Ötən həftəsonu Türkiyədə prezident seçkisinin 2-ci turu keçirildiyindən superliqada 36-cı turun bütün oyunları eyni vaxtda – mayın 30-da baş tutdu.
“Beşiktaş”ın istirahət etdiyi bu turda əsas diqqətlər Ankaraya yönəlmişdi. Tolunay Kafkasın gəlişindən bəri evdə keçirdiyi 5 rəsmi oyunun heç birində uduzmayan “Ankaragücü” “Qalatasaray”ın çempionluğuna mane olmaq istəyirdi. Amma işi uzatmaq istəməyən və növbəti tur derbiyə rahat cıxmaq niyyətində olan İstanbul nəhəngi sürprizə imkan vermədi. Son həftələrin ən diqqətçəkən oyunçusu olan İkardi artıq 7-ci dəqiqədə Raşitsanın sağ cinahdan asmasını bir toxunuşla qola çevirdi. Düzdü, meydan sahiblərinin cavabı gecikmədi. Anqolalı Milson yaxın küncü dəqiq nişan aldı. Buna baxmayaraq, “Cim-Bom” böyük üstünlüyə malik idi və hiss olunurdu ki, qol, sadəcə, zaman məsələsidi. Raşitsa və Mertens fürsətləri boşa verdikdən sonra səhnəyə yenə İkardi çıxdı. Bu dəfə o, Kərəm Aktürkoğlunun asmasından sonra başla həm qələbə, həm də çempionluq qolunu vurdu.
İkinci hissədə paytaxt təmsilçisi güclü rəqibə az-çox müqavimət göstərsə də, son 20 dəqiqədə “ağ bayraq qaldırdı”.
Yanvardan bəri fərqlənə bilməyən Barış Alpər Yılmaz həm bu seriyaya, həm də ...İkardinin seriyasına son qoydu. Çünki 1 aydan çox idi “Qalatasaray”da argentinalıdan başqa heç kim qol vurmurdu! Yekun nəticəni isə künc zərbəsi zamani başla fərqlənən Oliveyra qoydu. Kərəm Aktürkoğlu son 3 qolda yaxından iştirak edərək məhsuldar ötümə baxımından het-trik etdi! Final fiti ilə birlikdə “Qalatasaray”ın çempionluğu rəsmiləşdi və camiə bu mühüm hadisəni qeyd etməyə başladı. Komanda gec saatllarda öz bazasına yollanaraq orda azarkeşlərlə birlikdə çempionluğu qeyd etdi.
Kadıköydə isə “Fənərbaxça” “Antalyaspor” üzərində heç kimi sevindirməyən qələbə qazandı. 3-cü dəqiqədə Valensiyanın qolundan sonra “Fənər”lilərin gözü-qulağı yalnız Ankarada idi. Ordan gələn bərabərlik xəbəri bir müddət fanatları sevindirsə də, sonrası hamıya məlumdu. Xüsusilə də “Qalatasaray” hesabı 3:1 edəndən, yəni çempionluğun taleyi faktiki həll olunandan sonra “Fənər”lilər rəhbərliyi istefaya dəvət etdi. 4-cü qoldan sonra isə fanatlar kor-peşman stadionu tərk etməyə başladılar. Baxmayaraq ki, onların sevimliləri hesabda öndə idi. “Fənər” qələbəni indi yox, əvvəlki matçlarda, xüsusilə də “İstanbulspor” və “Girəsunspor” kimi autsayderlərlə oyunlarda qazanmalı idi... Valensiyanın adını klub tarixinə yazdırması da çempionluğun əldən çıxmasının verdiyi üzüntünün kölgəsində itib-batdı.
