"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi

3.06.2026 16:03 133
Ölkə futbolu / Aktual
"Biz "Turan Tovuz"a sona qədər inanırıq. Komandamızın qalib gələcəyini, məhkəmənin ədalətli qərar verəcəyini düşünürük. Haqqımızı tələb edəcəyik. Əziyyət çəkib, mübarizə aparıb, zəhmətlə Konfrans Liqasına vəsiqə qazanmışıq və zəhmətimizin yerə vurulmasına imkan verməyəcəyik" - bu sözləri "Football-plus.az"a açıqlamasında "Ultras Turan" fanklubunun rəhbəri Kamal Saqqayev "Turan Tovuz"un Konfrans Liqasında iştirakını bərpa etmək üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciəti ilə bağlı danışarkən bildirib.

Azarkeş qrupunun rəhbəri bu işdə günahkar olanlara da səsləndi:

"Turan" adından çəkinən qüvvələr komandamızın irəli getməsinə imkan vermirlər. 2019-cu ildə baş vermiş məsələni üzərindən illər keçəndən sonra, belə bir dönəmdə qabartmaq yalnız "qara" niyyətlərə işarədi. Zamanında məsələni düzgün yolla həll etməli olduqları halda, indi belə bir addım atılması haqsızlıqdı. Haqqımız olanın arxasınca gedəcəyik".

Xatırladaq ki, UEFA AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürərək "Turan Tovuz"u 2026/27 mövsümündə UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.

MURAD ABDULLAZADƏ