''Qarabağ''ı Konfrans Liqasında mübarizədən kənarlaşdıran ''Marsel'' Fransa çempionatının son turunda səfərdə ''Brest''i 4:1 hesabı ilə darmadağın etdi.
Xalını 50-yə yüksəldən komanda turnir cədvəlində 2-ci pilləyə qalxdı. Bu görüşdə ''Marsel''in 4-cü qolunu türkiyəli vinger Cengiz Ündər vurdu. Müqavilə ilə ''Roma''ya məxsus olan 24 yaşlı futbolçu bu mövsüm 34-cü rəsmi oyunda 10-cu dəfə fərqlənməyi bacardı. Bu da o deməkdi ki, Cengiz peşəkar karyerasının ən məhsuldar mövsümünü keçirir. Onun əvvəlki ən yaxşı göstəricisi 2016/17-də qeydə alınmışdı. İstedadlı futbolçu həmin mövsüm ''İstanbul BŞ''nin heyətində 43 rəsmi oyuna 9 qol vurmuşdu. Cengizin bu mövsüm Fransa çempionatında 8, Fransa kuboku ilə Avropa Liqasının hər birində isə 1 qol vurduğunu və bundan başqa 3 məhsuldar ötürmə verdiyini də bildirək.