Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" bu gün səfərdə "Sürix"lə cavab matçına çıxacaq.
"Football-plus.az" saytı olaraq "köhlən atlar"ın şansını dəyərləndirmək üçün Tərlan Əhmədovla danışdıq. Təcrübəli mütəxəssisin fikri belə oldu:
"Bir həftə öncə "Qarabağ" Bakıda İsveçrə təmsilçisinə 3:2 hesabı ilə qalib gəlsə də, bu gün komandanı səfərdə çox ağır oyun gözləyir. Bəlkə hesab 3:1 olsaydı, təmsilçimiz daha rahat səfərə yollanardı. Bakıdakı matçın 2-ci hissəsində "Sürix" sərgilədiyi oyunla göstərdi ki, son dərəcə ciddi rəqibdi və bütün potensialını ortaya qoyub mərhələ keçməkyə çalışacaq. Rəqib 2 çempionat matçında da iştirak etdiyindən oyun təcrübəsi baxımından da problemi yoxdu. Yəni bütün parametrlərdə "Qarabağ"la başabaş mübarizə aparacaq. Ağdam təmsilçisində hücumda Zubirin, Kadinin, Vacinin timsalında yaradıcılıq göz oxşasa da, müdafiə xəttində ciddi problemlər var. Məhz bu səbəbdən komanda son 3 oyunda qapısından 4 top buraxıb. "Qarabağ" mərhələ keçəcəyi təqdirdə, mütləq müdafiə xəttinə təcrübəli oyunçu transfer etməlidi. Qurban Qurbanova ümidimiz böyükdü, bütün xalq olaraq inanırıq ki, futbolumuzun flaqmanı bu gün mərhələ keçəcək. "Qarabağ"'a uğurlar arzu edirəm".
ABDULLA İSMAYILOĞLU