Dünyanın ən yaxşı futbolçularından birinin taleyi hər kəsin maraq dairəsindədi. İş ondadı ki, Lionel Messi “Əl-Hilal”ın qeyri-adi təklifini geri çevirib, Parisdə qalmaq istəmir və doğma klubuna da qayıda bilmir.
Messinin və ailəsinin qərarından xəbər tutan qaynaqların yazdıqlarına əsaslansaq, mövsüm bitəndən sonra argentinalı ulduzun PSJ ilə vidalaşması qaçılmazdı. Paris klubuna yaxın olan qaynağın dediklərindən sitat gətirən AFR agentliyi birinci bombanı partlatdı:
“Dinamika tam dəyişib. PSJ artıq müqavilə müddətinin uzadılması yönündə israrlı deyil. Sövdələşmə yoxdu, elə getmək qərarı da, ancaq vidalaşma daha çox ehtimal olunan variantdı”.
Adı çəkilən agentliyin yazısından belə aydın olur ki, Messi əvvəlcə Parisdəki epopeyanın davamına köklənib, ancaq PSJ-nin fanatlarının davranışı vəziyyəti kökündən dəyişib. Komanda Çempionlar Liqasında mübarizəni dayandırandan sonra ultrasın bir hissəsi Leoya məhz onun fiaskonun əsas səbəbkarlarından biri olduğunu göstərməyə çalışıb. Bu aksiya “Renn” ilə oyuna təsadüf edib. Stadionda Leonun soyadı elan olunarkən alqış və fit sədaları bir-birinə qarışıb. Özü də belə mənzərə “Park de Prens”in Mbappeyə inanılmaz dəstəyi ilə təzad təşkil edib. “Lion”la oyunda, yəni çempion Liqa 1-də ardıcıl ikinci ev məğlubiyyəti ilə üzləşəndə eyni vəziyyət təkrarlanıb. Belədə PSJ-nin baş məşqçisi Kristof Qaltye futbolçusunun müdafiəsinə qalxaraq argentinalının mövsümün ilk yarısındakı parlaq oyununu xatırlatmalı olub, fanatların hərəkətini pisləməklə yanaşı, onu da vurğulayıb ki, başqa oyunçular da komandaya daha artığını verməlidi. Ölkənin futbol məşhurları da bu hadisəyə biganə qalmayıb.
Məsələn, Emmanuel Peri Messinin fitə basılmasını futbolun cinayətkarcasına təhqir olunması adlandırıb. Hazırda “Prime Video”da ekspert rolunu oynayan Tyerri Anri isə belə deyib: “Park de Prens”dəki fitəbasmanı eşitmək utandırıcıdı. Demirəm ki, Messi PSJ-dən getməli və ya qalmalıdı. Mən onu Fransa liqasında gördüyümə görə şadam. Cari mövsümdə 13 qol və 13 məhsuldar ötürmə - biz dünyanın ən yaxşı oyunçusundan danışırıq. Onun karyerasını “Barselona”da itirməsini istəyərdim. Bu informasiya deyil, arzudu. Söhbət futbola məhəbbətdən, onun bu klub üçün etdiklərindən gedir. Messi “Barsa”dan lazım olan kimi getmədi. Bu məqam məni hələ də narahat edir, düşünürəm ki, elə Leonu da”.
Maaşın azaldıması
Təbii ki, Messinin yolayrıcında qalması təkcə azarkeşlərlə bağlı deyil. Məsələn, “L’Equipe” yazır ki, argentinalı PSJ-nin maaşın 75 faiz azaldılmasıyla bağlı təklifindən narazıdı. Əlbəttə, bu faiz şişirdilib, sadəcə, pul məsələsinin aktual olduğu dəqiqdi. Ancaq yetərincə nüfuzlu və nadir hallarda səhv edən qaynaqlar bildirir ki, Leo heç vaxt Mbappe səviyyəsində qazanc tələb etməsə də, dünya çempionatındakı zəfərdən sonra ən azı indiki şərtlərin saxlanılacağına ümid edib. İndiki şərtlər isə Fransada yüksək səviyyədə olan vergilər ödəniləndən sonra ilə 38 milyon avro qazanc deməkdi. “RMS Sport” öz növbəsində iddia edir ki, ayrılmağın təşəbbüskarı klubdu. Uğursuzluqları təhlil edən rəhbərlik belə qənaətə gəlib ki, Messi, Neymar və Mbappenin eyni vaxtda heyətdə olması nəticə gətirmir, bu üzdən kimsə getməlidi. Adı çəkilən nəşrin versiyasına görə, gedəsi şəxs Kataloniyadan olan zənglərdən sonra mövqeyi dəyişən argentinalıdı. Çox güman, söhbət “Barselona”nın baş məşqçisi Xavi ilə təmasdan gedir. Bundan başqa, Leo hələ də Paris layihəsinin necə inkişaf etdiriləcəyini bilmir, bu məqam da sadə görünən danışıqların aparılmasını yubadır. Klubun Neymardan qurtulmaqla bağlı inadı da argentinalı ulduzun xoşuna gəlmir. “Le Parisien” ortaya lap qəribə iddia atıb: guya PSJ rəhbərliyi yenilənmiş komandanı Mbappe ətrafında quracaq, bu üzdən yalnız Neymar yox, Messi də gedəcək.
