Bildiyiniz kimi, Azərbaycan və Gürcüstan klubları əvvəllər də avrokuboklarda qarşılaşıb. Qonşu ölkədən olan azarkeşlər dəfələrlə təxribat xarakteri daşıyan şüar və pankartlarla yadda qalıb, tribunalarda əcaib-qəraib xəritələr açıblar. Gürcüstana səfər edən azarkeş həmvətənlərimiz də hücuma məruz qalıb. Elə 2015-ci ildə Tbilisidə yerli “Dinamo” ilə “Qəbələ” arasında keçirilən oyundan əvvəl azarkeşlər arasında yaşanan münaqişəni xatırlada bilərik. Bəs gürcülərdən ehtiyatlanmağa dəyərmi? Onların təxribatları hansı şəkildə ola bilər?
Bu suallara cavab tapmaq üçün bir qədər öncə xatırladılan qarşılaşmada zərər çəkən Atanur Cəfərliyə müraciət etdik:
“Avrokuboklarda bir neçə dəfə Gürcüstan komandaları ilə qarşılaşmışıq. Bu matçların çoxu çətin keçib. Azarkeşlərimizə hücum etməklə, siyasi motivli plakatlar açmaqla – Zaqatala, Balakən ərazilərini öz torpaqları kimi göstərməklə istənilən təxribat xarakterli addımlara əl atmışdılar. Bu səbəbdən Kutaisi səfəri həm azarkeşlərimiz, həm də futbolçularımız üçün çətin ola bilər. Matç Tbilisidə olsaydı, daha çox azərbaycanlı orda iştirak edə bilərdi. Matçın Kutaisidə olması azarkeş sayımıza da təsir edəcək. İstənilən təxribata hazır olmaq lazımdı. Biz azərbaycanlı olaraq, gələn rəqibləri çox xoş qarşılayırıq. Hələ ki heç bir insident baş verməyib. Biz qonaqpərvər millətik. Lakin bunu gürcü azarkeşlərə aid edə bilməyəcəm. Mən “Dinamo” - “Qəbələ” qarşılaşmasında səfərdə olmuşam. Orda hücuma məruz qalan biri kimi istənilən təxribata hazır olmağın vacibliyini deyirəm. Ümid edirəm ki, qalib gəlib, ən gözəl cavabı onlara meydanda verə bilərik”.
İSRAYIL XEYRULLAYEV





