Paris Olimpiadasının yekun medal sıralamasını təqdim etmişdik.
Onu da bilin ki, komanda hesabında birincilik uğrunda mübarizə son ana qədər davam etdi. Ümumiyyətlə, son vaxtlar Olimpiadalarda medal zaçotunda inanılmız sıxlıq yaşanır, həlledici yerlərin sahibləri yarışların son günündə müəyyənləşir. Paris Olimpiadası da bu mənada istisna olmadı. 330 medal dəstinin oynanıldığı turnirdə intriqanın son ana qədər qorunması inanılmazdı. Amma Çin və ABŞ atletlərinin nümunəsində ikinci dəfə bunu gördük. Bu dəfə medal zaçotunun taleyi nəinki son gündə, hətta son idman növündə - qadın basketbolçular arasında turnirin finalında müəyyənləşdi.
Qızıl yarışı
Olimpiadanın sonuncu gününə Çin lider kimi qədəm qoydu – bu ölkənin 39, Amerikanın 38 qızıl medalı var idi. Qızıl sayı bərabərləşsəydi, ABŞ 1-ci yerə çıxacaqdı, çünki bu ölkənin idmançılarının gümüş medallarının sayı daha çox idi. Çinli Li Venven səhər saatlarında ağır atletikada (81 kq-a qədər) çempion olub, ölkəsinin “qızıl” sayında üstünlüyünü ikiyə çatdırdı. Ardından çinlilərin qonşusu Yaponiya Amerikaya daha bir zərbə vurdu, yəni qadın güləşinin finalında Yuka Kaqami ABŞ təmsilçisi Kennedi Bleydsi məğlub etməklə fərqin 1-ə enməsinə imkan vermədi.
Hər kəsə elə gəlirdi ki, amerikalıları yalnız möcüzə xilas edə bilər. Düzdü, qadınlar arasında basketbol turnirinin finalı qalırdı, burda meydan sahibləri ilə qarşılaşan ABŞ aşkar favorit sayılırdı. Yaxşı, bəs 2-ci “qızıl”ı necə qazanmalı? Millətin xilaskarı tapıldı – Cennifer Valente velotrekdə omnium yarışının qalibi oldu. Gerilik yenidən 1 qızıl medal həddinə endi.
Və bu zaman aydın oldu ki, amerikalı basketbolçular heç də finalın aşkar favoriti deyilmiş. Onlar 1992-ci ildən bəri daim qazandıqları finalda bu dəfə ciddi problem yaşadı. Oyunboyu 2-4 xal fərqi ilə geridə olan Fransa sonda az qala oyunu overtayma daşıyacaqdı – 66:67. Fransalı Vilyams sonuncu saniyədə topu səbətdən keçirsə də, atışı 3 yox, 2 xallıq zonadan olmuşdu.
Beləliklə, “qızıl” sayında hesab bərabərləşdi (40:40), “gümüş” sayında isə Amerikanın aşkar üstünlüyü (44:27) var idi. Kim bilir, bəlkə də bir neçə ildən sonra hansısa qalibdə dopinq aşkarlanacaq.
Xal sistemi
Gözlənildiyi kimi, medal zaçotunda 3-cü yeri Yaponiya tutdu. Çoxlu gümüş və bürünc medal qazanan fransızlar çətin ki, yekun nəticədən məmnun olsun. Olimpiadanın təşkilatçısı bütün ilk həftə boyunca liderlik etdi, ancaq sonra üzgüçülük yarışları bitdi, Marşan missiyasını yerinə yetirdi və “üçrənglilər” 2-ci həftədə cəmi bir neçə qızıl qazandı. Nəticədə Yaponiya 20 qızıl medallar inamla 3-cü yeri tutdu. 4-cü yerdə 18 “qızıl”ı olan Avstraliya qərarlaşdı. Beşinci olan Fransanın 16, 6-cı yerdəki Niderlandın 15 “qızıl”ı var. Böyük Britaniya Oyunları boşa verdi – yalnız 7-ci yer. “Qızıl”a və ya medalların ümumi sayına fikir verməyib daha ədalətli sistemlə, yəni medallara 3-2-1 xal verməklə saysaq, belə mənzərə alınardı:
1. ABŞ – 250
2. Çin – 198
3. Fransa – 122
4. Avstraliya – 108
5. B.Britaniya – 101
6. Yaponiya – 97
7. İtaliya – 77
Bəs SSRİ-nin “şinelindən çıxanlar”?
Postsovet məkanı ölkələri arasında birmənalı favorit Özbəkistandı – güləş və boks bu ölkəni çox irəli saldı, komanda hesabında 13-cü etdi. Ənənəvi Qərb dünyasını və Çin – Yaponiya – Koreya “üçlüy”ünü nəzərə almasaq, bu, faktiki 1-ci yerdi. 8 qızıl, 2 gümüş, 3 bürünc medal qazanmaq o qədər böyük uğurdu ki, günlərlə danışmağa dəyər.
Postsovet məkanı ölkələrinin medalları:
1. Özbəkistan – 8 qızıl, 2 gümüş, 3 bürünc
2. Ukrayna – 3, 5, 4
3. Gürcüstan – 3, 3, 1
4. AZƏRBAYCAN – 2, 2, 3
5. Qazaxıstan – 1, 3, 3
6. Belarus – 1, 2, 1
7. Ermənistan – 0, 3, 1
8. Qırğızıstan – 0, 2, 4
9. Litva – 0, 2, 2
10. Moldova – 0, 1, 3
11. Rusiya – 0, 1, 0
Latviya, Estoniya, Türkmənistan və Tacikistan medalçılar sırasında yoxdu. Ümumiyyətlə, keçmiş SSRİ respublikaları 69 medal qazanıb: 18 qızıl, 26 gümüş, 25 bürünc.