“Barsa” amilinin roluNecə olur-olsun, “Barselona” Messiyə “bir köynək yaxındı”. Hərçənd bu klub da yaya qədər əməkhaqqı cədvəlini 200 milyon avroya qədər azaltmağın yollarını tapmalıdı. Özü də bu addım təkcə Messi ilə müqavilə imzalamaq üçün yox, həm də Qavi, Alonso, Arauxo, Balde və Serxi Robertonun yeni müqaviləsini qeydiyyatdan keçirmək üçün lazımdı. Bu siyahıya Busketsi də əlavə etmək lazımdı. Axı köhnə dostun dönüşü onun üçün “Nou Kamp”da daha bir il qalmaq baxımından inanılmaz motivasiyadı. Bəs pulu hardan tapmalı? Məşhur kataloniyalı jurnalist Jerar Romeronun iddiasına inansaq, “göy-qırmızılar” məhz Messinin dönüşünü maliyyələşdirmək üçün nəhəng sponsorlarla danışıq aparır. Və bu utopiya deyil. Ona görə ki, Leo və pul ayrıca araşdırma mövzusudu. Yeri gəlmişkən, argentinalı “Barsa” ilə vidalaşmazdan az əvvəl belə bir araşdırma aparıblar. Əsas kimi də futbolçu ilə klub arasında 2017-ci ildə imzalanan müqavilə götürülüb. Belə məlum olub ki, kapitan üç il ərzində kluba 619 milyon avro qazandırıb. Bu müddətdə aldığı əməkhaqqı çıxılandan sonra isə yerdə xalis gəlir kimi 235 milyon qalıb. Yəni bir futbolçu klubun bütün gəlirlərinin üçdəbirini təmin edib! Üstəlik bəzi sponsorluq müqavilələri elə tərtib olunub ki, Messinin iştirak etdiyi və etmədiyi oyunlara görə fərqli ödənişlər nəzərdə tutulub. Forvard Parisə köçəndən sonra isə “Barsa” təkcə bir mövsüm ərzində sponsor ödənişlərinin, futbolkaların və başqa atributların satışının azalması üzündən 137 milyon avro itirib. Bir sözlə, belə nəticəyə gəlmək olar ki, Kataloniya klubu əfsanəsinin dönüşünə yatırım etməklə təkcə bütün xərclərini çıxarmayacaq, həm də pul qazanacaq.
Bəzi insayderlərin iddiasına inansaq, elə bu həftə Messi “Barselona”dan ilk rəsmi təklifi ala bilər. Məsələn, “Fox Sport Argentina”nın xanım əməkdaşı Veronika Brunatti bildirir ki, futbolçu üçün “1+1” sxemi ilə yeni müqavilə hazırlanır, ona həmçinin sponsorluq müqavilələrindən faiz və klubun 125 illiyinin bayram olunması çərçivəsində 2025-ci ildə keçirilməsi planlaşdırılan vida oyunundan gəlir təklif olunacaq. Bu mövzunu inkişaf etdirən başqa mənbələrə inansaq, Messi “maliyyə feyr-pleyi” baxınından problem yaşayan “Barsa”ya kömək etmək üçün illik 10 milyon avro maaşa da razılıq verməyə hazırdı. Yeri gəlmişkən, ulduz futbolçu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun 400 milyon avroluq rəsmi təklifini də geri çevirib və 2024-cü ildə keçiriləcək Amerika Kubokuna qədər Avropanı tərk etmək istəmir. Yaxın Şərqdən təklif olunan puldan 40 dəfə az məbləğə oynamaqla bağlı söhbətlər doğrudusa, onda “Barsa” – bir klubdan daha artıq” şüarı kosmik səviyyəyə qalxacaq.
Yeri gəlmişkən...
"Barselona"nın prezidenti Xuan Laporta korrupsiya qalmaqalı ilə bağlı FIFA və UEFA-ya müraciət edib. 61 yaşlı funksioner hər iki quruma məktub göndərib. Laporta onlardan Kataloniya təmsilçisinə qarşı qərəzdən uzaq durmağı xahiş edib. Klub rəhbəri həmçinin özlərini müdafiə etmək üçün danışmaq niyyətində olduqlarını da bildirib.
Bildiyiniz kimi, "Barselona"nın 2001-18-ci illərdə İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin sabiq sədr müavini Xose Mariya Enrikes Neqreyraya müntəzəm pul ödədiyi iddia olunur.
Maraqlıdı...Kilian Mbappe PSJ-nin mövsümlük biletlərlə bağlı çəkdiyi reklam çarxını tənqid edib. 25 yaşlı hücumçu bununla bağlı sosial şəbəkə hesabında post paylaşıb. O, komanda yoldaşları Neymarla Messinin yer almadığı videoçarxı qəbul etmədiyini bildirib:
"2023/24 mövsümü üçün biletlərlə bağlı videoya baxdım. Bu haqda mənə məlumat verilməyib və söhbət adi klub müsahibəsi kimi idi. Bu videonun yayınlanmasıyla razı deyiləm. Ona görə də imicim uğrunda mübarizə aparacağam. PSJ böyük klub və ailədi, "Kilian Sen-Jermen" deyil".
Qeyd edək ki, PSJ azarkeşləri reklam çarxını Messi ilə Neymarın cari mövsümün sonunda göndəriləcəklərinə və rəhbərliyin komandanı Mbappe ətrafında qurmağı planlaşdırmasına işarə kimi qəbul edir.
ORXAN