“Bavariya”nın dünyası artıq heç vaxt əvvəlki kimi olmayacaq.
Bu dünya birdən-birə daha qaranlıq və sakit oldu” - “Bavariya”nın yanvarın 8-dəki rəsmi açıqlamasında qeyd olunan bu sözlər 78 yaşında dünyasını dəyişən əfsanəvi və təkrarolunmaz Frants Bekkenbauerə aiddi. Təəssüf ki, həyat amansızdı və hər il bir futbol əfsanəsini itirməkdə davam edirik. Dieqo Maradona, Herd Müller, Pele və Bobbi Çarltonun ardından bu dəfə “Kayzer” ləqəbli Bekkenbaueri itirdik. Ötən əsrin 70-ci illərində “Bavariya”nın və Almaniya yığmasının heyətində xarüqələr yaradan Bekkenbauer dünya futbolunda tam yeni bir cığır açdı. “Libero” anlayışını yeni səviyyəyə çatdıran Bekkenbauer futbol tarixində “Qızıl top”u iki dəfə (1972, 1976) qazanmış yeganə müdafiəçidi. Futbolçu kimi Münhen nəhəngi ilə mümkün olan hər şeyi qazanan “Kayzer” məşqçi kimi də 1990-da Almaniyaya dünya çempionluğunu qazandırıb. Ötən ilin əvvəllərindən bəri o, səhhəti ilə bağlı ciddi problemlər yaşayırdı. Bekkenbauer “Parkinson” xəstəliyindən əziyyət çəkirdi. Onun ürəyi və gözləri ilə də bağlı problem var idi. Bekkenbauer sonuncu dəfə ictimaiyyət önünə ötən ilin yanvarında çıxmışdı. “FourFourTwo” nəşrinin versiyasına görə Almaniya futbolu tarixinin ən yaxşı oyunçusu olan Bekkenbauer həqiqətən əsrarəngiz karyeraya malik olub. Onun karyerasını kiçik bir yazıya sığışdırmaq çətindi. Ona görə də biz yalnız onun futbolçu kimi keçirdiyi son illərdə doğma Münhendə sevilməməsinin səbəblərinə toxunacağıq.
“Bavariya”dan ayrılmaq üçün öz cibindən pul ödədi
Yuxarıda “Kayzer”in futbolda cığır açdığını nahaq yerə söyləmədik. O, ilklərin adamıdı. Belə ki, yığma səviyyəsində 100 oyun həddinə çatmağı, “Qızıl top”u iki dəfə qazanmağı, eləcə də həm futbolçu, həm də məşqçi kimi dünya çempionluğuna yiyələnməyi ən birinci bacaran şəxsdi! Hətta DÇ-2006-nın Almaniyaya verilməsində də onun əvəzsiz rolu olmuşdu. Onun adı tarixdə əsasən bundestim və “Bavariya” ilə yanaşı çəkilir. Amma vətənində ona olan sevgi nə dərəcədə güclü idi? Axı 1977-də o, doğma klubundan qalmaqallı şəkildə ayrılmalı olmuşdu. Hətta nüfuzuna o qədər xələl gəlmişdi ki, qayıtmaq da istəmirdi. Gəlin, başverənləri birlikdə xatırlayaq...
1977-ci ilin apreli. Bekkenbauerin 32 yaşı var və o, artıq hər şey qazanıb. 1974-də dünya çempionluğunu, 2 il öncə isə Avropa çempionluğunu qazanmış bundestimin ayrılmaz hissəsi idi. “Bavariya” ilə 4 dəfə ölkə çempionluğunu, 4 dəfə ölkə kubokunu və 3 dəfə Çempionlar Kubokunu qazanmışdı. Buna baxmayaraq, o, oteldə yalqız idi. Qarşısında yalnız “Bavariya”nın prezidenti Vilhelm Noydekker, yanında isə yaxın dostu və məsləhətçisi Robert Şvann əyləşib. Masanın digər başında “Nyu York Kosmos”un prezidenti Kliv Toy oturub. Frantsın istədiyi yeganə şey ayrılmaqdı. “Bavariya” isə mümkün qədər çox qazanmaq niyyətindədi. Noydekker soyuqqanlı şəkildə amerikalılardan 2 milyon marka tələb etdi. Qarşı tərəf bu məbləği ödəmək niyyətində deyil. Amerika klubunun sahibi isə cavabında “1,4 milyon marka son təklifimizdi” deyir. Artıq danışıq aparmaq mənasız idi. Çünki heç kim dediyindən dönmək istəmirdi. Bir ara elə təəssürat yarandı ki, Bekkenbauer artıq batmaqda olan gəmini xatırladan “Bavariya”da və sevilmədiyi ölkədə qalacaq. Danışıqların son günündə Noydekker gözlənilmədən fikrini dəyişərək 1,75 milyon markaya razı oldu. Hərçənd amerikalılar üçün bu, heç nəyi dəyişmirdi. Bu məqamda işə Bekkenbauer özü qoşuldu. Çünki o, ya futboldan birdəfəlik getməli, ya da aradakı fərqi öz cibindən ödəməli idi. “Kayzer” ikinci variantı seçərək “Bavariya”ya 350 min marka ödədi!