Digər oyunlara gəlincə, “Trabzonspor”un Qaradəniz derbisində “Girəsunspor”u məğlub etməsi və superliqada səfərdə 240 gündən çox davam edən qələbə həsrətinə son qoyması diqqəti çəkdi. Nenad Byelitsanın trabzonluların başındakı fəaliyyəti 2 məğlubiyyətlə başlasa da, komanda son 4 turda 3-cü qələbəsini qazandı. Son həftələrin yüksəlişdə olan daha bir komandası “Kasımpaşa” səfərdə “Alanyaspor”u 2-ci hissədə vurduğu qollarla yenərək ardıcıl 3-cü qələbəsini qazandı. Andrea Pirlosuz ilk oyununa çıxan “Fatih Karagümrük” böhranda olan “Kayserispor”u asanlıqla yendi. Çağdaş Atan oyundan sonra bildirdi ki, “Kayserispor”a verilən transfer qadağası bu yay aradan götürülməsdə, gələn mövsüm klubun başında olmayacaq. Yığmamızın üzvü Mahir Emrelinin start heyətində meydana çıxdığı oyunda “Konyaspor” səfərdə “Sivasspor”a minimal hesabla boyun əydi. O qədər də uğurlu performans sərgiləməyən Mahir fasilədə əvəzləndi. Rza Çalımbayın komandası bu qələbə ilə elitada qalmağı rəsmiləşdirdi. “İstanbulspor” 4-cü pillədəki “Adana Dəmirspor”a müqavimət göstərə bilmədi. Çox güman, “Ümraniyəspor”un ardından elitanı tərk edən 2-ci klub ya “Girəsunspor” olacaq, ya da “İstanbulspor”. Yəni əsas mübarizə bu 2 klub arasında gedəcək.
36-cı tur
Ankaragücü – Qalatasaray 1:4
Milson, 16 – İkardi, 7; 38. Barış Alpər Yılmaz, 73. Oliveyra, 78.
Qalatasaray: Muslera, Boe, Nelsson, Əbdülkərim Bardakcı, Kazımcan Karataş (Barış Alpər Yılmaz, 65), Oliveyra (Berkan Kutlu, 79), Torreyra (Midtşö, 87), Raşitsa (Yunus Akgün, 79), Mertens (Dyubua, 65), Kərəm Aktürkoğlu, İkardi.
Fənərbaxça – Antalyaspor 2:0
Valensiya, 2. Zayts, 90+5.
Fənərbaxça: İrfan Can Eğribayat, Fərdi Kadıoğlu, Samet Akaydın, Salai, Peres, Arao (İsmayıl Yüksək, 90), Zayts, Arda Gülər (Rossi, 86), İrfan Can Kahveci (Əmrə Mor, 87), Valensiya (Kinq, 68), Batşuayi (Pedro, 68).
Girəsunspor – Trabzonspor 2:4
Faruk Can Gənc, 74. Bayiç, 80 – Umut Bozok, 30; 59. Bardi, 34. Bakasetas, 72-p.
Trabzonspor: Uğurcan Çakır (Mehmet Taha Tepe, 61), Strüger Larsen, Hüseyin Türkmən, Bartra, Ərən Elmalı (Taha Altıkardeş, 90+6), Bakasetas, Siopis, Visça (Markoviç, 90+6), Trezeqe, Bardi (Hamşik, 83), Umut Bozok (Arif Boşluk, 83).
Sivasspor – Konyaspor 1:0
Ceyms, 17.
Konyaspor: Şehiç, Cebrail Karayel, Adil Dəmirbağ, Kalvo, Gilyerme, Sonər Dikmən, Buxalakis (Paz, 60), Mixalak (Mehmet Büyüksayar, 72), Potsuelo, Moreno (Muriç, 46), Emreli (Diuf, 46).
İstanbulspor – Adana Dəmirspor 0:2
Əmrə Akbaba, 35. Qulbrandsen, 90.
Fatih Karagümrük – Kayserispor 2:0
Fray, 16; 28.
Alanyaspor – Kasımpaşa 1:3
Oğuz Aydın, 49 – Ciloboci, 60. Koyta, 65. Foll, 78.
