Avqustun 24-də birinci divizonda yeni mövsümə start veriləcək.
"Footbal-plus.az" PFL-in yeni vitse-prezidenti Aslan Şahgəldiyevlə qurumun Texniki-İdman şöbəsinin rəhbəri Elgiz Abbasovun Zaqatala, Mingəçevir və İmişli stadionlarına baş çəkdiyini, İmişlidəki arenanın çempionat oyunlarını qəbul etməyə hazır olmadığını üzə çıxardığını xəbər vermişdik. Maraqlıdı, “İmişli” kimi yeni mövsümdən birinci divizionda mübarizə aparacaq “Araz Naxçıvan”ın ev oyunlarını keçirəcəyi stadionda vəziyyət necədi? Görəsən, PFL Muxtar Respublikanın əsas arenasını təftiş edibmi?
Bu suala cavab tapmaq üçün Elgiz Abbasovla əlaqə saxladıq:
“Naxçıvanın böyük futbol ənənələri var. Orda həm SSRİ, həm də müstəqillik dönəmində komanda fəaliyyət göstərib. Bildiyiniz kimi, bu gün “Araz Naxçıvan” rəhbərliyində dəyişiklik olub. Yeni rəhbərlik əsas komanda ilə yanaşı, aşağı yaş qruplarına da xüsusi diqqət ayırmaq istəyir. Bu məqsədlə Naxçıvanda futbol akademiyası yaradılır, infrastruktura diqqət ayrılır. Stadionla bağlı qeydlərimiz qısa vaxtda həllini tapıb. Tablo quraşdırılıb, çəkiliş üçün yer düzəldilib, bəzi otaqlar yenilənib. Ora yekun baxış keçirdik. Həqiqətən görülən işlər bizi məmnun etdi. “Araz Naxçıvan” divizion oyunlarını keçirməyə tam hazırdı. Açığı, bəzi xırda çatışmazlıqlar aradan qaldırılacağı halda, orda premyer-liqa qarşılaşmalarını da keçirmək mümkündü”.
PFL-in şöbə müdiri Naxçıvan futboluna yeni nəfəs gəldiyini də xüsusi vurğuladı:
“Adil Şükürovu akademiyaya rəhbər dəvət edən klub rəhbərliyi uşaq futboluna xüsusi diqqət yetirməyə başlayıb. PRO kateqoriyalı Azər Bağırovun Muxtar Respublikanın əsas komandasının baş məşqçisi olması çox şeydən xəbər verir. Naxçıvanda həm infrasruktura, həm də komandaya peşəkarlıq baxımından yeni nəfəsin gəlməsi alqışalayiq addımdı. Avqustun 24-də keçiriləcək “Araz Naxçıvan” – “Qarabağ-2” matçı üçün arenanın hazır olduğunu demək mümkündü. Aslan müəllimlə birgə Naxçıvan səfərində gördüklərimizdən razı qaldıq”.
RƏŞAD