Populyarlıq onun başına bəla oldu
Bəli, düz oxuduz. Əfsanəvi futbolçu doğma klubundan ayrılmaq üçün cibindən pul ödədi. Bu hadisədən bir neçə həftə sonra o, ABŞ-a yollanmaq üçün təyyarəyə minməyə hazırlaşarkən qarşısında cəmi 2 tanış sima gördü. Qalanları heç onu yola salmağa da gəlməmişdi. Söhbət 13 il onun arxasında dayanaraq “Bavariya” və Almaniya yığmasının qapısını qorumuş Zepp Mayer, eləcə də baş məşqçi Ditmar Kramerdən gedir. Hava limanına bir neçə yüz azarkeşlə 20-yə yaxın jurnalist də gəlmişdi. Ölkə cəmi bir neçə il öncə az qala başına and içdiyi şəxslə məhz belə vidalaşdı. Əslində Bekkenbauerin ABŞ-a yollanmasının ən məşhur səbəbləri kimi yaşı və yaxşı formada olmaması qeyd olunur. Amma reallıq başqa cür idi. 1977-də “Bavariya” sözün əsl mənasında ortabab bir kluba çevrilmişdi. 32 yaşlı futbolçu üçün orda oynamaq problem yaratmazdı. Səbəb başqa idi. Sadəcə, elə bir an gəldi ki, Münhen Frantsdan üz döndərdi. O da bununla heç cür barışa bilmədi.
Burda bir məqamı qeyd edək. Bekkenbauerin özəlliyi onun faktiki “libero”, yəni sonuncu müdafiəçi ola-ola, meydanın, demək olar, hər yerində görünməsi idi. Bunu hər kəs yox, yalnız yüksək intellektə malik futbolçular edə bilər. O ana qədər isə dünya futbolunda belə oyunçuya rast gəlinməmişdi. Həm futbola qatdığı özəlliklər, həm də əldə etdiyi titullar ona inanılmaz populyarlıq qazandırdı. Evdə keçirilən DÇ-1974-ün qazanılmasından sonra “Kayzer” yavaş-yavaş futbolçu çərçivəsindən çıxaraq şou-biznes adamına çevrilməyə başladı. Ölkəsində hamı onun 10 otaqlı möhtəşəm bir evdə yaşadığını, tez-tez sayılıb-seçilən insanlarla birlikdə teatra getdiyini, ən son model “Mersedes” sürdüyünü, xüsusi olaraq onun üçün geyimlər tikildiyini bilirdi. O dönəmdə yalnız Hollivud ulduzları belə həyat yaşayırdı. Artıq elə bir məqam çatmışdı ki, Bekkenbaueri faktiki hər tədbirdə, şadlıqda görmək mümkün idi. Təbii ki, belə olan halda futbol da yavaş-yavaş arxa plana keçdi. Bunu müəyyən mənada “ulduz xəstəliyi” də adlandırmaq olar. Məsələn, Devid Bekhem də “Real”a keçdiyi dönəmdə bütün bunları yaşamışdı. Bekhemə qədər də bunları yaşayanlar olmuşdu. Amma o vaxt, yəni 1970-ci illərin ortalarında bu, Almaniya üçün bir ilk idi. Yeri gəlmişkən, Braziliyada Pele də bundan keçməli oldu və o da (Bekkenbauerdən iki il öncə) ABŞ-a yollandı. “Kayzer”in populyarlığı onun başına bəla oldu və hər şey böyük bir qalmaqalla bitdi.
