Xatırladaq ki, “Football-plus.az”a açıqlama verən paytaxt təmsilçisinin prezidenti Yaşar Seyidov 2025/26 “futbol ili”nin əvvəlində klublar arasında müqavila imzalandığını, razılaşmaya əsasən, U-17 və U-19 komandalarının qarşı tərəfin sərəncamına verildiyini demişdi. Axı premyer-liqada olmağın əsas tələblərindən biri də həmin kollektivlərin mövcudluğudu. Düzdü, hər iki klub müqavilənin şərtlərinə əməl edib. Ancaq “Dinamo” “Qarabağ”ın Çempionlar Liqasında qazandığı uğurlara görə premyer-liqa klublarına ödənilən vəsaitdən də pay tələb edir. “Karvan-Yevlax”ın icraçı direktoru Elvin Əjdərli isə saytımıza açıqlamasında “Dinamo”nun tələbinə “yox” cavabı verildiyini demişdi.
Maraqlıdı, bəs, Bakı təmsilçisi bu səbəbdən AFFA-ya və ya UEFA-ya şikayət ünvanlamağı planlaşdırırmı?
Bu sualla Yaşar bəyə müraciət etdik. Onun cavabı:
“Artıq bu barədə AFFA-ya müraciət etmişik. Cavab gözləyirik. Bu dəfə də istədiyimiz cavab gəlməsə, FİFA-nın Mübahisələrin Həlli Palatasına müraciət edəcəyik. Çünki həmin məbləği haqq edirik. Bununla belə, premyer-liqa klublarının əksəriyyətində bizim yetişdirdiyimiz futbolçular oynayır. Amma buna görə yetişdirmə haqqı almamışıq. Həmin pulları da tələb edirik. Deyirlər ki, gedib hara istəyirsiz, şikayət edin. Bu məsələylə bağlı da AFFA-ya müraciət etmişik”.
KƏNAN BAHADIR





