Martın 17-də futzal üzrə ölkə kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib.
“Football-plus.az” xəbər verir ki, “Araz-Naxçıvan” bu mərhələdə ADBTİA ilə üz–üzə gəlib. Nə qədər təəccüblü olsa da, “tələbələr” son illərin dəyişməz çempionunu mübarizədən kənarlaşdırıb. Yığma üzvlərinin yer aldığı kollektivin aşağı dəstədə komandasına yenilməsi nədən qaynaqlanır? Komanda arxayınçılığın qurbanı olub, yoxsa biz bilmədiyimiz başqa səbəb var? Bu suala cavab tapmaq üçün Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqovla əlaqə saxladıq. Klub rəsmisi sensasiya doğuran yenilgi barədə bunları söylədi:
“Millinin oyunundan sonra komandamızın 4 üzvü Polşadan zədəli döndü. Bakıdakı məşqlərdə də iki braziliyalı futzalçımız zədələndi. ADBTİA ilə oyunda demək olar ki, heyətdə futzalçı qalmamışdı. Hətta qapıçımız Cavad Məmmədovun xidmətindən meydan oyunçusu kimi yararlanmaq məcburiyyətində qalmışdıq. Xətai Bağırovun çiyni zədəli olsa da. xahişimizi yerə salmayıb kollektivə kömək etdi. Bütün bunların fonunda uğurlu nəticəyə ümid etmirdik və ehtimallar özünü doğrultdu. Rəqib də zəif deyildi. ADBTİA birinci dəstədə sözünü deyən kollektivlərdən biridi. Normal, balanslaşdırılmış komandadı. Məhz çox sayda futzalçımızın zədələnməsi səbəbindən kubokdan mübarizəni dayandırmalı olduq”.
RƏŞAD