əməyinin nəticəsini, nəhayət, 2009/10-da gördü. “Sampdoriya” 4-cü yeri tutmaqla ÇL-ə vəsiqə qazandı. Amma klub təsnifatda “Verder” səddinə ilişərək qrup mərhələsindən kənar qaldı. Hərçənd həmin vaxt Marotta artıq ayrılmışdı. Onun gördüyü işlər “Yuventus”un diqqətini cəlb etmişdi. Məhz 2010-un yayında “Yuve”də Andrea Anyelli və Marotta dönəmi başladı. Qalanı isə tarixdi. Özü də qızıl tarix. Hərçənd Marottanın möhtəşəm karyerasında qazana bilmədiyi bir titul var. “İnter” onun həsrətinə son qoya bilər. Təbii ki, söhbət ÇL-dən gedir. “Yuventus” onun işlədiyi dönəmdə iki dəfə finalda oynasa da, hər iki halda İspaniya nəhənglərinə - 2015-də “Barselona”ya, 2017-də “Real”a boyun əyib. Gəlin etiraf edək ki, belə funksioner Avropanın ən mötəbər klub turnirində qələbənin dadını hiss etməyə layiqdi.