“Qarabağ” səfərdə “Frayburq”a uduzmaqla Avroliqaya uğursuz başladı.
Bununla belə, ilk 15 dəqiqəni nəzərə almasaq, “köhlən atlar” heç də pis təsir bağışlamadı. Görəsən, Şahin Diniyev Ağdam təmsilçisinin oyunundan razı qalıb? Bununla bağlı təcrübəli mütəxəssisin fikirlərini təqdim edirik:
“Qarşılaşmanı dəqiqələrə bölmədən ümumi dəyərləndirsək, “Qarabağ” bundesliqanın hazırkı liderinə qarşı həqiqətən də möhtəşəm oyun keçirdi. Komandada xarakter gördük. 0:2-dən sonra matçın “ip”ini əlindən buraxmaması həqiqətən də komandanın möhtəşəmliyini göstərir. Başqa komanda olsaydı, bunu bacarmazdı və oyun daha böyükhesablı məğlubiyyətlə nəticələnərdi. Lakin “Qarabağ” çətin vəziyyətdən çıxdı. İlk 15 dəqiqəni çıxmaq şərtiylə 75 dəqiqə çox gözəl oyun nümayiş etdirdi. Bunu statistik göstəricilərdən də görmək mümkündü. Sadəcə, nəticə qaranlıq qaldı. Hesab da ən azı bərabər olsaydı, daha ədalətli olardı. Çempionlar Liqasındakı oyunlarına da baxsaq, görərik ki, “köhlən atlar” eyni futbol nümayiş etdirir, topa sahibolmada rəqibi üstələyir. Həqiqətən də “Qarabağ”da komanda ruhu var. Bu qrupda favorit yoxdu, 4 komandanın hər biri lider də ola bilər, sonuncu da. Yəni şanslar bərabərdi. Komandalar aşağı-yuxarı eyni gücə sahibdi. Ona görə də hansısa oyunda kimin qalib gələcəyini demək olmaz. “Qarabağ” da Almaniyada yaxşı oynasa da, qalib gələ bilmədi. Əsas odu ki, istənilən komanda ilə dueldə oyun üslubunu göstərməkdən çəkinmir. Belə baxanda, “Nant” da favoritdi. Lakin hər şey dəyişə bilər. “Olimpiakos” “Frayburq”u udsa, “Qarabağ” da “Nant”a qalib gəlsə, yenə də şansların bərabər olduğu ortaya çıxacaq. 6 oyunluq bir yoldu, gedirlər. Komandmız əlinə düşən fürsətlərdən istifadə etməlidi… “Qarabağ”ın əvvəlki oyunlarında da rəqib tərəfindən təzyiq var idi. Bu gün texnika dövrüdü. Komandalar bir-birini təhlil edir. Başlanğıcdan təzyiq oldu. Penaltidən sonra “Qarabağ” ruhdan düşmədi. Deməzdim ki, “böyük beşlik” ölkələrinə qarşı oyunlarda həyəcan, psixoloji gərginlik olur”.
ŞAİR ABDULLA