İstanbul BŞ – Qaziantep +:-
Hatayspor – Ümraniyəspor -:+
1. Qalatasaray 34 26 4 4 77-27 82
2. Fənərbaxça 34 24 5 5 84-39 77
3. Beşiktaş 34 22 8 4 70-31 74
4. Adana Dəmirspor 34 19 9 6 72-41 66
5. İstanbul BŞ 34 16 8 10 48-34 56
6. Trabzonspor 34 16 6 12 58-50 54
7. Konyaspor 34 12 13 9 45-37 49
7. Kayserispor 34 15 4 15 54-59 49
9. Fatih Karagümrük 34 12 11 11 71-62 47
10. Kasımpaşa 34 12 7 15 43-53 43
11. Alanyaspor 35 11 8 16 53-65 41
12. Sivasspor 35 11 7 17 45-53 40
13. Ankaragücü 34 11 6 17 41-51 39
14. Antalyaspor 34 10 8 16 43-53 38
15. İstanbulspor 34 10 5 19 40-63 35
16. Girəsunspor 34 8 10 16 39-60 34
17. Ümraniyəspor 34 7 9 18 47-59 30
18. Qaziantep 34 6 7 21 31-66 25
19. Hatayspor 34 6 5 23 19-77 23
Bombardirlər: Valensiya (Fənərbaxça) – 29, İkardi (Qalatasaray) – 21, Dianye (Fatih Karagümrük) – 20, Borini (Fatih Karagümrük) – 19.
Növbəti turun oyunları iyunun 3-4-də keçiriləcək: Qaziantep – İstanbulspor, Antalyaspor – Hatayspor, Konyaspor – Fatih Karagümrük, Trabzonspor – Alanyaspor, Kasımpaşa – Beşiktaş, Kayserispor – Ankaragücü, Adana Dəmirspor – İstanbul BŞ, Ümraniyəspor – Girəsunspor, Qalatasaray – Fənərbaxça.
Turun rəqəmi
9 – əslində bunu tək turun yox, mövsümün də rəqəmi adlandırmaq olar. Çünki Okan Buruk indiyə qədər Türkiyə futbolunda heç kimin bacarmadığı bir göstəriciyə nail oldu. Futbolçu kimi 7 çempionluğu olan Buruk baş məşçqçi kimi 2-ci çempionluğunu qazandı. O daha öncə 2020/21-də “İstanbul BŞ”ni çempion etmişdi. 9 çempionluq yeni rekorddu. Hakan Şükür, Bülənt Korkmaz (hər ikisi yalnız futbolçu kimi), Fatih Terim (yalnız baş məşqçi kimi) və Şenol Günəşin (həm futbolçu, həm də məşqçi kimi) hesabında 8 çempionluq var.
Turun ulduzu
Mauro İkardi (Qalatasaray) – türkiyə futbolunda 2022/23 daim onun mövsümü kimi xatırlanacaq. Düzdü, məşhur argentinalı forvard bombardirlər yarışının qalibi ola bilmədi. Amma həm prinsipial, həm də vacib oyunlarda daim səhnəyə çıxdı. Ankarada artıq ilk yarıda 2 qol vurmaqla inanılmaz göstəriciyə nail oldu. O, “Qalatasaray” tarixində superliqada komandanın ardıcıl 8 qolunu vuran ilk futbolçudu! “Beşiktaş” (1:3), “İstanbul BŞ” (1:0), “İstanbulspor” (2:0) və “Sivasspor”la (2:0) oyunlarda da “sarı-qırmızılar”ın qollarını yalnız bu futbolçu vurmuşdu. Bundan başqa, İkardi klub tarixində bir mövsümdə çempionatda 20 qol həddinə çatan 4-cü əcnəbi futbolçu oldu. Daha öncə bunu Mario Jardel (2000/01, 22), Milan Baroş (2008/09, 20) və Bafetimbi Qomis (2017/18, 29) bacarmışdı. Bu mövsüm İkardi 25 rəsmi oyunda 22 qol, 8 məhsuldar ötürməlik mükəmməl performans ortaya qoyub.
