Türkiyənin AÇ-2024-ün seçmə mərhələsindəki macərası bu gün İrəvanda start götürür.
''Ay-ulduzlular''ın aparıcı oyunçularından olan Cengiz Ündər bu prinsipial qarşılaşma ilə bağlı açıqlamalar verib. Yığmada indiyə qədər 45 oyuna 15 qol vuran və komandanın tarixində ən məhsuldar oyunçuların siyahısında Zəki Rza Sporel ilə birlikdə 11-12-ci pillələri bölüşdürən Cengiz ''Marsel''in çalışdırıcısı İqor Tudorla yola getmədiyi üçün Fransa klubundan ayrılmaq üzrə idi. Amma sonradan o, Tudora və onun oyun sisteminə alışdı:
''Yığmada olmaq hər zaman fərqli bir duyğudu. Komandanın düşərgəsinə həmişə böyük istəklə gəlirəm. Ab-hava çox yaxşıdı. Seçmə mərhələyə qələbə ilə başlamaq və Xorvatiya ilə ikinci oyuna yüksək əhval-ruhiyyədə çıxmaq istəyirik. ''Roma''da Mxitaryan mənim komanda yoldaşım idi və onunla yaxşı anlaşırdıq. Onun yığma karyerasını bitirib-bitirməməsi, burda olub-olmaması bizi maraqlandırmır. Biz bura yalnız qələbə üçün gəlmişik. Matçın atmosferinə gəlincə, biz futbolçularıq və bura işimizi görməyə, yəni futbol oynamağa gəlmişik. Matçı oynayıb gözəl şəkildə vətənimizə qayıtmaq istəyirik. Son AÇ-də qrupdan çıxa bilmədik. DÇ-dən də kənar qaldıq. Yəni qarşıdakı turnirin önəmi bir qədər də artıb. Nəyin bahasına olursa-olsun final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Almaniyada mütləq Türkiyənin də bayrağı dalğalanmalıdı. ''Marsel''də yeni sistemə alışmaq ilk vaxtlar mənim üçün çətin oldu. Çünki məşqçi məndən həmişəkindən daha çox müdafiə olunmağımı tələb edirdi. Zaman ötdükcə buna alışdım. Son aylarda müdafiə planında bir xeyli inkişaf etdiyimi düşünürəm. Son oyunların hamısında start heyətində meydana çıxmışam. Yığma komandada isə rolum fərqlidi. Düzdü, mövqe eynidi, amma yığmada daha hucumameyilli oynayıram. Ona görə də qol və məhsuldar ötürmələrimin sayı çoxdu. Ermənistana qarşı oyunda da qol vuracağıma, ən azı məhsuldar ötürmə verəcəyimə inanıram''.