Son turun bu qədər dramatik alınacağını az adam proqnozlaşdırardı. Çünki ilk baxışdan uzun illər sonra əlinə çempionluq şansı düşən “Borussiya” motivasiyasız “Maynts-05”i parçalamalıydı.
“Arılar” evdəki son 12 oyunun hamısında qalib gəlmiş, “karnavalçılar” isə son 4 turun hamısından məğlubiyyətlə ayrılmışdılar! Amma sürprizlərlə zəngin olan futbol bizə növbəti dəfə unudulmaz sonluqlardan birini yaşatdı.
“Borussiya” son turun gedişində iki fərqli 8 dəqiqəlik bölümdə (0-8, 81-89) olmaqla ümumilikdə cəmi 16 dəqiqə çempion oldu. “Bavariya” Kölndə məhz 8-ci dəqiqədə Komanla hesabı açdı. Görünür, bu qol xəbəri Dortmundda meydan sahiblərinin özünəinamına təsir etdi. 81 mindən çox fanatın önündə özünü itirməyən “Maynts-05” 9 dəqiqə aralığında 2 qol vurmaqla “Siqnal İduna Park”ı şoka saldı. Üstəlik bu 2 qolun arasında Alle penaltini boşa verdi! İkinci hissənin ortalarında “Borussiya” Gerreyro ilə fərqi minimuma endirdi. Əsas xəbər Kölndən gəldi. 81-ci dəqiqədə heç bir motivasiyası olmayan meydan sahibləri gözlənilmədən hesabı bərabərləşdirdilər. Amma “Borussiya” özünə güvənmək əvəzinə “Köln”ə güvənməklə səhvə yol verdi. 89-cu dəqiqədə cəmi 4 dəqiqə öncə meydana çıxan Musiala yeni başlamış karyerasının ən vacib qolunu vuraraq “Bavariya”ya qələbə qazandırdı. Dortmundda isə “Borussiya”nın gücü yalnız son saniyələrdə hesabı bərabərləşdirməyə yetdi. Xallar eyni olduğundan top fərqi əsas götürülür. Bu göstəricidə isə Münhen nəhəngi (müsbət 54, müsbət 39-a qarşı) öndə olduğu üçün ardıcıl 11-ci, tarixinin 33-cü çempionluğunu qazandı.
“Rekordmayster” 3-cü dəfə son tura lider daxil olmadığı halda çempion oldu. Daha öncə bu hal 1985/86 və 1999/00-də yaşanmışdı. Tuxel “Bavariya”da 1-ci, məşqçi karyerasında 11-ci titulunu qazandı. O, turnirin tarixində Frants Bekkenbauerdən (1993/94, “Bavariya”) sonra 2-ci dövrədə bir komandanın başına keçərək çempionluq sevinci yaşayan cəmi 2-ci məşqçi oldu. Tomas Müller isə karyerasının 12-ci çempionluğunu qazanaraq özünə məxsus olan rekordu bir qədər də yenilədi. “Borussiya” bu gedişlə əbədi ikinci ləqəbini qazanacaq. “Bavariya”nın çempionluğu ilə nəticələnən son 11 ildə bu kollektiv 7 dəfə 2-ci pilləni tutub!
Digər nəticələrə gəlincə, “Union” ÇL-ə vəsiqə qazanaraq tarix yazdı. Frankfurtda uduzan “Frayburq” 5-ci pillə ilə kifayətlənməli oldu. 6-cı pillə uğrunda mübarizə aparan “Bayer-04” ilə “Volfsburq”un “əl-ələ verərək” autsayderlərə uduzması diqqəti çəkdi. Xüsusilə də “Volfsburq”un ilk dövrədə səfərdə 5:0 hesabı ilə darmadağı etdiyi və artıq elitadan düşməsi rəsmiləşən “Herta”ya evdə uduzması heyrət doğurmaya bilməz. “Bohum” “Bayer-04”ü darmadağı etməklə nəinki düşmə, hətta pley-off zonasından da qurtuldu. Leverkuzenlilərin AL-ə vəsiqə qazanması ölkə kubokunun finalındakı nəticədən asılı olacaq. Leyptsiqdə sürprizə gücü çatmayan “Şalke-04” tarixində 5-ci dəfə elita ilə vidalaşdı. “Ştutqart” isə bundesliqada qalmaq üçün “Hamburq”la pley-offda gücünü sınamalı olacaq.
34-cü tur
Köln – Bavariya 1:2
Lyubiçiç, 81-p. – Koman, 8. Musiala, 89. (50000)
Bavariya: Zommer, Pavar, Upamekano, De Liqt, Mazraui (Musiala, 85), Kimmix, Qravenberx (Qoretska, 71/Tel, 85), Sane, Müller (Kanselo, 62), Koman (Çupo-Motinq, 71), Qnabri.
Borussiya D – Maynts-05 2:2
Gerreyro, 69. Zyule, 90+6 – Hançe-Olsen, 15. Onisivo, 24. (81365)
Borussiya: Kobel, Volf (Mukoko, 46), Zyule, Hummels, Ryuyerson (Modest, 80), Brandt (Dyuranvill, 62), Əmrə Can, Gerreyro, Malen (Reyna, 63), Alle, Adeyemi (Roys, 40).
Leyptsiq – Şalke-04 4:2
Laymer, 10. Nkunku, 19; 90+4. Poulsen, 82 – Kaminski, 28. Orban, 49-öz qapısına. (47069)
Leyptsiq: Nyulann, Simakan, Orban, Klostermann, Halstenberq (Raum, 61), Laymer (Şlager, 61), Aydara (Kampl, 46), Olmo, Forsberq (Soboslai, 68), Nkunku, Verner (Poulsen, 61).