Səssiz-sədasız vida
Elə bir an gəldi ki, insanlar onun haqda yaranmış obrazı davam etdirmək yox, məhv etmək qərarına gəldilər. Özü də bunu cəmi bir neçə aya etdilər. Əvvəlcə 1977-nin ilk aylarında Bekkenbauer vergi ödəməkdən boyun qaçırmaqda günahlandırıldı. Özü də söhbət 1 milyon markadan gedirdi! Əslində elə indi də vergi məsələsi tanınmışlardan kimisə “divara sıxışdırmaq” üçün ən gözəl vasitə sayılır. Nüfuzuna böyük zərbə dəyən Frants evini sataraq vergi ödəməli oldu! Bir müddət sonra ona yeni zərbə vuruldu. Maqazin nəşrlərindən biri “Kayzer”in başqa bir xanıma aşiq olduğunu və buna görə də ailəsini atmaq istədiyini yazdı. Guya onun yeni xanımı fotoqraf idi və cütlük artıq münasibətlərini gizlədə bilmirdi. Bu iddiadan sonra bütün Münhen boşanmanın baş tutacağı tarixi gözləməyə və futbolçunun şəxsi həyatını müzakirə etməyə başladı. Bu, Bekkenbauerin səbrini daşıran son damla oldu. Bir neçə gündən sonra o, Şvannın yanına gəldi. Əvvəllər Bekkenbauer “Bavariya” ilə yeni müqavilə və federasiyada yeni iş barədə düşünürdüsə, artıq geriyə yol yox idi. Bekkenbauer qərarını verərək ölkədən getmək istədi. O, köməkçisindən ABŞ-a zəng vurmağı xahiş etdi. Sonra nə olduğunu isə artıq bilirsiz. Bekkenbauerin vida oyunu həmin dönəmdə ola olan münasibəti bütün çılpaqlığı ilə əks etdirir. 1976/77-nin son turunda “Bavariya” evdə Münhenqladbax “Borussiya”sı ilə qarşılaşdı. “Borussiya” artıq çempionluğu rəsmiləşdirmişdi. Münhen nəhəngi isə 7-ci pillə ilə kifayətlənməli oldu. Düzdü, stadionda anşlaq idi. Amma “ürəyə toxunan” heç bir açıqlama verilmədi. Eləcə də Frants fəxri dövrə vurmadı və alqış sədaları altında yola salınmadı. O, 90-cı dəqiqədə yekun nəticəni müəyyənləşdirdi (2:2). Hərçənd bəzi mənbələrdə bu qol avtoqol kimi qeyd olunub. Ardınca rəqibi çempionluq münasibətilə təbrik etdi və final fitindən sonra səssiz-səmirsiz paltardəyişmə otağına yollandı. Hətta sonuncu şam yeməyindən də imtina etdi. Düşündü ki, öz cibindən onsuz da kluba kifayət qədər pul ödəyib... 3 illik “Nyu York Kosmos” macərasının ardından o, Almaniyaya qayıdaraq 2 il “Hamburq”da oynadı. Burda hesabına daha bir çempionluq yazdı. 1983-də yenidən “Nyu York Kosmos”a keçərək daha bir il oynadı və karyerasını başa vurdu. 7 ildən sonra baş məşqçi kimi Almaniyanı dünya çempionu, bundan 1 il sonra “Marsel”i, 4 il sonra isə “Bavariya”nı ölkə çempionu etdi. Sonradan “Kayzer” etiraf edəcəkdi ki, bir şəhər kimi heç vaxt Münhen onun ürəyincə olmayıb. Memarlıq və mədəniyyət öz yerində. Amma burda o özünü heç vaxt doğma hiss etməyib. Bəlkə də ayrılmasının bir səbəbi məhz budu. Bu hadisələrin üstündən yalnız 20 ilə yaxın müddət keçəndən sonra yenidən “Bavariya”ya qayıtdı. Həmin vaxt artıq əvvəlki incikliklər unudulmuşdu. Bu gün isə Münhen yasdadı. Çünki həm futbolçu, həm məşqçi, həm də klub rəsmisi kimi böyük bir dönəmə damğa vurmuş əfsanəvi Bekkenbauer artıq bu dünyada yoxdu.
Onu da qeyd edək ki, yanvarın 9-da FİFA-nın mənzil-qərargahında Bekkenbauerin ölümü ilə bağlı Almaniyanın bayrağı aşağı endirildi. Bundesliqada isə həftəsonu bütün oyunlar birdəqiqəlik sükutla başlayacaq.