..Evə gec gəldim. Artıq Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun birinci hissəsi başa çatmaq üzrə idi. Fikirləşdim ki, görəsən, İsveçrə kanallarından hansı bu oyunu verə bilər?
Televizorun qarşısına keçdim və kanalları bir-bir dəyişməyə başladım. Tezliklə bir italyandilli kanalın - RSİ LA 2 - oyunu canlı verdiyini gördüm (xatırladım ki, italyan dili İsveçrənin dörd dövlət dilindən biridi). 1-ci hissənin sonunda “Qarabağ” hesabda 2:0 öndə idi. Əlbəttə, bu hesab əhval-ruhiyyəmi qaldırdı və səbirsizliklə 2-ci hissənin başlamasını gözlədim.
Xatırladım ki, İsveçrənin futbol çempionatı ötən şənbə başlayıb. İlk turdakı gözlənilməz nəticələrdən biri də məhz “Qarabağ”ın rəqibinin - ötən mövsümün çempionu “Sürix”in Berndə “Yanq Boyz”dan aldığı darmadağın olub (0:4). Həmin oyunu ekrandan canlı izləmişdim. “Sürix” həmin gün heç də zəif oynamadı, sadəcə, son 30 dəqiqədə bəxtsizlik sözünü dedi.
Nə isə, gələk bu oyuna. 2-ci hissənin start fiti səsləndi və mən maraqla oyunu izləməyə başladım. İtalyan dilini bilmədiyimdən şərhçinin nə dediyini tam anlamırdım, ancaq şərhçi Tofiq Bəhramovun adını tez-tez çəkirdi. Oyun isə gözlədiyimin tam əksi istiqamətində gedirdi, meydanda dominantlıq edən “Sürix” idi. “Qarabağ” müdafiədə ard-arda səhvlər edirdi, hiss olunurdu ki, qonaqların qolu özünü çox gözlətməyəcək. Medvedevlə Şahruddin bir-birini adi oyun epizodunda anlamır, texnikalı, ancaq ağır Almeyda topa yetişə bilmirdi. Oyun epizodlarına gecikən Kadi, Şeydayev sarı vərəqə alırdılar. Nəhayət, 65-ci dəqiqə - müdafiədə növbəti səhv və qapımıza başla vurulan top. Xatırladım ki, “Sürix” standart vəziyyətlərdən yaxşı istifadə edir, “Qarabağ” cavab görüşündə mütləq bunu nəzərə almalıdı...
Yaxşı ki “Qarabağ” sonda qalib gələ bildi, bu münasibətlə komandanı təbrik edirəm. Ancaq bir top ümumi qələbə üçün yetərli olacaqmı? Düşünürəm ki, hər şeyi Qurbanovun seçdiyi taktika həll edəcək. İnşallah, “Letsiqrund” stadionunda keçiriləcək cavab oyununda “Qarabağ”ı dəstəkləməyə çalışacağıq. “Qarabağ” “Sürix” səddini keçməyə qadirdi, ən azı ona görə ki, İsveçrə çempionatı heç də Polşa çempionatından güclü deyil, yetər ki, taktika düzgün seçilsin və oyunçuların peşəkarlığı lazımı həddə olsun. Uğurlar sənə, doğma şəhərin əziz komandası!
İLHAM RƏSUL, Aarau/İsveçrə
P.S. Oyunu ekrandan izləyərkən qürur duyurdum; hər şey möhtəşəm idi - stadion, tamaşaçılar, komandaya verilən dəstək... Sadəcə, bir şey könül bulandırırdı - oyunboyu stadionda uçuşan plastik paketlər (81-ci dəqiqədə belə paketlərdən üçü ekranda aydın görünürdü).