Hər iki futzalçı “Futsal Beşiktaş Gent”lə “1+1” il şərti ilə müqavilə bağlayıb. Yığmanın da şərəfini qoruyan futzalçıların ölkə xaricinə üz tutması, legioner həyatı yaşamaq istəməsi alqışalayiqdi. Ancaq onu da nəzərə almaq lazımdı ki, həm Xətai, həm də İsa “Araz-Naxçıvan”ın aparıcı üzvlərindən sayılırdı. O klubun ki, yeni mövsümdə qarşısına Çempionlar Liqasının “dördlər finalı”nda oynamaq məqsədi qoyub. Bunu “Football-plus.az” saytına açıqlamasında Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov bildirib.
Qarşısına ciddi hədəf qoyan klub aparıcı futzalçılarını niyə belə asanlıqla buraxır? Bu suala cavab tapmaq üçün Mahmud bəylə əlaqə saxladıq:
“Xətai və İsa bu günlərdə mənə yaxınlaşıb Belçikadan təklif aldıqlarını dedilər. Məsələ ilə bağlı klubun prezidenti Zaur Axundovla görüşdüm. Zaur müəllim hər ikisinin Avropaya yollanmasında problem olmadığını söylədi. Onu da bildirim ki, həm Bağırovun, həm də Atayevin “Araz-Naxçıvan”la müqaviləsinin müddəti başa çatıb. Bizdə yeni anlaşmalar avqustun 1-də imzalanır. Hər ikisi azad agent olduğundan Belçika klubu “Araz-Naxçıvan”a təzminat ödəməyəcək. Bildiyim qədər “Futsal Beşiktaş Gent”in prezidenti türk iş adamıdı. Futzalçılarımız həm komandada oynayacaq, həm də onun şirkətində çalışacaqlar. Hər iki futzalçımız ailələri ilə birgə Belçikaya yollanacaqlar”.
RƏŞAD






