Bir neçə ay idi ki, millinin baş məşqçisi Canni de Byazinin kefi yerində idi. Hansı tədbirdə gözə dəyirdisə onu gülümsəyən görürdün. Niyə də olmasın? Çalışdırdığı komanda son 5 oyunda meydanı qalib kimi tərk etmişdi.
Ancaq martın 24-də Avstriya italyan mütəxəssisin kefinə soğan doğradı, Linzdə keçirilən oyunda millinin qapısına 4 qol vurdu. İndi hamı De Byazini “yıxıb-sürüyür”, məşqçinin Avstriya qarşısına yanlış heyətlə çıxdığını yazır, söyləyir. Bəli, bu fikirlərlə hardasa razılaşmaq olar. Ancaq o da var ki, olanımız budu. İtalyan mütəxəssis və köməkçiləri bu gün üçün üzdə olan futbolçuların hamısını ölkənin əsas komandasına cəlb edib. Futbolumuzun və futbolçularımızın səviyyəsi budusa, nə etməli?
Bilirsiz, millidən nə vaxt nəticə gözləyə bilərik? O vaxtkı müxtəlif yaş qrupu üzrə yığmalar çıxış etdikləri turnirlərdə ciddi uğura imza atsınlar. Bu vaxta kimi hansısa yaş qrupumuzun nəyəsə nail olduğunu görmüsüz? Olmayıb və belə gedişlə də olmayacaq. Çünki müxtəlif yaş qrupu üzrə yığmaların bəzi baş məşqçiləri, AFFA-da millilərə cavabdehlik daşıyan cənablar üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirmirlər.
Bir də ən vacib məsələ... Bəhanələr...
Bu günədək uşaq futbolunda çalışan hansısa məşqçinin səhv işlədiklərini, işinin öhdəsindən gələ bilmədiklərini söylədiyini görmüsüz? Demək olar, hamısı məsuliyyəti uşaqların üstünə atır, onların zombiləşdiyini, kompüter arxasından durmadıqlarını söyləyib uğursuzluğu azərbaycanlı uşaqların üstünə atır.
Necə ola bilər ki, geridə qoyduğumuz illər ərzində Avropada üzümüzü ağarda biləcək bir futbolçu yetişdirə bilmədik?
Uşaq futbolunda çalışan “mütəxəssislər” hər nə qədər etiraf etməsələr də azərbaycanlı uşaq və yeniyetmələr arasında da potensiallı, istedadlı uşaqlar var. Sadəcə, onları düz istiqamətləndirmək, inkişafına təkan vermək lazımdı.
Bu günkü mövzumuzun qəhrəmanı Almaniyada yaşayan, Renat Qurbanzadədi. 2007-ci ildə Sumqayıtda anadan olan Renat hazırda “Lüdviqshafen”də yaşayır və şəhərin eyniadlı komandasının U-17 komandasının şərəfini qoruyur.
“Sumqayıt” Futbol Akademiyasının yetirməsi təxminən 2 il öncə valideynləri ilə birgə Almaniyaya köçüb.
Futbola olan həvəsi orda da onu buraxmadığından üz tutub “Lüdviqshafen” klubuna. Qısa vaxtda özünü doğruldan Qurbanzadə istedadı ilə almanları valeh edib. Öz yaşına görə ideal fiziki göstəricilərə (boyu 1, 84) malik yeniyetmə stopper mövqeyində çıxış edir. Məhz bu səbəbdən alman mütəxəssislər Renatı U-19 komandasına da cəlb edirlər. Bu yaxınlarda isə iki klubun skautları Qurbanzadə üçün “Lüdviqshafen”in qapısını döyüblər. Söhbət “Karlsrue” və Avropa nəhəngi “Bavariya”dan gedir. Qürbətçi-futbolçunun indiki klubu ilə mövsümün sonuna kimi müqaviləsi var. Yayda “Sumqayıt” akademiyasının yetirməsini adını çəkdiyimiz və ya başqa tanınmış klubda görsəz, heç də təəccüblənməyin.
Artıq onunla bağlı Almaniya mətbuatı da yazır. Alman həmkarlarımız Renatın xüsusi istedada malik olduğunu, yaxın gələcəkdə adından söz etdirəciyini qeyd edirlər.
Təəssüf ki, nəhəng klubların “rənglərinə bağlamaq” istədiyi Qurbanzadə hələ də AFFA-nın, milli məşqçilərinin diqqətindən kənarda qalıb. Yığmalar üçün Türkiyədə, Dağıstanda, İranda futbolçu axtaran funksionerlər, yığma məşqçiləri bu sumqayıtlı balasını, qanı-qanımızdan olan yeniyetmə ilə maraqlanmırlar. Gələcəkdə milli səviyyəsində uğur qazanmaq istəyiriksə, bu gündən Renat kimi qürbətçi-futbolçularımıza sahib çıxmalıyıq.
RƏŞAD
