Mən bu rubrika altında gedən yazılarda, adətən, turnirlə bağlı əsas tendensiyalara və diqqəti cəlb edən məqamlara toxunuram. Ancaq bu yazı istisna olacaq. Ona görə ki, şənbə günü səhər saatlarında yuxusuna haram qatıb, ekran önünə keçən, Türkiyənin acı məğlubiyyətindən sonra isə yuxusu birdəfəlik qaçan milyonlarla futbolsevərdən biri də mənəm.
Türkiyə yığmasının heyətində yer alan futbolçuların istedadına kimsə şübhə etmir. Hətta bu nəsli “qızıl nəsil” adlandırırlar, ən yüksək hədəflər uğrunda oynamağa qadir olduğunu düşünürlər. Təkcə bir faktı xatırlatmaq kifayətdi: bu gün heyətdə yer alan futbolçulardan 9-u (!) “böyük beşlik” ölkələrində çıxış edir. Deməli, bu komandaya ümid bəsləməyə, 2000-ci illərin əvvəlində qazanılan uğurların təkrarlanacağını gözləməyə dəyərdi. Bəli-bəli, mən “ay-ulduzlular”ın 2002-də dünya, 2008-də Avropa çempionatında üçüncü olmasını nəzərdə tuturam. Amma nə oldu? Heç nə! Ulduzlardan qurulan komanda ulduz-komandaya çevrilə bilmədi.
Bunun səbəbləri ilə bağlı ən müxtəlif versiyalar var. Türklərin fərqi saat qurşağına görə özünü göstərə bilməməsindən tutmuş Vinçentso Montellanın məşqçi bacarığının belə böyük turnirlərə komanda çıxarmağa imkan verməməsinə qədər fərqli dəlillər irəli sürülür. Saat qurşağı gülməli dəlildi, ona görə ki, Türkiyə yığması bu turnirə qatılan yeganə Avropa təmsilçisi deyil, hamı eyni şərtlər altında oynayır, İran yığmasını çıxsaq, ayrı-seçkilik əlamətləri hiss edən də yoxdu. Montellanın məşqçi bacarığını da dartışmağa dəyməz – bu komandanı uzun fasilədən, yəni 24 ildən sonra mundiala türk məşqçi yox, məhz adı çəkilən italiyalı mütəxəssis daşıyıb.
Yaxşı, bəs onda problem nədi və ya nədədi?
Şəxsən mənim ağlıma gələn ilk variant “ay-ulduzlular”ın bu təzyiqin və gərginliyin altından çıxa bilməməsidi. Medianın hansısa günahı yoxdu, sadəcə, Türkiyənin futbol ictimaiyyəti yığma ətrafında elə mühit yaratmışdı ki, guya bu, tanıdığımız bir komanda yox, məsələn, Fransa və ya İspaniya yığmasıdı. Görünür, məhz bu məqam, yəni az qala özündənrazılıq mərhələsinə keçən özünəinam türklərlə acı zarafat etdi – onların rəqibin kimliyinə fikir vermədən qələbəyə hədsiz inanması son nəticədə öz oyunlarını itirməsinə, başıalovlu hücuma atılmaq isə oyun intizamının pozulmasına səbəb oldu. Hələ mən istənilən komanda üçün önəmli olan bəxt amilini demirəm ki, o türklərdən birmənalı şəkildə üz döndərmişdi.
Maraqlı bir məqam var: Türkiyə tarixinin ən böyük uğurunu qazananda – dünya üçüncüsü olanda da heyətdəki futbolçulardan 9-u “böyük beşlik” ölkələrində çıxış edirdi. Amma həmin yığma 2000-ci ildə həm UEFA kubokunu, həm də Superkuboku qazanan “Qalatasaray”ın bazasında qurulmuşdu. Komanda oyunu, futbolçuların qarşılıqlı anlaşması, ən nəhayət, liderlik xarizması ən üst səviyyədə idi. O komandada Rüştü Rəçbər və Bülənt Korkmaz, Alpay Özalan və Tuqay Kərimoğlu, Hakan Şükür və Ərgün Pənbə var idi. Bugünkü Türkiyə yığmasında çətin anlarda məsuliyyəti üzərinə götürə, oyundaşlarını arxasınca apara bilən lider yoxdu! Təəssüf ki, nə Hakan Çalhanoğlu bunu bacardı, nə də Merih Dəmiral, Kərəm Aktürkoğlu, Abdulkərim Bardakcı kimi başqa veteranlar. Bütün bunlar olmayanda isə ortaya Nihat Kahvecini ağladan mənzərə çıxır.
Amma həmin gün ağlayan təkcə türk futbolunun uğuru üçün əlindən gələni əsirgəməyən, Azərbaycana münasibətdə də daim həssas davranan Nihat deyildi. Bu yığma böyük bir coğrafiyada yaşayan dünya türklərinin ümidlərini alt-üst etdi, azarkeşlərini göydən yerə çırpdı.
Görürəm, oxuyuram ki, Arda Gülər, Hakan Çalhanoıu uğursuzluğa görə üzr istəyir, ən azı ağır mənəvi durumu düzəltməyə çalışır. Ancaq nə olur-olsun, turnirə böyük hədəflərlə yollanan komandanın sona bir ay qalmış mübarizəni dayandırmasının heç bir ciddi izahı, bu futbolçulara bəraət qazandıracaq dəlil yoxdu. Fiaskodu, rəzalətdi, Allah bilir, nədi...
HUŞƏNG