“Qarabağ”ın sabiq bolqarıstanlı futbolçusu Simeon Slavçev ÇSKA ilə cavab oyunundan danışıb.
“Football-plus.az” “sportal.bg” saytına istinadla xəbər verir ki, o, “Qarabağ”dan bəhs edib, Qurban Qurbanovun bacarıqlarından söz açıb:
“Qarabağ” Azərbaycanın rəmzidi. Bir çox insan komandanı dəstəkləyir, ancaq azarkeş kütləsi və dəstəyi sarıdan ÇSKA ilə müqayisə oluna bilməz. 15 ildən çoxdu klubda olan baş məşqçi Qurban Qurbanovun özünəməxsus tərzi var. Transferlər, siyasət, məşq metodları, ümumiyyətlə, bütün məsələlərdə söz sahibidi. Bu komandada xaos olmur. “Qarabağ” indiyə qədər avrokuboklarda yaxşı nəticələr qazanıb. Büdcəsi isə o qədər də böyük deyil. Kollektiv uduzsa da, fəlsəfəsinə sadiq qalır. İlk oyundan əvvəl qolsuz heç-heçənin ÇSKA üçün müsbət nəticə olacağını demişdim. İndi tərəfdarlar tribunaları doldurmalı, oyunçulara fərdi dəstək göstərməlidi. Baş məşqçi Xristo Yanevin planından xəbərdar deyiləm. Ancaq o, ilk oyundan əvvəl bir planının olduğunu, görüşdən sonra isə planının işə yaradığını demişdi. Yəqin ki, bu dəfə də bildiyi nəsə var. Hər halda, qarşılaşmanı böyük maraqla gözləyirəm. Çünki Qurban Qurbanov rəqibi təhlil etməkdə çox peşəkardı. Taktiki tələlər qura bilir”.
Xatırladaq ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ÇSKA – “Qarabağ” oyunu iyulun 30-u, saat 22.00-da başlayacaq.
KƏNAN BAHADIR