Yığmanın Maltaya uduzmasından sonra həm futbolçuların, həm də baş məşqçinin ünvanına tənqidlər kəskin artıb.
Bunu nəzərə alaraq mütəxəssis fikrinə ehtiyac duyduq:
Aslan Kərimov:
“Bir komanda məğlub olursa, onun günahını yalnız baş məşqçidə və ya oyunçularda axtarmaq düzgün deyil. Davamlı məğlubiyyətlər təqdirində baş məşqçi, köməkçiləri və bütün futbolçular, bir sözlə, komanda günahkardı. Qalib gəlirlərsə, birlikdə bu nəticəni əldə edirlər. Buna görə də kiminsə günahını önə çəkib digərini arxa plana atmaq istəmirəm. Uduzublarsa, kollektiv üzərinə qoyulan vəzifənin öhdəsindən gələ bilməyib. İstər texniki heyət olsun, istərsə də oyunçular. Bu, komandanın günahıdı. Malta ilə oyunda top itkilərinin sayı həddən artıq çox oldu. Xüsusən də hücumların təşkili zamanı buna daha çox yol verdik. Müdafiədən hücuma çıxarkən rəqibin yarımmüdafiəçiləri və forvardları arasından topu keçirə bilmirdik. Demək olar ki, hər iki-üç ötürmədən biri rəqibə çatırdı. Belə çox səhv edirsənsə, qalib gəlmək şansın azalır. De Byazinin oyunçu seçiminə gəlincə, düşünürəm ki, kənarda qalan futbolçu olmadı. Mərkəz müdafiəçisi kimi Şəhriyar Əliyevi götürmək olardı. Son vaxtlar çox yaxşı performans sərgiləyir. Amma onun mütləq götürülməli olduğunu da iddia etmirəm. Baş məşqçi lazım bildiklərini seçib və özü hər şeyi yaxşı bilir. Hansısa futbolçunu kənarda qoyduğu üçün milli uduzmadı. Yəni bu səbəb deyil. Dəvət edilənlərin hamısı yığmada oynamağa layiqdi. Ancaq Maltaya qarşı nə dərəcə özlərini göstərdilər, bu suallara açıq mövzudu”.
Mahir Şükürov:
"Bu haqda danışmaqdan yorulmuşam. Nə deyim bilmirəm. De Byazi nə vaxt özü futbolçu seçib ki? Ona həmişə siyahını gətirib veriblər. O da ona uyğun oyunçu çağırıb. İki il yatıb - yatıb təcrübəli futbolçulara güvənməyib. İndi də deyir ki, milliyə təcrübəli oyunçu lazımdı. Dünya futbolunda da belə bir yazılmamış qanun var ki, təcrübəli futbolçu olmasa gənclər də yetişməz. Özü italyalıdı. Elə öz ölkəsini nümunə götürərdi. Baxsın görsün müdafiədə kimlər oynayır. Kellinin , Bonuccinin 37 -38 yaşı var. Heç digərlərini demirəm".
SƏNƏM FƏRHADOVA