“Qarabağ” srağagün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda İsveçrə çempionu “Sürix”lə qarşılaşdı.
Xüsusən ilk yarıda aşkar üstünlüyə malik olan ağdamlılar sonda meydandan 3:2 hesablı qələbə ilə ayrıldı. Oyunsonrası mətbuat konfransında Qurban Qurbanov cavab matçına qələbə üçün çıxacaqlarını söylədi. Bu da “Qarabağ”sevərləri daha da ümidləndirdi.
Görəsən, Ağdam təmsilçisi mərhələni keçə biləcək? “Köhlən atlar” səfərdə “Sürix”i üstələyəcək?
Suallarımızı menecer Vaqif Heydərliyə ünvanladıq. Tanınmış agent “Qarabağ”ın səfərdə daha uğurlu çıxış etdiyini bildirdi:
“Qarabağ” son dövrlərdəki ən yaxşı oyunlarından birini keçirdi. Nəzərə alaq ki, rəqib tanınmış komandadı. Oyunçularının qiymətindən tutmuş, oyunlarına qədər bütün komponentlərə fikir versək, “Qarabağ”ın bu matçda qələbə qazanması çox böyük uğurdu. Buna baxmayaraq, biz hətta heyifsilənirik ki, niyə 2 top fərqi ilə qələbə qazanmadıq? Amma bu səviyyədə oyunlarda böyükhesablı qələbələri nəzərə almasaq, başqa matçlarda şanslar həmişə bərabər olur. Çünki bu səviyyədə olan klublar istər evdə, istərsə də səfərdə oynasın, şansını həmişə qoruyub saxlayır. Hesab arasındakı fərq iki top olsaydı, yenə eyni sözü deyəcəkdim. “Qarabağ” sürətli hücum qurmağı bacaran komandadı, sürətli futbolçuları var. Onu da dəfələrlə sübut edib ki, səfərdəki oyun modeli daha uğurlu olur. Bunu əvvəlki görüşlərdə də görmüşük. Daxilən bir ümidimiz var ki, komandamız səfərdə evdəkindən daha yaxşı çıxış edəcək”.
ŞAİR ABDULLA