Turun sitatı
Mətin Öztürk, “Qalatasaray”ın ikinci başqanı: “TFF-nin təlimatnaməsinə görə çempionluğu rəsmiləşdirən kluba ilk ev oyununda kubok təqdim olunmalıdı. Ona görə də bazar günü “Fənərbaxça” ilə oyunda çempionluq kuboku stadionumuzda olacaq! TFF-dən məhz bunu tələb edəcəyik. “Fənərbaxça” qardaşımızdı. Oyundan öncə bizi alqışlayıb-alqışlamamaları onların öz işidi. Derbidə də qalib gəlib çempionluğu doyunca qeyd edəcəyik. Sonra da Çempionlar Liqasına hazırlaşacağıq. İkardini heyətdə saxlamaq üçün əlimizdən gələni edəcəyik”.
Faktlar
* “Qalatasaray” tarixinin 23-cü çempionluğunu qazandı. “Fənərbaxça”nın 19, “Beşiktaş”ın 16, “Trabzonspor”un 7 çempionluğu var.
* Muslera “Qalatasaray”da 15-ci titulunu və 6-cı çempionluğunu qazanmaqla Şenol Günəşə aid rekordu təkrarladı. İndiyə qədər Türkiyə futbolunda ən çox çempion olmuş qapıçı Günəş idi.
* Türkiyə çempionatında yerli məşqçilərin hegemonluğu davam edir. Ardıcıl 16-cı il çempionluq məhz yerli məşqçiyə qismət oldu. Sonuncu dəfə superliqanı qazanan əcnəbi mütəxəssis 2006/07-də “Fənərbaxça”nın başında braziliyalı Artur Ziko olub. Amma ümumi çempionluq sayında əcnəbilər hələ də üstündü. Geridə qalan 65 mövsümün 35-də əcnəbi, 30-da yerli məşqçilər çempion olub.
* Okan Buruk “Qalatasaray”ı çempion edən 13-cü fərqli məşqçidi.
* Okan Buruk həm futbolçu, həm də baş məşqçi kimi çempionluq sevinci yaşayan Türkiyə çempionatında 6-cı, “Qalatasaray” tarixində Həmzə Həmzəoğludan sonra 2-ci şəxs oldu. Amma Buruk digər 5 məşqçidən (Ərtoğrul Sağlam, Aykut Kocaman, Sərgən Yalçın, Həmzə Həmzooğlu, Şenol Günəş) fərqli 2 fərqli klubda həm oyunçu, həm də məşqçi kimi çempionluq sevinci yaşayıb!
* Okan Buruk superliqa tarixində ən azı 2 fərqli klubla çempionluq sevinci yaşayan 2-ci yerli məşqçidi. Mustafa Dənizli 3 fərqli klubla çempion olub.
* İkardi bu mövsüm orta hesabla hər 81 dəqiqəyə 1 qol vurur (1791 dəqiqəyə 21 qol) ki, bu da 2007/08-dən bəri turnirin ən yaxşı göstəricisidi.
* Kərəm Aktürkoğlu 2010/11-dən bəri “Qalatasaray”ın heyətində bir superliqa matçında 3 məhsuldar ötürmə verən ilk yerli oyunçu oldu.
* Valensiya bu mövsüm superliqada 29-cu qolunu vurmaqla “Fənərbaxça” tarixinin rekordunu təkrarladı! Klub tarixində bir mövsümə çempionatda ən çox qol vuran futbolçu 1988/89-da 29 dəfə fərqlənən Aykut Kocaman idi.
* “Fənərbaxça” çempionluq həsrətini 9 ilə çatdırmaqla şəxsi antirekordunu bir qədər də yenilədi. Bu seriyaya qədər “Fənər”in ən böyük çempionluq həsrəti 7 ilə (1989-96) bərabər idi.