“Qarabağ” cari mövsümdə avrokuboklarda möhtəşəm çıxış edir.
Ağdamlılar Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən pley-offa kimi irəliləyib. Qarşıdakı hədəf turnirin qrupudu. Bura isə artıq başqa səviyyədi. Hər baxımdan hazır və yaxşı təşkilatlanmış olmalısan. Təsnifat mərhələsində gördük ki, “Qarabağ” bilet satışını tənzimləyə bilmir. Azarkeşlər və ictimaiyyət narazılıq edir. Bunun səbəblərindən biri Tofiq Bəhramov adına Respublika stadionunda yerlərin sayının az olmasıdı. Çempionun oyunlarına isə maraq olduqca böyükdü. Hamı bilet almaq istəyir. Lakin həm “qara bazar”ın olması, həm də sistemin yaxşı işləməməsi adamlara çoxlu problem yaradır.
“iTicket” şirkətinin direktoru Kamran Abasov qəzetimizə verdiyi müsahibədə turniketlərin olmamasının satışa təsir etdiyini söyləmişdi. Qısaca demişdi ki, matçlar BOS-da keçirilsə, daha yaxşı olar. Sosial şəbəkələrdə də adamlar görüşün bu arenada baş tutmasını istəyir. Görəsən, stadion bu görüşləri qəbul etməyə hazırdı? Çempionlar Liqasının qrup mərhələsində hansısa çətinliklər olmayacaq? Bu istiqamətdə suallarımız çoxdu. Qaranlıq məsələlərə aydınlıq gətirmək üçün BOS-un direktoru Cavid Qarayevlə əlaqə saxladıq.
- "Qarabağ"ın avrokuboklardakı matçlarına maraq böyükdü. Hətta biletlə bağlı problemlər yaranır. Əksəriyyət görüşlərin Olimpiya stadionda keçirilməli olduğunu düşünür. Buna hazırsız?
- Biletlərlə bağlı yaranan problemlərdən mətbuat vasitəsi ilə xəbərdaram. Problem yaranırsa, deməli, tamaşaçıların bu matçlara marağı böyükdü. Oyunların BOS-da keçirilməsinə gəlincə, bununla bağlı bizə rəsmi müraciət olmayıb. Olarsa, peşəkar kollektivimiz, illərlə toplanan təcrübəmizlə töhfə verməyə hazırıq.
- Arenanın ot örtüyünün durumu necədi?
Çempionlar Liqasının oyunları zamanı problem yaşanmayacaq?
- İnfrastruktur olaraq hər şey yaxşı vəziyyətdədi. Onu qeyd edim ki, oyun olsun və ya olmasın, bizdə ot örtüyündən tutmuş, qalan bütün avadanlıqlara müntəzəm qulluq edilir. Bilirsiz ki, hazırda Bakıda isti hava şəraiti hökm sürməkdədi və bu da ot örtüyünün yaşıl qalmasına mənfi təsir edir. Lakin qazonun hibrid texnologiya ilə quraşdırılması və bir neçə gündü xüsusi sərinkeşlə havalandırılması səbəbindən çətinlik çəkmirik.
- Hamı “Koroğlu” metrosundan arenanın qapılarına kimi məsafənin uzaq olduğunu bildirir. Bu problemi həll etməyi düşünürsüz?
- Məsafənin uzaq olması nisbi anlayışdı. Bu kiməsə görə uzun ola bilər, kiməsə görə qısa. Məsafə oyunların təşkilinə problem yaratsaydı, bu illər ərzində mötəbər tədbirləri BOS-a həvalə etməzdilər. Əksinə, məsafənin uzaq olması nəinki problem yaradır, hələ bunu həll edir. Məsafə nə qədər uzanırsa, metrodakı insan izdihamını o qədər nəzarət altına almaq asanlaşır. “Gənclik” metrosu önündəki izdihamı görürsüz, azarkeşlər bəzən maşın yolunu piyada keçməyə cəhd edir, həyatını təhlükəyə atır. Məhz metro qarşısında yaranan izdihamı azaltmaq üçün BOS-un ictimai dayanacağı təşkilatçının ixtiyarına verilir ki, burdan onları metronun müxtəlif stansiyalarına aparmaq üçün avtobuslar fəaliyyət göstərsin.
- "iTicket" şirkətinin rəhbərliyi oyunların BOS-da keçirilməsinin bilet satışı baxımından rahat olduğunu dilə gətirib. "Qarabağ" BOS-u seçsə, azarkeşlərin rahatlığı üçün hansı yeniliklər olacaq?
- AÇ-2020-nin oyunlarından bəri stadionda müasir keçid məntəqələri quraşdırılıb. Bunların bütün şəraitlə təmin edilməsi isə nəinki azarkeşlərin, hətta təşkilatçıların, hüquq-mühafizə orqanlarının və könüllülərin də işini rahatlaşdırır. Stadionumuzda müasir turniketlərin olması da bir başqa üstünlükdü. Düşünürəm ki, "iTicket" rəhbərliyi də bu halları nəzərə alaraq buranın rahatlığından bəhs edib.
- Sentyabrda yığmanın Millətlər Liqasında Qazaxıstanla oyunu var. Həm milli komanda, həm də "Qarabağ" sizə müraciət etsə, bir ayda iki qarşılaşmanı qəbul edə biləcəksiz?
- Hələ ki heç bir oyunla bağlı bizə müraciət edilməyib. AÇ-2020 zamanı 10 günə 3 qarşılamaya evsahibliyi etmişdik. Bizim üçün problem olmayacaq.
İLKİN SULTANLI