KuPS Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəyi cavab oyunu ərəfəsində vacib məlumat paylaşıb.
“Football-plus.az” klubun rəsmi saytına istinadla xəbər verir ki, Finlandiya təmsilçisi evdə qələbə qazanmaq arzusunda olduğunu bildirib. Qeyd edilib ki, meydan sahibləri ən pis halda matçı əlavə vaxta qədər uzatmaq niyyətindədilər. Klub azarkeşlərindən planlarını bu ehtimala uyğun qurmalarını xahiş edib.
Həmçinin matçdan əvvəl konsert olacaq. “Pyykkö, Kallio & Hoffren Unplugged” qrupu canlı musiqi ilə azarkeşlərin önünə çıxacaq. KuPS-un mətbuat xidməti onu da yazıb ki, oyun üçün bir neçə yüz bilet hələ sahibini tapmayıb.
Xatırladaq ki, oyunun keçiriləcəyi “Vare Arena” 5000 tamaşaçı tutumuna malikdi. “Sabah”ı səfər matçında təxminən 50 tərəfdar dəstəkləyəcək.
KƏNAN BAHADIR