Union – Verder 1:0
Xedira, 81. (22012)
Union: Rönnov, Trimmel (Yuranoviç, 78), Duxi, Knoxe, Leyte, Russiyon (Gisselmann, 89), Xedira, Haberer (Seqyun, 68), Layduni (Mixel, 68), Bekker, Berens (Sibaço, 78).
Ayntraxt F – Frayburq 2:1
Kolo Muani, 83. Ebimbe, 90+1 – Qrifo, 44. (50500)
Ayntraxt: Trapp, Buta (Ture, 79), Tuta, Ndika, Hasebe (Borre, 71), Lents (Maks, 46), Kamada, Sou (Ebimbe, 79), Lindström (Aaronson, 59), Götse, Kolo Muani.
Frayburq: Flekken, Şallai, Ginter, Linhart (Kübler, 73), Şmidt (Qulde, 81), Vaysshaupt (Günter, 66), Eqqeştayn, Keytel (Vaqner, 81), Doan, Qrifo (Qreqoritş, 81), Höler.
Bohum – Bayer-04 3:0
Förster, 19. Asano, 34. Ştöger, 86. (26000)
Bayer-04: Qradetski, Frimponq, Tapsoba, Ta, Bakker, Adli, Palasios, Əmiri (Hlojek, 78), Virts, Diabi (Mbamba, 90+2), Azmun.
Volfsburq – Herta 1:2
Kaminski, 2 – Maza, 55. Rixter, 68. (26775)
Borussiya M – Auqsburq 2:0
Nets, 3. Hofmann, 40. (52186)
Ştutqart – Hoffenhaym 1:1
Tomas, 80 – Bebu, 75. (47500)
Yekun cədvəl
1. Bavariya 34 21 8 5 92-38 71
2. Borussiya D 34 22 5 7 83-44 71
3. Leyptsiq 34 20 6 8 64-41 66
4. Union 34 18 8 8 51-38 62
5. Frayburq 34 17 8 9 51-44 59
6. Bayer-04 34 14 8 12 57-49 50
7. Ayntraxt F 34 13 11 10 58-52 50
8. Volfsburq 34 13 10 11 57-48 49
9. Maynts-05 34 12 10 12 54-55 46
10. Borussiya M 34 11 10 13 52-55 43
11. Köln 34 10 12 12 49-54 42
12. Hoffenhaym 34 10 6 18 48-57 36
13. Verder 34 10 6 18 51-64 36
14. Bohum 34 10 5 19 40-72 35
15. Auqsburq 34 9 7 18 42-63 34
16. Ştutqart 34 7 12 15 45-57 33
17. Şalke-04 34 7 10 17 35-71 31
18. Herta 34 7 8 19 42-69 29
Bombardirlər: Füllkruq (Verder), Nkunku (Leyptsiq) – 16, Qrifo (Frayburq), Kolo Muani (Ayntraxt F) – 15, Qnabri (Bavariya) – 14.
Turun rəqəmi
16 – Levandovski “torba-torba” qollar vurarkən və rekordları alt-üst edərkən buna ağız büzənlər, “bundesliqada qol vurmağa nə var ki” deyənlər, yəqin ki, builki bombardirlər yarışını izlədikdən sonra polşalıya lazımi dəyəri verəcək. Levandovski ayrılan kimi turnirin tarixinin yeni antirekordu qeydə alındı! 2 futbolçu cəmi 16 qolla bombardir oldu. Levanın son 3 mövsümdə uyğun olaraq 34, 41 və 35 qolla bombardir olduğunu nəzərə alsaq, builki göstərici heyrət doğurmaya bilməz. İndiyə qədər ən zəif göstərici 17 qol idi. 1995/96 və 1988/89-da zirvədə qərarlaşmaq üçün məhz bu qədər qol kifayət etmişdi. Onu da bildirək ki, sonuncu dəfə iki futbolçunun eyni anda bombardir olmasına 2000/01-də rast gəlinmişdi. O vaxt “Bohum”lu Tomas Kristiansen və “Bavariya”lı Covanne Elber hərəyə 21 qol vurmuşdu.
Turun ulduzu
Camal Musiala (Bavariya) – Tuxelin təyinatından sonra bir qədər kölgəyə çəkilən 20 yaşlı yarımmüdafiəçi, nəhayət, özünü göstərə bildi. Özü də mövsümün ən həlledici məqamında. Onun Kölndə 89-cu dəqiqədə vurduğu çempionluq qolu həm klubun, həm də turnirin tarixinin unudulmazları sırasına düşəcək. Onu da vurğulayaq ki, əvvəlki iki mövsümdə bundesliqada ümumilikdə 11 qol vuran Musiala cari mövsümü 12 qolla tamamladı.
Turun sitatı
Tomas Müller, “Bavariya”nın forvardı: “Yəqin ki, futbolsevərlərin böyük əksəriyyətinin fikrincə, biz bu mövsüm çempion olmağa layiq deyildik. Bunu açıq dilə gətirməkdən çəkinmirəm. Başa düşürəm ki, ikinci dövrəni çox qeyri-sabit və xaotik keçirdik. Həm meydanda, həm də ondan kənarda. Amma çempion olduğumuza görə üzr istəmək istəmirəm! Əksinə, çox sevinirik. Karyeramdakı ən emosional titul ən birinci qazandığım çempionluq idi. Builki titul isə karyeramın ən ağlasığmaz çempionluğudu”.