Açığı, mən bu slovakları belə səbirsiz xalq bilməzdim. Avropada yaşayasan, belə səbirsiz olasan?
Bəs qədim mədəniyyət nümunələri, səbrin sonunun səlamət olması, səbr edən dərvişin muradına erməsi... Heç adam da belə iş tutar? Bu hadisədən sonra slovaklardan çox incimişəm. Çətin ki, onları bağışlayıb, günahlarından keçəm. Slovakiya millisinin baş məşqçisi Ştefan Tarkoviç Bakıdakı görüşdən əvvəl istefaya göndərilib. Yerli federasiya milli komandanın Qazaxıstana 0:1 hesabıyla uduzmasının günahkarı kimi onu görüb, bu məğlubiyyəti ona bağışlamayıb. Çox amansız və qeyri-peşəkar davranışdı. Məgər yığmanın baş məşqçisi futbolçu yetişdirib oyuna buraxır? Futbolçular klublarda məşq edir, milliyə gəlir. Özü də yığmanın baş məşqçisinin onlarla məşq etməyə, fəlsəfəsini aşılamağa çox az vaxtı olur. Ona görə də bu cür məğlubiyyətə görə məşqçini günahlandırmaq, onu istefaya göndərmək çox ədalətsiz davranışdı.
Qazaxıstana uduzmaq dünyanın sonudu? Nə olsun, a kişilər? Slovakiyadan əvvəl Qazaxıstana biz də uduzmuşuq. Özü də slovaklar qapılarından bir top buraxmışdı, biz ikisini. Elə həmin gün də Slovakiya səfər oyununda Belarusa qalib gəlmişdi. Adam bu qədər unutqan olmaz axı! Belarusla oyundakı qələbənin üzərindən üç gün keçən kimi qalibiyyətin memarını istefaya göndərməyin adı nədi? Bu haqsızlığı heç Allah da götürməz. Kişi sizə üç gün əvvəl 3 xal qazandırıb, qələbə sevinci yaşadıb. Biz isə qələbənin nə olduğunu unutmuşuq. Bu slovaklar bizim yerimizdə olsalar, ümumiyyətlə, başlarını itirər, özlərini dağdan üzüaşağı atarlar. Onların 6:0 hesabıyla qalib gəldikləri Maltaya biz 0:1 uduzmuşuq. Özü də həmin oyunda da Slovakiyanı indi istefaya göndərilən, urvatsız şəkildə yola salınan Ştefan Tarkoviç çalışdırırdı. Böyükhesablı qələbənin memarına qarşı edilən indiki ayıb yerə-göyə sığmır. İnsaf da dinin yarısıdı. Elə həmin Tarkoviçin rəhbərliyi altında Slovakiya millisi təxminən 1 il 3 ay əvvəl güclü Rusiya yığmasını məğlub etmişdi. Nə tez unuduldu bütün xoş günlər?
Biz qazaxlarla oyundakı yenilgiyə görə italiyalı baş məşqçi Canni de Byaziyə güldən ağır söz deməmişik. Heç ondan əvvəl Latviya və Maltaya məğlub olanda da italiyalı qonağımızın xətrinə dəyməmişik. Sonra da avropalılar deyir ki, şərqlilərin mədəniyyəti yoxdu, hər şey qərbdən başlayır. Mən Tarkoviçin başına gələnlərdən sonra əmin oldum ki, ikili standartlar, ədalətsizliklər elə qərbdən başlayırmış. Düzdü, buna qədər də bilirdim. Son hadisədən sonra bu əminliyim yüzdəyüz oldu. Daha heç kim məni fikrimdən döndərə bilməz. Ayıb olsun, ayıb. Lüksemburq yığması qısa müddət ərzində bizə iki dəfə qalib gəlib. Hər ikisində də millinin başında De Byazi dayanırdı. Ermənilərin İrəvanda udduğu İrlandiya Bakıda bizim qapımıza 3 cavabsız top vurub. Yenə də millimizi meydana De Byazi çıxarmışdı. Canı sağ olsun, 3 qol nədi ki, ondan ötrü o boyda məşqçiyə nəsə deyək?! Adam Albaniya yığmasını Avropa çempionatının final mərhələsinə çıxarıb. Yenə də ona minnətdarıq ki, özünə əziyyət verib, İtaliyadakı rahat həyatını, evini-eşiyini qoyub, Azərbaycanda işləməyə razılıq verib.
Birdən kimsə fikirləşər ki, De Byazinin AFFA-da “day-dayı” var. Ona görə də italyan mütəxəssisə münasibətdə həssas davranıb, ondan hesabat tələb etmirik. Əsla belə deyil. AFFA bütün əcnəbi məşqçilərə eyni gözlə baxır, onları bağrına basır. Azərbaycan futbolunun başbilənləri təkcə yerlilərə qarşı tələbkardı, onlardan qısa müddətdə nəticə tələb edir. Gəlmələr isə burda tanrı kimi yaşayıb, ürəyi istədiyini edə bilər. Yaxşı yadımdadı, alman Berti Foqts bir dəfə komandamızı vətəninə - təlim-məşq toplanışına aparmışdı. Ordakı hazırlıq çərçivəsində millimiz Berlin “Union”u ilə qarşılaşmışdı. Həmin vaxt bu komanda aşağı bundesliqaların birində çıxış edirdi. Buna baxmayaraq, berlinlilər Foqtsun çalışdırdığı yığmanı 1:0 hesabıyla məğlub etməyi bacarmışdı. AFFA buna görə herr Bertiyə acıqlanıb, onu istefayla hədələdimi? Təbii ki, yox! Ondan sonra da belə olub. Robert Prosineçkinin də, məşqçiliyi Azərbaycan millisində öyrənən Nikola Yurçeviçin dönəmi də belə idi. Biz hər məğlubiyyətə görə məşqçiləri sıxma-boğmaya salıb, onları istefaya göndərsəydik, yığmanı çalışdırmağa mütəxəssis tapmazdıq ki. Odu e, U-21 millimiz Finlandiyaya 0:3 uduzub, serbiyalı çalışdırıcı Milan Obradoviç da deyib ki, diqqətini Norveçlə oyuna yönəldib. Yəni məğlubiyyəti unudun, getsin.
Slovaklar da qazaxlarla oyundakı məğlubiyyəti unudub, diqqətlərini bizimlə oyuna yönəltməliydilər. Hələ ki bizdən öyrənəcəkləri çox şey var. Odu ki, onlar öyrənməklərində olsun, mən də qınamağımda. Ştefan Tarkoviç də ürəyini sıxmasın. Kim bilir, bəlkə bir gün AFFA ona da əla təklif göndərdi...
AMAL