Türkiyə mətbuatında ''Cim-Bom''un ünlü argentinalı forvard üçün vida oyunu keçirməyi planlaşdırdığı haqda xəbərlər yayılmışdı. Özbək bu iddianı təsdiqləyib. Türkiyə çempionu avqustun 2-də ''Renn'', avqustun 8-də ''Vilyarreal'' ilə yoxlama oyunu keçirəcək. Hər iki görüş doğma ''Rams Park''da baş tutacaq. Rəhbərliyin İkardini məhz ''Renn'' ilə oyuna dəvət etdiyi bildirilirdi.
Plana görə təcrübəli futbolçu oyunun sonlarına yaxın əvəzlənərkən bütün stadion tərəfindən alqışlanmalı və görkəmli şəkildə yola salınmalıdı. Amma məsələ burasındadı ki, İkardi rəhbərlikdən inciyib. O indiyə qədər ''Qalatasaray''la bağlı heç bir vida paylaşımı etməyib. Baxmayaraq ki, klub tarixinin ən məhsuldar əcnəbi futbolçusu statusundadı. Ona görə də onun bu təklifi qəbul edəcəyinə dair ciddi şübhələr var.
Dursun Özbəki dinləyək:
''İkardi bizim üçün çox dəyərli futbolçudu. Bizim üçün etdikləri heç vaxt unudulmamalıdı. İkonalarımızdan biridi. Onun üçün bir vida mərasimi planlaşdırmışıq və özünə də bildirmişik. Ondan cavab gözləyirik. ''Qalatasaray''ın uğuru hər şeydən önəmlidi. Heç bir futbolçunun, başqanın, idarə heyətinin üzvünün klubun uğurunun önünə keçəcək bir hərəkətinin ola biləcəyini düşünmürəm. Atdığımız bütün addımlar da buna uyğundu. İkardinin bizim üçün etdiklərini heç vaxt inkar etməmişik. Onu hər zaman təqdir etmişik və işin son mərhələsi üçün ona dəvət göndərmişik. Qəbul edəcəyinə ümid bəsləyirik''.






